Elgiz Eynşteyni döyər

Alın yazısına inanmayanları itin müvafiq yerinə…

Source:

Əliyevlərin telekanallarından birində hansısa “ulduz müğənni”dən Eynşteynin kim olduğunu soruşublar, o da cavab verib ki, “mən nə bilim kimdir? Ada bax: Eynşteyn. Belə də ad olar?”.

İndi sosial şəbəkələrdə-zadda hamı düşüb bu müğənniciyəzin üstünə, sağdan-soldan qabırğasına döşəməklə məşğuldur, guya dəhşətli biabırçılıq-zad baş verib. Elgizi dəyərə çevirənlərin ölkəsində Eynşteyni tanımamaqdan təbii, məntiqəuyğun nə ola bilər?!

Ümumiyyətlə, axı o müğənni niyə Eynşteyni tanımalıdır? Ona lazımdır üç-beş “bezdarnı”, əttökən mahnı əzbərləsin, camaat da onu başının üstündə saxlasın, ətək-ətək pul töküb oğul-uşaq toylarına çağırsın, düşük şou-proqramlarda onun saçyoldularını izləsin, kimdən boşanıb kiminlə evləndiyini əzbərləsin.

Gəlin açıq danışaq: həmin müğənniciyəz bir balaca vəzifə sahibi olsa, cibində deputat mandatı gəzdirsə və yenə Eynşteyni tanımadığını desə, indi onun ünvanına deyilənlərin mində birini söyləməyə nə qədər adamın cəsarəti çatacaqdı?

Bir neçə il əvvəl bir qrup gənc yığışıb, Çe Gevaranın ad gününü qeyd etmək istəmişdi, polislər gəlib tədbiri dağıtmışdı. O vaxt bu barədə Prezident Administrasiyasının şöbə müdiri, üstəlik, ixtisasca allah qoymasa tarixçi olan Əli Həsənovdan soruşanda o

Çe Gevaranı tanımadığını, adını ilk dəfə eşitdiyini deməmişdimi?

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov “XX əsr”-i “İks-iks əsri” oxumamışdımı? Və indi onun “işgəncə laboratoriyası”nda uğurla sınaqdan çıxardığı repressiya metodlarını yaptokratik rejim bütün ölkədə tətbiq etməklə məşğul deyilmi?

Keçənlərdə rayonlardan birinin icra başçısı ilə bağlı olmuş əhvalat yayıldı. Bu icra başçısının rəhbərlik etdiyi rayonla bağlı youtube-də hansısa tənqidi videomaterial yayılır, o da götürüb Bakıya – salam-əleyki olduğu jurnalistlərdən birinə zəng edir, ondan youtube-nin baş redaktorunun nömrəsini tapmağı xahiş edir. Özünü güclə ələ alan həmkarımız “müəllim, o Amerikadadır” dediyi zaman bu dəfə həmin icra başçısı “bəlkə nömrəsi rouminqdi, sən göndər mən zəng edim, deyim o videonu çıxarsın” deyir.

Yaxşı bütün bunlardan sonra hansısa “palatka” müğənnisinin Eynşteyni tanımamasında nə qəbahət var? Ən əsası, həmin müğənnini buna görə yerdən-yerə vuranlar eyni cəsarəti yuxarıda sadaladığımız nümunələr zamanı da göstəriblərmi, ümumiyyətlə, göstərə bilərlərmi?

İşin başqa tərəfi də var. Sanki ölkədə hətta elmlər namizədi, elmlər doktoru olanların nə qədəri Eynşteyni tanıyır? Adını eşitmiş ola bilərlər. Amma nə işlə məğul olduğundan nə qədəri məlumatlıdır?

Bir dəfə toyların birində belə bir hadisənin şahidi oldum: söz verildi Elmlər Akademiyasında işləyən, ortayaşlı bir “alim”ə. Tamada bunu təntənə ilə təqdim edib sonra mikrafonu uzatdı ona. “Alim” bəy-gəlini təbrik edib, onların valideynlərinə gözaydınlığı verəndən sonra qəfil söhbəti alın yazısının üstünə gətirdi, alın yazısına inanmayanları itin müvafiq yerinə salıb çıxardı, alnımıza nə yazılıbsa, onun olacağını dedi. Dəhşətli mənzərə idi, əlbəttə, anlayanlar üçün. Alim alın yazısından danışır. Bundan faciəvi nə ola bilər? İndi həmin “alim” hətta lap Eynşteyni tanısa belə, bu, nəyi dəyişir? “Alim”ın alın yazısından basıb-bağladığı yerdə kim və nə üçün Eynşteyn-meynşteyn hərləməlidir?

Unutdunuzmu, bu ölkədə Akademiya işçilərindən biri mələyin uçma sürətini hesablaması ilə fəxr etmirdimi?. Başqa biri bir falçı xanımın 70 cür xəstəliyi sağalda bilməsi barədə palaz boyda yazı qaralayıb, onun fövqəlmöcüzəni bütün dünyaya göstərməyin vaxtı çatdığından bəhs etməmişdimi?

Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutunun şöbə müdiri professor Inqilab Kərimov vəfat etdikdən sonra onun yerinə şoumen Qorxmaz Əlilinin təyin olunmasını unudubsunuzmu?

Başqa bir alim isə Harun Yahya kimi tanınan Adnan Oktar adlı adlı bir fırıldaqçının Darvinin təkamül nəzəriyyəsini darmadağın etməsi haqda məqalə yazmışdı. İndi həbsdə olan falçı, “Etiraf” verilişi ilə xalqımızın qəlbini fəth edən İlham Mirzəyevin iş yerlərindən biri Elmlər Akademiyası deyildimi? Bu ölkədə Görücü Məlahət haqqında kitabı elmlər doktoru yazmayıbmı?

“Elm” adına bütün bu rəzalətlərin yaşandığı halda sizin dərdinizə baxın: filan müğənni hansısa böyük alimi niyə tanımır? Niyə tanısın axı? Bu ona hansı üstünlük qazandıra, hansı fayda gətirə bilər? Bəlkə “toy tutmağa” kömək edəcək? Bəlkə Eynşteyn gəlib bu müğənniciyəzə sponsorluq edəcək, klip çəkdirəcək?

Bəsdirin siz allah! Ölkədə odu söndürüblər, siz də oturub külüynən oynayırsınız. Səbəbləri qoyub, nəticələrlə vuruşursunuz.

Azərbaycanda kitabın, təhsilin, elmin, bilginin qiyməti, hörməti ortadadır. Onlar aclıqla, pulsuzluqla assosiasiya olunurlar. Yüksəlmək, karyera, komfort sahibi olmaq üçün heç bir əhəmiyyət daşımırlar. Əvəzində bayağılıq, şitlik, əttökənlik, nadanlıq, yaltaqlıq sənin üzünə istənilən qapını aça bilər.

Dərd budur.

Bəla budur.

Ağrı budur.

Gerisi əfsanə söhbətdir, filfilodur.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəElgiz Eynşteyni döyər