Eldar Həsənovun yanına həkim Adil Qeybullanı buraxmadılar: “O hərşeyşünasdı…”

Eldar Həsənov, Foto: Meydan TV

Şahid istintaqdakı ifadəsini müstəntiqin istəyi ilə yazdığını deyib

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəkilləri etibar etdikləri həkim Adil Qeybullanın onu müayinə etməsinə şərait yaradılması üçün ötən məhkəmə iclasında vəsatət qaldırmışdılar.

Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfirin işinə baxan hakim Əfqan Hacıyev deyib ki, bu barədə vəsatət təmin olunmur.

Hakim imtinanın səbəbini də belə izah edib: “Adil Qeybulla televizorda hər dəfə bir xəstəlikdən danışır. Gah koronavirusdan danışır, gah başqa şeydən. Adil Qeybulla hərşeyşünasdı. Ehtiyac yoxdur ona, təcridxanada kifayət qədər ixtisaslı həkimlər var…”

Vəkillər məhkəmənin bu cür əsaslandırmasına etirazını bildirib.

Noyabrın 26-da məhkəmədə Dövlət Əmlak Komitəsində sektor müdiri işləmiş İsmayıl Həsənli dindirilib. O bildirib ki, Xarici İşlər Nazirliyində yaradılmış İşçi Qrupun üzvlərindən biri də o olub:

“Səfirlik binası üçün 3 müxtəlif ərazilərdə tikili təqdim edildi, biz onlardan birini seçməli idik. Sarayevodakı adakı binanı seçdik”.

Şahidin sözlərinə görə, hansı binanın seçilməsini komissiya müəyyənləşdirib. Aktda binanın qiyməti də yazılmışdı:

“Qiyməti də bildiyim qədər, əmlak şirkəti müəyyənləşdirmişdi. Komissiya üç tikilidən birini seçdi və niyə onu seçdiyimizi əsaslandırdı”.

İsmayıl Həsənlinin nəzərinə çatdırılıb ki, onun istintaqa ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət var. Şahid cavabında bildirib ki, ifadəni müstəntiq yazıb, o isə düzgün yazıldığına inanaraq, imza atıb.
Hakim onun iş materiallarındakı ifadəsini elan edib. İsmayıl Həsənlinin ifadəsində yazılıb ki, o, Eldar Həsənovu səfir kimi tanıyıb:

“Bosniya və Herseqovinada səfir olanda biz bina almaq üçün komissiyanın tərkibində həmin ölkəyə ezam olunmuşduq. 2012-ci ildə Fərhad Mollazadə, Rüfət Ağazadə və mən Sarayevo şəhərinə getdik. Orada bizə iki ünvanda yerləşən binalara baxmaq təklif olundu. Komissiyanın rəhbəri Fərhad Mollazadə idi. Bizə təqdim olunan 2 binaya baxış keçirdik. Binanın birinin qiyməti 5 milyon, digərininki isə 4,5 milyon avro idi. Binanın qiymətini səfirlik işçiləri dedi. Biz ikinci binanı bəyəndik. Akt tərtib edib, Bakıya qayıtdıq. Binanın hansı qiymətə alınmasından məlumatım yoxdur. Eldar Həsənovu şəxsən tanımamışam”.

Amma İsmayıl Həsənli məhkəmədə bildirib ki, ifadədə yazılan doğru deyil, binanın qiyməti haqda məlumatı olmayıb:

“Müstəntiq dedi ki, aktda bu qiymətlər göstərilib. Mən də müstəntiqə inandım ki, yalan danışmaz. Məni qiymət maraqlandırmırdı. Biz yalnız binanın vəziyyətini dəyərləndirməli idik. İşçi Qrupun səlahiyyətində binanın qiyməti məsələsi yox idi. Mən niyə qiyməti araşdırmalıydım?! Müstəntiq özü də mənə qiymətlərlə bağlı heç nə təqdim etməyib. Yazıb, mənə də deyib ki, qiymətlər sənədlərdə belə göstərilib. Müstəntiq mənə dedi ki, Eldar Həsənov ifadəsində binanın alqı-satqısında iştirak etdiyini, aktı da səfirlik işçilərinin tərtib etdiyini bildirib. Mən də onun dedikləri əsasında yazdıqlarını təsdiqləmişəm. Mən nə Eldar Həsənov görmüşəm, nə də aktı kimin tərtib etdiyini bilirəm”.

Hakim elan edib ki, daha bir şahid Seyran Mirzəzadə Monteneqroda olduğu üçün məhkəməyə gələ bilmir. O, məhkəməyə məktubunda istintaqa ifadəsini təsdiqlədiyini bildirib. Əlavə edib ki, istənilən vaxt vodeokonfrans vasitəsilə məhkəmə prosesinə də qoşula bilər.

Eldar Həsənovun vəkili Cavad Cavadov şahidin videokonfrans vasitəsilə dindirilməsini istəyib. Amma məhkəmə müdafiə tərəfinin bu vəsatətini də təmin etməyib. Hakim bildirib ki, şahid Seyran Mirzəzadənin videokonfransla məhkəməyə qoşulması mümkün deyil.

“Guya hansı vəsatəti təmin etdiniz ki, bu qaldı? Bizim bütün vəsatətlərimiz təmin edilmir. Məqsədiniz nədir, bilmirəm. Zalda gələcəkdə hakim olmaq istəyən namizədlər var, heç olmasa, onların sizdən ədalət öyrənmək üçün bura gəldiyini düşünün. Onlar sizdən nə öyrənəcək?”, – Eldar Həsənov etirazını bildirib.

