Elçin Şıxlı: “İstəyərdim yanılım…” [ VİDEO ]


“Zerkalo” və “Ayna” qəzetlərinin baş redaktoru Elçin Şıxlının “Riyakarlıq” məqaləsi sosial şəbəkələrdə maraq doğurduğundan geniş müzakirələrə səbəb oldu. Baş redaktor ölkədəki mənəvi atmosferin acınacaqlı olmasına diqqət yönəldərək fransız yazıçısı Mopassanın “Fahişə kişilər” hekayəsi ilə paralellər aparır. Bu baxımdan yaranan suallarımızı Elçin Şıxlıya ünvanladıq.


–         Elçin müəllim, “Ayna” qəzetindəki “Riyakarlıq” yazınız sosial şəbəkələrdə müzakirə predmetinə çevrildi. Bu yazıdan çıxış edərək münasibətinizi bilmək istəyirəm, Azərbaycanda mənəvi deqradasiya, kişilik kodeksinin pozulması İsmayıl Şıxlının “Dəli Kür” romanındakı qəhrəmanı Cahandar ağaları Qurbanəli bəyləri əvəz etməsindən sonra başladı, yoxsa başqa səbəblər də rol oynadı?

–         Bəlkə də yazanda şişirtmələrə yol veririk, çünki içimiz yanır. Amma zamanın, qanunların, insanlar arasındakı münasibətlərin dəyişməsini unutmaq olmaz və nə vaxtsa kimsə namus üstündə başqasını öldürürdüsə, bu normal sayılırdı, ardınca da “kişi öz namusunu öldürdü” deyə söylənilirdi. İndi oturduğun yerdə kiməsə “çəp” baxsan, bunu anormal qəbul edərlər və hətta məhkəməyə də verərlər. Məsələn, Amerikada deyirlər ki, insanların gözünün içinə baxmayın, çünki onlar başqa fikirdə olduğunuzu düşünüb polisə müraciıt edərlər. Dünyada qloballaşma prosesi getdiyindən bunlar Azərbaycana da gəlib çatır və gördüklərimiz məyusluq yardır. İş ondadır ki, dürüst, namuslu olmaq, o cümlədən, dediyimiz kişilik kodeksinə riayət etmək üçün əlinə top-tüfəng alıb kiminləsə döyüşmək vacib deyil. Sadəcə, namus kodeksini müasir şəraitə uyğun şəkildə qurmaq lazımdır.


–         Söhbətimiz Avropaya keçdisə, yazınızda istinad etdiyiniz fransız yazıçısı Mopassanın “Fahişə kişilər” hekayəsinə qayıtmaq istərdim. Çünki Siz hekayədəki mənzərənin Azərbaycanla üst-üstə düşdüyünü hesab edirsiniz. Doğrudanmı, Azərbaycanda fahişə kişilər artıb, əqidə adiləşdiyindən insanlar əqidələrini hər gün paltar kimi dəyişirlər?

–         Ola bilsin ki, mən hardasa yanılıram, amma yanılıramsa da, o zaman yazı niyə sosial şəbəkələrdə çox çılğın şəkildə müzakirə mövzusuna çevrildi? Deməli, problem var! Əgər belə deyilsə, qoy, mənim yalanımı çıxartsınlar ki, düz demirsən. Yəni XIX əsr Fransasında yaranan həmin mühiti biz indi – XXI əsrdə keçirik. Bir məqamı da deyim, biz bu gün hər şeyi Sovet illərinin üzərinə yıxırıq, o zaman insanlar ikili həyat yaşayırdı. İkili həyat deyəndə onu nəzərdə tuturam ki, insanlar evdə öz yaxınları ilə səmimi ola bilirdilər, amma kənara çıxan kimi “Yaşasın Lenin baba” söyləyirdilər.



Bu gün neçəli həyat yaşayırıq?

–         Qorxuram ikidən də o yana keçmişik. Ona görə vəziyyətimiz xeyli ağırdır.


–         Və Siz Mopassanın hekayəsindəki “bizim deputat palatamızda fahişə kişilərin əlindən tərpənmək olmur” fikrinin Azərbaycana uyğunluğu ilə razılaşırsınız?

–         Razılaşmasam, hekayəni tərcümə etməzdim, deməli, razılaşıram


–         Bu cür gedişat Azərbaycan üçün yaxın illərdə hansı fəsadlar yarada bilər?

