Əli Həsənov: Cəmiyyətdən gələn sosial sifarişlər referendumu zəruri edir

Azər Qasımlı: “İqtisadi böhranın, manatın sürətlə dəyərdən düşməsinin qarşısını almaq kimi sosial sifarişləri yerinə yetirsinlər”

Source:


Azər Qasımlı: “İqtisadi böhranın, manatın sürətlə dəyərdən düşməsinin qarşısını almaq kimi sosial sifarişləri yerinə yetirsinlər”

“Bu ilin oktyabr ayında Azərbaycanda ölkə müstəqilliyinin 25-ci ili qeyd olunacaq. Bu müddətdə Azərbaycan xeyli inkişaf edib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

Ə.Həsənov xatırladıb, ki, Azərbaycan Respublikasının Konstitusiyasına iki dəfə dəyişiklik edilib: “Bu, 2002 və 2009-cü illərdə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə üçüncü dəyişikliyin edilməsi üçün Referendum Aktı layihəsi təqdim olundu. Qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər referendumu zəruri edir”.

Prezidentin köməkçisi bildirib ki, Referendum Aktını ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır: “Dəyişikliklər dövlət orqanlarının fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə xidmət edir”.

Azər Qasımlı

“Respublikaçı Alternativ” (ReAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı isə Ə.Həsənovun referenduma dair söylədiyi fikirlərə etirazını bildirib: “Cəmiyyətdən sifariş varsa, bunu əyani şəkildə göstərmək lazımdır. Əgər dünən və bu gün referenduma çıxarılan dəyişikliklərlə bağlı heç bir ictimai müzakirə yoxdursa, hansı ictimai zərurətdən danışmaq olar? Cəmiyyətin referendum haqqında məlumatı yoxdur, qaldı ki, referenduma çıxarılan dəyişikliklərdən xəbəri olsun”.

A.Qasımlı qeyd edib ki, Azərbaycan cəmiyyətinin iqtisadi böhranın, manatın sürətlə dəyərdən düşməsinin qarşısını almaq, korrupsiya və məhkəmələrdə ədalətsizliyi yox etmək kimi sifarişi var: “Bu sifarişi yerinə yetirsinlər”.

“Referenduma çıxarılan dəyişikliklər isə bu problemləri nəinki həll edəcək, əksinə, yeni problemlər yaradacaq. Çünki konstitusiya dəyişikliklərinin yeganə məqsədi formalaşan iqtisadi-siyasi sistemi saxlamaq, bu sistemə xidmət edən və bu vəziyyətdən yararlanan Əli Həsənov kimilərin hakimiyyətini möhkəmləndirməkdən ibarətdir”,- deyə A.Qasımlı bildirib.

Ana səhifəXəbərlərƏli Həsənov: Cəmiyyətdən gələn sosial sifarişlər referendumu zəruri edir