Əli Həsənov bəzi müxalifət partiyalarının liderləri ilə görüşür (yenilənib)

“Görüş zamanı istənilən mövzu müzakirə oluna bilər, irəli sürülən təkliflər dövlət başçısına təqdim olunacaq”

Source:


14.00.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun 17 siyasi partiyanın rəhbəri ilə üç saatlıq görüşünün yekunlarına əsasən bu məsləhətləşmələrin davam etdirilməsi və onların formatının genişləndirilməsi qərara alınıb.

Ə.Həsənov jurnalistlərə bildirib ki, görüşdə “partiyaları və vətəndaşları narahat edən” ictimai-siyasi, sosial-iqtisadi məsələlər, xarici siyasət və beynəlxalq münasibətlər müzakirə olunub.

Görüş zamanı həbs olunan şəxslərin məsələsi qaldırılıb, seçki və seçki komissiyaları mövzusuna toxunulub.

Ə.Həsənovun sözlərinə görə, siyasi partiyalar onların fəaliyyətinin dövlət tərəfindən maliyyələşdirilmsi, mənzil-qərargahla təmin edilməsi, həmçinin KİV-in sərbəst fəaliyyəti üçün şəraitin yaradılması məsələsini qaldırıblar.

Ümid Partiyasının rəhbəri, deputat İqbal Ağazadə görüşü “ilk addım” adlandırıb.

İndi söz hakimiyyətindir. Siyasi məhbuslar probleminin həlli, Seçki Məcəlləsində islahatlar üzrə addımlar atılmalıdır.

İ.Ağazadə təəssüflə bildirib ki, görüş zamanı bəzi partiyalar öz mövqelərini aydın izah edə, nə istədiklərini açıqlaya bilməyiblər.

Cəmiyyətdə çəkisi olan digər müxalifət partiyalarının da dialoqa cəlb olunması təklif edilib.

Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu qeyd edib ki, bu, sadəcə görüşdür. Bu prosesin dialoq olub-olmayacağı hakimiyyətin cəmiyyəti narahat edən problemlərin həllinə hazır olub-olmamasından asılı olacaq.

Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu görüşü “birinci dəfə üçün normal” adlandırıb.

Belə görüşlərin nəticələrinə əsasən cəmiyyəti narahat edən məsələlər tədricən həll oluna bilər.

O, həmin görüşlərdə mövcud problemlərin həlli yolları barədə ümumi rəyin ortaya qoyulması üçün bütün müxalifət qüvvələrinin belə görüşlərdə iştirakına tərəfdar olduğunu bildirib.

Növbəti görüşün tarixi açıqlanmayıb.


“Görüş zamanı istənilən mövzu müzakirə oluna bilər, irəli sürülən təkliflər dövlət başçısına təqdim olunacaq”

Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının rəhbəri Əli Həsənov 15 siyasi partiyanın lideri ilə görüşüb. Bu görüş hakimiyyət tərəfindən müxalifətlə dialoq kimi təqdim olunur.

Görüşün əvvəlində Ə.Həsənov belə görüşün vacibliyini qeyd edib. Onun sözlərinə görə, “partiya və vətəndaş cəmiyyəti ilə işləyən” hakimiyyət güclüdür.

O deyib ki, görüş zamanı istənilən mövzu müzakirə oluna bilər. İrəli sürülən təkliflər dövlət başçısına təqdim olunacaq. Sonra görüş mətbuatın iştirakı olmadan keçiriləcək.

Bundan əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Turan İA”-a  bildirib ki, görüşün əsas mövzularından biri siyasi məhbuslar problemi olacaq.

Görüşdə Demokrat, Ümid, Azadlıq, Aydınlar, Liberal-Demokrat, Böyük Azərbaycan, Böyük Quruluş, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi, Milli İstiqlal, Vahid Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Vəhdət, Kommunist, Milli Dirçəliş Hərəkatı partiyalarının rəhbərləri iştirak edirlər. Görüşün təşəbbüsçüsü partiyaların özləridir.

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı “Turan İA”-a bildirib ki, partiya belə görüşün təşkili ilə bağlı müraciət etməyib, odur ki, görüşdə iştirak etməyəcək.

AXCP Ali Məclisinin üzvü Həsən Kərimov isə “Turan İA”-a bildirib ki, belə görüşlərdə iştirakı mənasız hesab edir.

Ana səhifəXəbərlərƏli Həsənov bəzi müxalifət partiyalarının liderləri ilə görüşür (yenilənib)