”Əli Həsənovun yoxsulluq barədə dedikləri absurddur”

İqtisadçılar baş nazirin müavininin sözlərini ”atəşə” tutdular

Source:


İqtisadçılar baş nazirin müavininin sözlərini ”atəşə” tutdular

Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “2020-ci ildə yoxsulluq sıfra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq”

açıqlaması

gündəmin əsas müzakirəsinə çevrilib.

Əli Həsənov fikrini isbatlamaq üçün bildirib ki, bu gün ümumdaxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür:

“İki ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Son 14 ildə Azərbaycanın inkişafı təmin olunub. 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq”.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev təəssüflənib ki, baş nazirin müavini Əli Həsənov həmişə olduğu kimi yalan statistika ilə ictimaiyyəti aldadır.

“Ümumiyyətlə, hakim komanda üzvləri 5 faiz yoxsulluq deyəndə, onlar 250 min işsiz və bir o qədər də yoxsul olduğunu nəzərdə tuturlar. Elə bu yaxınlarda Dövlət Statistika Komitəsinə istinadən bildirmişdim ki, ölkədə azı 1 milyon işsiz var”.

Nemət Əliyev

N.Əliyev qeyd edib ki, hökumətin 2015-ci ildə həyata keçirdiyi iki devalvasiya qərarı xalqı müflisləşdirdi.

“İnsanların banklara çoxlu borcları yarandı, iş yerləri bağlandı, ixtisarlar oldu, ardınca bazarlarda bahalaşma sürətləndi və bunlar əhalinin gəlirlərinin artım tempini azaltdı”.

O, vurğulayıb ki, iqtisadiyyatı az-çox bilən hər kəsə bəllidir ki, əgər qiymətlər gəlirlərin artım tempini üstələyirsə, bu, birmənalı şəkildə əhalinin həyat səviyyəsinin pisləşməsi və yoxsulluq səviyyəsinin artması anlamına gəlir.

“Devalvasiyadan əvvəl də Əli Həsənovun təmsil etdiyi hökumət 5 faiz yoxsulluğun olduğunu elan etmişdi, indi də həmin bəyanatı təkrar edirlər. Bu, artıq hakim komanda üzvlərinin yalan danışdığını təsdiqləyən faktdır”.

Qadir İbrahimli

İqtisadçı Qadir İbrahimli Meydan TV-yə yoxsulluğun sıfırlanması praktikasının dünyanın heç bir ölkəsində olmadığını bildirib:

“Çünki yoxsulluq bir çox hallarda insan iradəsindən kənarda baş verən prosesdir. Məsələn, birinci qrup əlil, yaxud ailə başçısını itirən, himayəsində üç uşaq olan qadın yoxsulluqdan necə çıxa bilər? Elə şərtlər var ki, yoxsulluq problemini sonsuza qədər qaçılmaz edir. Nə qədər dünya və dövlətlər var, yoxsulluq problemi də qalacaq. İqtisadçı alimlər də yoxsulluğun sıfırlanması barədə susurlar”.

İqtisadçı deyib ki, Avropa standartları ilə götürsək, Azərbaycanda yoxsulluq həddi 60 faizdən az deyil.

“Avropa standartlarında yoxsul o təbəqə sayılır ki, həmin şəxslərin bahalı sosial xidmətlərə çıxışı olmasın. Azərbaycan reallığında bunu belə müqayisə etmək olar –  xəstələnən vətəndaş Mərkəzi Klinik Xəstəxanaya müraciət etmək imkanında olmur, yaxud ailə övladını BDU-nun ödənişli fakültəsində oxuda bilmir. Bu, artıq Avropa standartlarında yoxsul sayılır və belə adamlar yoxsullar üçün yardım proqramlarına daxil edilir”.

İqtisadçı Azər Mehtiyev isə hesab edir ki, Əli Həsənovun bəyanatı şərh alınası bir şey deyil.

Azər Mehtiyev

“Əslində, jurnalist baş nazirə sual verməliydi ki, yoxsulluq deyəndə, nə başa düşür. Əgər Dünya Bankının hesabatları əsasında qiymətləndirmə aparılsa, yoxsulluğun bir neçə səviyyəsi ortaya çıxacaq. Birinci, gündəlik gəliri 5 dollardan az olan adam yoxsuldur. Həm də dünyanın heç bir yerində yoxsulluq tamamilə aradan qaldırılmayıb. Ölkələrin inkişaf səviyyəsi artdıqca yoxsulluğun səviyyəsini ölçən meyarlar da dəyişilir. Əslində, Əli Həsənovun dedikləri absurddur, çünki Azərbaycan kimi iqtisadi böhranın içində olan ölkədə 2 ildən sonra yoxsulluğun qalmayacağını söyləmək populizmdir”.

Ana səhifəXəbərlər”Əli Həsənovun yoxsulluq barədə dedikləri absurddur”