Hakim Seyran Mirzəzadənin iş materiallarındakı ifadəsini elan edib. Sabiq səfir ifadəyə münasibət bildirib:

“Bütün ifadələrdən görünür ki, binaların alınmasında mənim heç bir iştirakım olmayıb. Müstəntiq şahidlərdən heç bir detal soruşmadan, ancaq ittiham verib. Ayrılan vəsaitlərlə bağlı Xarici İşlər Nazirliyinə həm aylıq hesabat verilib, həm də inzibati binalarla bağlı ayrıca hesabat göndərilib”.

Eldar Həsənov suallarına cavab istəyib:

“Humanitar layihələrlə bağlı tenderləri birbaşa Xarici İşlər Nazirliyi keçirib, amma ittiham mənə verilib. Mən tender keçirmişəm? Bunlara ittiham tərəfi nə cavab verəcək? Necə dayanacaq bu ittihamların arxasında? İnzibati binanın alınması ilə bağlı hesabat niyə cinayət işində yoxdu? Niyə tender hesabatları cinayət işinə əlavə olunmayıb? Həmin hesabatların hamısı Xarici İşlər Nazirliyindən alınıb, Baş Prokurorluqda “ölüxana” adlandırdığımız kabinetdə saxlanılır. Niyə? O sənədlər o otaq üçün hazırlanıb, ya mənə ittiham verilməsi üçün? Mənim nə inzibati binanın alqı-satqısı, nə də humanitar layihə ilə bağlılığım olub”.

Keçmiş səfir deyib ki, Seyran Mirzəzadə məsuliyyətli, vicdanlı əməkdaşdır, sənədləşməni düzgün aparıb:

“Xarici İşlər Nazirliyinə bütün sənədlər göndərilib. Müstəntiqin naşılığına baxın, 8 ay istintaq aparıb, hələ də ona bəlli deyil ki, tender ya Xarici İşlər Nazirliyində aparılır, ya da ianə aparılan ölkənin bələdiyyəsində, meriyasında. İstintaq ona görə araşdırmayıb ki, verilmiş tapşırıq var, ziyan kimi qiymətləndirib, mənə ittiham verilməlidir, vəssalam. Əgər bir manat yanlış olsaydı, Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsindən sorğu gələrdi”.

Dindirmə zamanı o da məlum olub ki, Eldar Həsənovun səfir olduğu ölkələrin bir neçəsində parklarda da Azərbaycan bayrağı dalğalanır. Bu barədə danışan Eldar Həsənov bildirib ki, xarici ölkənin bayrağının səfirlik binasından başqa yerdə olması çox mürəkkəb prosesdir. Çətinliklə də olsa, üç ölkədə buna nail olub. Deyib ki, bu, çox mürəkkəb prosesdir. Hər humanitar layihədə Azərbaycan bayrağı yoxdur. Cəmi üç ünvanda Azərbaycan bayrağı var – Buxarestdəki parkda, Belqaradda Taşmaydan parkında, biri də Bosniyada – Üzeyir bəyin heykəlinin yanında:

Adil Qeybulla
Adil Qeybulla, Foto: Meydan TV

“Avropada bayrağın asılması məsələsi qanunla tənzimlənir. Xarici ölkənin bayrağının hansısa ünvanda asılması üçün sadəcə, diplomatik missiyaya icazə verilir. Bir də belə hal var, Rumıniya da, Serbiyada da, Bosniyanın qanunvericiliyinə də dəyişiklik ediblər bununla bağlı. İstisna hallarda, dövlətin milli və dövlət maraqları üçün mühüm əhəmiyyət kəsb edərsə, komissiya icazə verə bilər ki, xarici ölkənin bayrağı səfirlikdən başqa ünvanda da asılsın. Bu da müxtəlif, böyük mərhələlərdən, böyük komissiyalardan keçir. Azərbaycanın əleyhinə olanlar var, ermənilər və s. Qürur duyuram ki, üç mühüm strateji yerdə Azərbaycan bayrağının asılmasına dair meriya və hökumətin qərarını almışam…”

Rumıniya və Serbiya paytaxtındakı parklarda mərhum prezident Heydər Əliyevin, Bosniya və Herseqovinadakı parkda isə bəstəkar Üzeyir Hacıbəyovun heykəli var. Bayraqlar da həmin parklarda asılıb.
Vəkillər Eldar Həsənovun sağlıq durumuyla bağlı Avropa İnsan Haqları Məhkəməsinin bugünlərdə qəbul etdiyi qərarı da hakimlərin diqqətinə çatdırıblar. Söhbət Məhkəmə qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun səhhətiylə bağlı çıxarılmış qərardan gedir. Həmin qərarda Avropa Məhkəməsi Azərbaycan hökumətinə çağırış edib ki, Eldar Həsənovun səhhətindəki problemlərlə bağlı təcili tədbir görülsün, ehtiyac varsa, o, xəstəxanaya köçürülsün.

Hakim Əfqan Hacıyev bunun cavabında bildirib ki, Avropa Məhkəməsinin qərarları Azərbaycan məhkəmələri üçün məcburi deyil: “O qərarın bizə aidiyyəti yoxdur. Bizim üçün məcburi deyil”.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir:

“Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Ana səhifəSiyasətEldar Həsənovun yanına həkim Adil Qeybullanı buraxmadılar: “O hərşeyşünasdı…”