”Əli Həsənov hardan bilir ki, turistlərin neçə faizi ”Formula 1” yarışmasına görə Bakıya gəliblər?”

O deyib ki, bəli, xərclər bəllidir, onmilyonlarla vəsait ayrılıb, amma gəlir hissəsi dolayı ola bilər.

Source: Foto: google.az


Natiq Cəfərli: ''Əli müəllim gəlirlərin mənbəyini açıqlasın''

Bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür.

Bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü” adlı məqaləsində bəyan edib.

Əli Həsənov AXCP sədri Əli Kərimlinin “Formula 1” yarışları barədə yazıdqlarına etiraz edib.

Onun sözlərinə görə, “Formula 1” onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir.

“Deməli, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür. Əminəm ki, yüksək əmək haqqı alan mindən artıq insan, onların ailə üzvləri heç də Əli Kərimlinin bədbin iddialarını bölüşmürlər”.

Onun fikrincə, yarışmanı maraqla izləyən on minlərlə vətəndaşımız da bu idman bayramından böyük zövq alır və heç də müvəqqəti tıxac haqqında düşünmür.

Əli Həsənov statistikaya istinadən, yazıb ki, 2018-ci ildə “Formula 1” Azərbaycan Qran Prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib.

“Müxalifətin əsəbi gərginliyini və bu qədər sərt reaksiyasını başa düşmək olar. Bu rəqəm “Məhsul” stadionuna toplaşanların sayından ən azı 30 dəfə çoxdur. Statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb. İldən-ilə Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub. Lakin bu, nisbi göstəricidir. Bütün dünyaya nümayiş etdirilən Qran Prinin milyonlarla izləyicisi Bakının gözəlliyini seyr edir və onların bir qismi növbəti illərdə ölkəmizə turist kimi səfər edirlər. 2016-cı ildə ilk Formula 1-in şərtləri açıqlananda müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı ödənilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi”.

Ə.Həsənov “PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrini əsdas gətirərək yazıb ki, ilk iki “Formula 1” yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib.

“Yəni yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərcləri-müvafıq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ili həyata keçirilir, sonrakı illər xərclər get-gedə azalır. Demək, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaq”.

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində Əli Həsənova cavab verib.

O, Əli Həsənovun “Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth etmişik” fikrini sitat gətirərək qeydlərini əlavə edib:

Əli Kərimli
Əli Kərimli

“Adambaşına düşən siyasi məhbus sayına görə dünya birincisi; Mediya azadlığına görə dünyada 166-cı yer; Korrupsiya indeksinə görə 152-ci yer (dünyanın ən korrupsiyalaşmış 28 ölkəsindən biri): Dünyada adambaşına ayrılan səhiyyə xərclərinə görə ən pis göstəricisi olan 10 ölkədən biri (10-luqdakı qonşularımız Eritriya, Suriya, Liviya, Yəmən və s.): Avropa Şurasının dövlət səviyyəsində korrupsiyası haqda xüsusi qətnamə qəbul etdiyi yeganə ölkə olmaq “yüksəkliyi”: İşgəncəni dövlət siyasəti olaraq davam etdirən, məhkəmə hökmü olmadan ölüm hökmü verib icra etdirən bir neçə ölkədən biri olmaq “yüksəkliyi”: Ata-oğul hakimiyyəti dövründə ölkə əhalisinin 30-40 faizinin ölkədən didərgin salınması “yüksəkliyi””.

ReAL Partiyasının Məclis üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-ə şərhində “Formula 1” yarışının kifayət qədər izlənildiyini və bunun mübahisə predmeti olmadığını bildirib.

Amma iqtisadçı “Formula 1” yarışının ən çox izlənilən yarış olmadığını da əlavə edib:

“İdman yarışları sırasında ən çox izlənilən futbol üzrə dünya və Avropa çempionatlarıdır. Buranın auditoriyası 3 milyard nəfərə yaxın olur. İkinci yerdə olimpiada gəlir, təxminən 1,5 milyarda yaxın izləyicisi var. Sonrakı yerlərdə basketbol və digər idman növləri gəlir. 450-500 min civarında insan da “Formula 1” yarışmasını izləyir”.

Natiq Cəfərli “PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin araşdırmasının suallar doğurduğunu bildirib:

“Bu rəqəm 300, yaxud 500 milyon dollar da ola bilər. Amma hər hansı rəqəmin iqtisadi əsaslandırılması olmalıdır. Şirkət hansı əsaslandırmalarla hesablama aparıb, hansı hissələri gəlir sayılır? Hörmətli Əli Həsənov nə bilir ki, bir həftədə ölkəyə gələcək turistlərin neçə faizi məhz “Formula 1” yarışı üçün gəlir? Axı hava limanında, yaxud dəmiryol vağzalında ölkəyə daxil olan insanlar səfərlərinin səbəbini açıqlamırlar. Yeri gəlmişkən, Azərbaycana gələn turistlərin sayında bu ilin ilk 3 ayında 14 faiz azalma var. Bu, onu göstərir ki, təkcə idman yarışları və ya piar aksiyalarla ölkəyə turist cəlb etmək mümkünsüzdür”.

Natiq Cəfərli
Natiq Cəfərli

O deyib ki, bəli, xərclər bəllidir, onmilyonlarla vəsait ayrılıb, amma gəlir hissəsi dolayı ola bilər.

“Məsələn, turistlər hotellərdə qalırlar, restoranlarda nahar edirlər. Bu obyektlərin turistlərdən qazandıqları vəsaitin bir qismi vergi şəklində büdcəyə daxil lolur. İnanmıram ki, “Formula 1” yarışlarında az qala 300 milyon dollara yaxın vergi ödənişlərində artım olsun. Əslində, vergi ödənişlərinin özünün strukturuna baxdıqda görünür ki, ötən illə bu il arasında təqribən 150-200 milyon manata yaxın azalma olacaq. Yaxşı olar ki, hörmətli Əli müəllim gəlirlərin mənbəyini açıqlasın, o zaman normal araşdırma demək mümkündür”.

Ana səhifəXəbərlər”Əli Həsənov hardan bilir ki, turistlərin neçə faizi ”Formula 1” yarışmasına görə Bakıya gəliblər?”