”Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik edilir
Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik müzakirə olunub.
Layihəyə əsasən, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddə çıxarılır. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilir.
Müzakirələrdə çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, televiziya və radio olduqca strateji sahədir, bu baxımdan dəyişikliklərin edilməsi doğru addımdır.
Layihə səsə qoyularaq qəbul olunub.
Layihəni Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, sənədin qəbulu teleradio sektorunda liberallaşma gözləntilərinin mənasız olduğunu göstərir: “Onsuz da Azərbaycanda televiziya və radio fəaliyyəti lisenziyalaşan və dövlət nəzarətində olan sferadır. Telekommunikasiya haqqında qanunvericilikdə göstərilirdi ki, teleradio məqsədilə istifadə olunan tezliklərin istifadəsi sivil məqsədlə müvafiq dövlət qurumuna verilir. Beləliklə, bu, dövlət yox, ictimai əhəmiyyətli məsələ kimi ictimai resurslar kateqoriyasına daxil edilirdi”.
Hüquqşünas hesab edir ki, indiki məqamda tezlikləri xüsusi qoruma altına alma medianın çox ciddi şəkildə dövlət nəzarəti altında qaldığını göstərir:
“Bu gün onlayn media istisna olmaqla teleradio sferası informasiya çəkisində təxminən 50 faizdən yuxarı nəticədədır. Bu halda teleradionun xüsusi qoruma altına alınması və liberallaşmasından imtinası, xüsusən rəqəmsal yayıma keçməklə yaranacaq tezlik bolluğu müəyyən problemlərə yol açacaq. Yəni boşalan tezliklərin səmərəli istifadəsi yenə də olmayacaq. Məsələn, Hacıqabulda artıq erməni radiosunu eşitmək olur, bu, o deməkdir ki, tezliklər boşalanda belə vəziyyət yaranır”.