“Sabiq nazir Baş Prokurorluqda dindirilib”
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb.
Bu barədə ‘’Trend’’-ə
açıqlamasında
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
”Eldar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı gedən cinayət işi üzrə dindirilib. Ləğv edilmiş nazirliyin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov isə təqsirləndirilən şəxs qismində cəlb edilib”.
E. Sultanov bildirib ki, V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Vüqar Mahmudov Eldar Mahmudovun həm köməkçisi olub, həm də əmisi oğludur.
MTN ətrafında hadisələr 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə nazir Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra başlayıb. Yoxlamalar nəticəsində çoxaylı qanun pozuntusu, iş adamlarına qarşı reket və digər cinayətlərdə təqsirli bilinən nazirliyin onlarla yüksək vəzifəli şəxsi işdən çıxarılaraq, həbs ediliblər.
Eldar Mahmudovun işdən kənarlaşdırılmasından iki ay sonra prezidentin sərəncamı ilə MTN ləğv edilərək, onun bazasında iki qurum – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.