Eldar Mahmudovun xalası oğlu da əfv olundu

2015-ci ildə həbs olunan Beytulla Hüseynov azadlığa çıxacaq

Source: google.az

2015-ci ildə həbs olunan Beytulla Hüseynov azadlığa çıxacaq

Prezident İlham Əliyevin martın 16-da imzaladığı

Əfv sərəncamı

ilə azadlığa buraxılanlar arasında “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov da var. O, həm də keçmiş milli təhlükəsizlik nazirinin xalası oğludur. Onu bu vəzifəyə də E.Mahmudov təyin etdirmişdi. Bu barədə keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun istintaqa ifadəsi də var.

Tabeliyindəki şəxslərin həbsindən sonra istintaqda dindirilən Ə.Abbasov bildirib ki, E.Mahmudov onu rəhbərlik etdiyi nazirlikdəki kadr təyinatlarına da qoşulurdu. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin rəhbəri Nəriman Salmanovu vəzifədən çıxartdırıb, onun yerinə öz yaxın qohumu olan Beytulla Hüseynovu təyin etdirib:

“Mən 2004-cü ildə nazir təyin olunandan sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etmişdim. Bu təyinatdan sonra Eldar Mahmudov mənimlə görüşlərində bir neçə dəfə Nəriman Salmanovun o vəzifəyə təyinatından narazılığını bildirmişdi. Deyirdi ki, həmin adam onların əməliyyat təminatına müəyyən çətinliklər yaradır. Sonradan bildim ki, Eldar Mahmudov ölkə rəhbərliyinə N.Salmanovun guya, hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması haqda məlumat çatdırıb. Mən də məcbur olub, 2005-ci ildə Nəriman Salmanovun vəzifədən azad edilməsi barədə əmr imzaladım. Ardınca da Eldar Mahmudovun xahişi və təkidi ilə Beytulla Hüseynovu həmin vəzifəyə təyin etdim. Bundan da təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla, elə onun özünə məxsus “Kristal Plazada”dakı restoranda görüşüb birlikdə yemək yedik”.

2015-ci ilin oktyabrında E.Mahmudovun vəzifəsindən uzaqlaşdırılması, MTN-də keçirilən əməliyyat nəticəsində çoxsaylı vəzifəli şəxslərin həbsindən sonra başlanan istintaqa Beytulla Hüseynov da çağrılmışdı. İş materiallarından görünür ki, B.Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvası aşkarlanıb. Onlar müxtəlif ünvanlarda dinləmə məqsədi daşıyıb.

B.Hüseynov MTN işi üzrə dindirilsə də, onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyilə bağlı araşdırmalar başlamış, nəticədə onun özü, baş mühasibi Anar Mustafayev, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom”un rəhbəri Məhəmməd Məmmədov da daxil olmaqla, ümumilikdə 11 nəfər həbs olundu. Araşdırmalar zamanı məlum olmuşdu ki, nazirliyin tabeliyində olan müəssisələrdə təmir-tikinti, avadanlıqların alınması zamanı qiymətlər bir neçə dəfə artıq göstərilib, tenderlərdə V.Zeynalov, B.Hüseynov və digərlərinə yaxın şirkətlər qalib elan olunub. Bütün bunların nəticəsində dövlət büdcəsindən ümumilikdə 153 milyon manat vəsaitin mənimsənildiyi, israf olunduğu iddia olunurdu.

Rabitə işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən B.Hüseynov ziyanın ona düşən hissəsindən 10 milyon manat ödədi. Buna baxmayaraq, ona 13 il həbs cəzası verildi. Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 7 il 6 aya endirdi. B.Hüseynov apelyasiya məhkəməsinin qərarından da Ali Məhkəməyə şikayət vermişdi. Amma yanvarın 16-da Ali Məhkəmədə elan olundu ki, B.Hüseynov şikayətini geri götürüb.

Ana səhifəXəbərlərEldar Mahmudovun xalası oğlu da əfv olundu