“Yeni Azərbaycan Partiyası Azərbaycanda yeganə partiyadır ki, xalqın istəyi ilə yaranıb. Bu partiyadan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”.
Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
APA yazır ki, o, partiyanın yaranmasının 24 illiyi münasibəti ilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə çıxış edib.
Ə.Əhmədov qeyd edib ki, YAP-ın yaranmasına səbəb ötən əsrin 90-cı illərinin əvvəlində xalqın düşdüyü bəladan çıxış yolu axtarması, tez-tez dəyişən iqtidardan nizamlı bir quruluşa keçid etmək cəhdi olub.
“Xalqa xilaskar lazım idi və bu da ulu öndər Heydər Əliyev idi. Xalqa onu irəliyə apara biləcək siyasi təşkilat lazım idi ki, bu da ulu öndərin yaratdığı YAP oldu. Burada şəxsiyyət amili də əsas rol oynayırdı. Məhz bu partiyanın yaranması üçün xalq Heydər Əliyevə müraciət etdi”, o, deyib.
Ə.Əhmədovun sözlərinə görə, 1992-93-cü illərdəki vəziyyəti “bugünkü yüksəklikdən baxıb təsəvvür etmək çətindir”.
“O dövrdə hərc-mərcliyə son qoyulmağı, iqtisadiyyatda baş verən tənəzzülün qarşısını alıb islahatlara başlamağı, Ermənistanın işğalının qarşısını almağı, ayrı-ayrı silahlı dəstələrin fəaliyyətinə son qoymağı xalq məhz Heydər Əliyevin şəxsiyyəti ətrafında görürdü və seçimini də düz etdi”.
YAP rəsmi bilgilərdə Azərbaycanın ən böyük siyasi partiyası hesab olunur. 2015-ci ildə keçirilən son parlament seçkilərdə bu partiyanın böyük üstünlük qazanaraq 70-dən çox mandata yiyələndiyi açıqlanıb. Ancaq müxalifət seçkilərdə total saxtakarlığa yol verdiyini bildirərək onun nəticələrini tanımır.
Partiyanın əsasını 1992-ci ildə mərhum prezident Heydər Əliyev qoyub. 2003-cü ildən bəri partiyanın sədri prezident İlham Əliyevdir.