“Hazırda “Araz” radiosunun təhvil-təslimi gedir”
“Mənim oğlumun şirkəti yoxdur. Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib. Yalnız “Araz” radiosu qalıb ki, onun da təhvil-təslimi gedir”.
Bunu “Demokrat.az” portalına müsahibədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov deyib.
Bir müddət əvvəl KİV onun ailəsinə məxsus şirkətlərin 208 min manatdan çox vergi borcu olduğu barədə
məlumat
yayıb.
Əli Həsənov bildirib ki, adıçəkilən şirkətlərin rəhbəri Elnur Əliyevdir və bütün suallar ona ünvanlanmalıdır.
“Mən hansısa şirkətin vergi borcu barədə niyə cavab verməliyəm? O şirkətin rəhbəri var, siz də zəng edib öyrənin ki, “Kaspi” liseyinin rəhbəri kimdir. Dövlətə vergi borcunun olması barədə onlara müraciət edin. Onlardan cavabınızı alıb verin. Yoxsa ki, mən şirkət, lisey idarə etmirəm, bizneslə məşğul olmuram”, – Əli Həsənov deyib.
O, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin də yoldaşı Sona Vəliyevaya aidiyyatı olmadığını deyib.
“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Elnur Əliyevdir. Vikipediyada çox şey yazıla bilər”, – Əli Həsənov deyib.