Eldar Həsənov prokurorlara: Arada vicdanınızı yada salın

Eldar Həsənov, Foto: Meydan TV

Keçmiş Baş prokurorun vəziyyəti yenə pisləşdi, məhkəməyə təcili yardım gəldi

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəziyyəti noyabrın 5-də məhkəmədə yenidən pisləşib. O, vəziyyətinin ağır olduğunu bildirərək, məhkəmə prosesinin təxirə salınmasını istəsə də, hakim və prokurorlar razılaşmayıb. Onlar məhkəməni davam etdirməkdə israrlı olublar. Nəticədə məhkəmədə gərginlik yaşanıb.

Eldar Həsənovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyilə, Zeynal Ağayev və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyası baxır. Noyabrın 5-də hələ məhkəmə iclası başlamamışdan əvvəl təqsirləndirilən sabiq səfirin vəziyyəti pisləşib. O, huşunu itirib və dustaqların məhkəməyə gətirilib-aparıldığı maşından düşə bilməyib.

Hakim Əfqan Hacıyev bildirib ki, səhhətində problem yaransa da, Eldar Həsənov məhkəmədə iştirak etmək istəyir. Ona görə də fasilə verilib ki, sabiq səfirin durumu yaxşılaşsın və məhkəmə prosesi davam etdirilsin.

Fasilədən sonra isə məlum olub ki, əksinə, Eldar Həsənov məhkəmə prosesinin təxirə salınmasını istəyir. O bildirib ki, səhhəti məhkəmədə iştirak etməyə imkan vermir.

Hakim isə cavabında deyib ki, məhkəməyə çağırılan Təcili Tibbi Yardımın həkimi onun sağlıq durumunun normal olması haqda rəy verib:

“Eldar müəllim, biz həkim rəyinə inanırıq. Həkim bizə təqdim etdiyi arayışda göstərib ki, təzyiqiniz 130/90, hərarətiniz 36 dərəcə, saturasiya 90-dır. Arayışa görə, biz prosesi davam etdirə bilərik”.
Eldar Həsənov isə etiraz edərək deyib ki, məhkəmədə iştirak edə bilmir: “Möhtərəm hakim, sizin əlinizin altındakı cinayət işində mənim diaqnozlarım yazılıb. Ora baxsanız, mənim vəziyyətim sizə aydın olar. Təcili Tibbi Yardımın arayışını neynirəm, mənim diaqnozum vəziyyətimi anlamağa kifayət deyil? Məni bu vəziyyətdə təcridxanadan buraxmaq istəmirdilər. Dedilər ki, çox təhlükəli vəziyyətdəsiniz. Lakin mən sizə – məhkəməyə olan hörmətimə görə gəldim. Demək istədiyim odur ki, gəlməyə də bilərdim. Mən hazırda bu ağrılara dözə bilmirəm. Mənim ağrılarım sizin dediyiniz hərarətlə bağlı deyil. Səhərdən burada 9 dəfə başgicəllənməsi olub. Prosesə gəlmək istəmişəm, alınmayıb. Siz niyə anlamırsınız ki, bu, məndən asılı deyil? İki saatdı təcili yardım həkimi gözləyirəm. İndi siz mənə həkim arayışını əsas gətirirsiniz”.

Hakim təkrarlayıb ki, əllərində olan həkim arayışı məhkəmə prosesini davam etdirməyə imkan verir.
Əfqan Hacıyev məhkəmənin davam etdirilib-etdirilməməsilə bağlı prokurorun da fikrini soruşub.
“Bizim üçün də əsas olan həkim arayışıdır. Həkim arayışında nə göstərilibsə, ona uyğun hərəkət edək. Arayışda “normaldı” yazılıbsa, deməli, prosesi davam etdirə bilərik”, – prokuror bildirib.
Bu zaman Eldar Həsənovun vəkili Adəm Məmmədov etiraz edib:

“Bu, ədalətsizlikdir. Eldar Həsənov heç vaxt prosesin yubanmasını istəməyib, bəhanə gətirməyib. Əksinə, həmişə məhkəmənin tez yekunlaşmasını istəyib. Amma indi siz də görürsünüz ki, onun vəziyyəti prosesin keçirilməsinə imkan vermir. Adam ayaq üstdə dayana bilmir, siz nəyi müzakirə edib qərar verirsiniz? Real vəziyyətə baxmaq lazımdır. Belə olmaz axı… Xahiş edirəm, məhkəmə prosesini təxirə salasınız”.

Hakim Əfqan Hacıyev etirazı qəbul etməyib və bildirib ki, Eldar Həsənovun özünün iştirakı olmadan da proses davam etdirilə, məhkəməyə çağırılmış şahid dindirilə bilər. Ardınca Eldar Həsənov Rumıniyada səfir işləyərkən səfirlikdə çalışmış Emin Ağayev şahid qismində ifadə vermək üçün məhkəmə zalına çağırılıb.

Dindirmə zamanı Eldar Həsənovun başı aşağı əyilmiş vəziyyətdə olanda vəkilləri bir neçə dəfə onu çağırsalar da, cavab verməyib. Məlum olub ki, onun huşu özündə deyil. Məhkəmə zalında xərəkdə ona təcili tibbi yardım göstərilib. Hakim məcbur olub, məhkəmə prosesini təxirə salıb.
Sabiq səfirin vəziyyəti bir qədər yaxşılaşıb, məhkəmə zalından aparılanda o, prokurorlara üzünü tutaraq deyib:

“Siz hələ cavansınız, mənim vəziyyətimə əhəmiyyət vermirsiz. Buna baxmayaraq, heç vaxt arzu eləmərəm ki, mənim vəziyyətimə düşəsiz, mənim yaşadıqlarımı yaşayasız, mənim çəkdiyim ağrıları çəkəsiz. Hərçənd, mənim vəziyyətim, həyatım sizi maraqlandırmır. Arada vicdanınızı yada salın…”
Prokurorlar Eldar Həsənova cavab verməyib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb . Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Ana səhifəUncategorized @azEldar Həsənov prokurorlara: Arada vicdanınızı yada salın