Keçmiş səfirin şikayətinə sabah baxılacaq
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənov Səbail Rayon Məhkəməsinin onun haqqında həbs qərarından apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimov baxıb qərar verəcək.
“Eldar Həsənovun şikayətinə avqustun 20-də baxılacaq”, – məhkəmədən bildirilib.
E.Həsənov avqustun 13-də saxlanılıb. Bir gün sonra Səbail Rayon Məhkəməsinin qərarıyla onun haqqında noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
E.Həsənov iyulun əvvəlində həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərin haqqındakı cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona qarşı CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
“Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib”, – DTX-nın E.Həsənovun saxlanması barədə açıqlamasında bildirilir.
Amma E.Həsənov ittihamları qəbul etmir. O, həbs qərarı verilən məhkəmədə də özünü təqsirli bilmədiyini deyib.
E.Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub.
Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.
E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.