***
Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi məhkəmədə 163 milyon manat dəyərində mülki iddia qaldırıb
Günün ikinci yarısında keçirilən prosesdə Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək Ə.Abbasov və onun müavini İ.Məmmədovun məhkəmədə dindirilmə tələbinin rədd edilməsini deyib.
Bildirib ki, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi məhkəmədə 163 milyon manat dəyərində mülki iddia qaldırıb.
Məhkəmə vəsatətlərin heç birin təmin etməyib.
Məhkəmənin baxış iclası noyabrın 25-nə təyin edilib.
***
Keçmiş nazirin adı şahidlər siyahısından çıxarılıb
Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitə İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov və digərlərinin məhkəmə prosesi davam edib.
Meydan TV-nin məlumatına görə, iclasa hakim Əfqan Hacıyev sədrlik edib. Hazırlıq iclasında V. Zeynalovun vəkilləri çıxış edərək bildiriblər ki, V. Zeynalovun özünün və qohumlarının əmlaklarına həbs qoyulub: “Babası tərəfindən 1941-ci ildə tikilən evə belə həbs qoyublar. Bu, düzgün deyil. Oğlu İqtisad Universitetində işləyir və ona universitet işçiləri üçün tikilən binadan birotaqlı ev verilib. Ona da həbs qoyulub”.
Vəkillər bildiriblər ki, keçmiş nazir Əli Abbasov və müavini İltimas Məmmədov istintaq zamanı dindirilsələr də, məhkəməyə çağrılan şahidlərin siyahısında adları yoxdur. Vəkillər onların dindirilməsini və V.Zeynalovun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər. Bildirilib ki, Ə.Abbasov tərəfindən istintaq zamanı nazirlikdə törədilmiş qanunsuzluqla əlaqədar olaraq vurulmuş ziyan üzrə 6.836.540 manat ödəniş edilib. Digər təqsirləndirilənlərin vəkilləri isə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş ediblər. Proses günün ikinci yarsında davam edəcək.
Təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. B.Hüseynov və digərləri Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən və E.Mahmudov işdən çıxarılandan sonra həbs olunublar.
İttiham aktında qeyd edilib ki, B.Hüseynov 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, onun mühasibi Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Vidadi Zeynalov, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, Səhrab Hümbətov ittiham olunurlar.