Əli Əkbər yeni romanının Azərbaycan dilində nəşrinə qoyduğu qadağa barədə danışdı

Romanın məzmunu bilinsə, onu Azərbaycanda yaymağa heç kəsin cürəti çatmaz…

Source:

Azərbaycanlı yazar Əli Əkbərin yeni romanının Alman dilində çıxacağı və müəllifin əsərin Azərbaycanda və Azərbaycan dilində çapına qadağa qoyması barədə məlumat sosial şəbəkələrdə bir mənalı qarşılanmayıb. Bir çox insan yazarı buna görə qınayıb. Məsələyə aydınlıq gətirmək üçün biz Əli Əkbərlə əlaqə saxladıq. Yazıçının məsələyə münasibəti belə oldu:

“Biz bunu Əkrəm Əylisli hadisəsində gördük. İcazəsi olmadan, Daş yuxuları azərbaycan dilinə tərcümə edib həyasızca yaydılar. Yazıçı qaldı yana yana. Bundan böyük təhqir oıa bilərmi? İndi taxılıblar “Die Kreuzung”un “Azərbaycanda tərcüməsi və nəşri qadağan edilir” şərtinə.

Bu o deməkdir ki, kitabın orijinalı məndədir. Tərcümə edilə bilməz. Deməli, nəşri və yayımı da müəllifin və nəşriyyatın razılığı olmadan qadağandır. Kitabın üzərində bütün təsərrüfat hüquqları məndə və KaMeRu nəşriyyatındadır. Qeyri-adi nə var bu işdə?

Hazırda, Azərbaycanda mənim şərtlərimlə razılaşacaq və mənim axtardığım meyarlarda nəşriyyat yoxdur. Mən isə yalnız müəyyən kriterlərə cavab verən nəşriyyatlarla işləyirəm. Qaldı ki, romanın məzmunu bilinsə, onu Azərbaycanda yaymağa heç kəsin cürəti çatmaz.

Bu söz-söhbətlər bir gerçəyi də gün üzünə çıxardı – uzağı iki min nəfərlik oxucu auditoriyası və on minlərlə oxumadan təhqir edənləri olan yazıçı, öz kitabını nəşr edərək çoxluğu qıcıqlandırmaq istəmədiyinə görə qınanır.

Mənə nə zamandan hörmət qoyan, yazıçı sayan, dəyər verən oldunuz? Bəs axı mən sizə layiq deyildim. Əxlaqsız, pozğun, istedadı sıfır bir adam idim. İndi nə dəyişdi?

Əlbəttə nə zamansa Azərbaycanda da oxuyacaqlar romanı. Ola bilsin Amazon üzərindən, elektron formatda, pulunu ödəməklə.

Bu işlər belədir indi.”

Ana səhifəXəbərlərƏli Əkbər yeni romanının Azərbaycan dilində nəşrinə qoyduğu qadağa barədə danışdı