Eldar Əzizov sələfinin sərəncamını ləğv etdi

Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.

Source: Specify Source


Yaşayış binasının tikintisi dayandırıldı

Bakı Şəhər İcra Hakimiyyəti oktyabrın 28-də Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisini dayandırıb. İcra hakimiyyəti eyni zamanda əvvəl şəhər başçısı Hacıbala Abutalıbovun tikintiyə icazə haqda sərəncamı ləğv edib.

Məlumatı “report.az” icra hakimiyyətinə istinadən yayıb.

Bildirib ki, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikilməsi haqda Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar.

“Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb. Məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş Sərəncam ləğv edilib”, – deyə icra hakimiyyətinin məlumatında qeyd olunub.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.

Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilib. Oktyabrın 21-də vəzifəsindən kənarlaşdırılıb.

O, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Ana səhifəİqtisadiyyatEldar Əzizov sələfinin sərəncamını ləğv etdi