–         Bu günlərdə bir hadisə baş verdi, polis rəisi rüşvət alarkən videoya çəkildi, məsələ ictimailəşəndən sonra onu vəzifəsindən azad etdilər. Və biz bunu böyük nailiyyət kimi qavradıq. Əslində, onu işdən çıxartmaq yox, həbs etmək lazım idi. Çünki qanuna görə rüşvət alan həbs olunmalıdır. Amma biz riayakarlıq edirik, cəmiyyətə “yedirtmək” istəyirik ki, filankəs işdən çıxarıldı.


–         Biz yəni kim, hakimiyyətmi?

–         Hamımız. Axı heç kim bunu demir, əksinə, “görün, filankəsi işdən çıxartdılar” deyirlər. İşdən çıxartdılar, nə olsun, vəzifəsindən azad etmək təbiidir, rüşvət alanı istintaq aparıb həbs etmək lazımdır.


–         Bu mənada sual yaranır, niyə cinayət var, cəza yoxdur?

–         Bu, həmin dediyimiz fahişə kişilər prosesidir.


–         O zaman yenə Mopassanın hekayəsindəki “kübar cəmiyyətdə rastlaşdığımız fahişə-kişi o qədər cəzbedicidir ki, beşcə dəqiqəlik ünsiyyətdən sonra ona heyran olursan” fikrinə qayıdıb soruşmaq istəyirəm: dünya tarixində kübar cəmiyyətlər daxilən azad və müstəqil adamlardan ibarət olur. Bəs müstəqil Azərbaycanın kübarları nə ilə fərqlənir?

–         Təəssüf ki, bizdə kübar cəmiyyət deyilən bir şey yoxdur. Yəni zəngin, pullu olmaq, paltarını Avropa dükanlarından almaq kübarlıq deyil. Bizdə kübar cəmiyyət yoxdur, bunu unutmaq lazımdır. Nə vaxtsa var idi, sovetlər gələndən sonra məhv edildi.


–         Bəs olanlar nədir, mən oliqarx-məmurlar haqqında deyilənləri nəzərdə tuturam, onları kübar adlandırmaq olarmı…?

–         Bilirsiniz, oliqarx deməyin özü də riyakarlıqdır, çünki oliqarx işləyir, o məmur olmur. Eyni zamanda, məmur oliqarx olmamalıdır, bu, qanun pozuntusudur və korrupsiyanın ən bariz nümunəsidir. Məmursansa, bizneslə məşğul ola bilməzsən, oliqarx məmur olmaq istəyirsə, biznesindən aralanmalıdır. Məsələn, mən Berlinin ən varlı məhəllələrində Bakıda olduğu qədər bahalı avtomobil görmədim. Almanlar gündəlik işlərində “Porsche”yə minmirlər.



Rus yazıçısı Yerofeyev yazırdı ki, ruslarda imperializm mikrobunun hardan gəldiyini bilmir. Bu mənada sual yaranır, azərbaycanlılarda bu görməmişlik nədir?

–         Müasir Yaponiyada kübarlığın üç atributu var: gözəl, bahalı qalstuk, avtomobil və yaxşı iş. Bizdə vaxtilə fərqliydi, “Dəli Kür”də yazılıb və kitabın ilk buraxılışının üz qabığında da vardı. Əsərdə deyilir, kişinin namusu üç şeydən ibarətdir: at, arvad və papaq. Atımız yoxdur, müasir olmuşuq, papağımız da yoxdur, qadınlara gəlincə, münasibətlər dəyişib. Bu günlərdə telekanalların birində verilişlərdən birini bağladılar, səbəb çobanın həyat yoldaşının başqasıyla yataq səhnəsini çəkib televiziyaya göndərməsi və bütün ölkənin ona baxmasıydı. O kişidir, insandır? Nə bilim, əgər belə şey olursa, ya gərək öldürsün, əvvəllər belə olardı. Mən demirəm ki, öldürsünlər, elementar bir yol var – boşanmaq. Ancaq həmin hərəkəti edən adam fahişə kişidən də pisdir, binamusdur, ondan vətəndaş olmaz. Bir adam ki, öz namusunu bütün ölkənin gözü qarşısına çıxardır, mən ondan nə gözləyə bilərəm?!


–         Total şəkil alan, adi hala çevrilən proses Azərbaycan üçün hansı fəsadlar doğura bilər?

–         Deməzdim ki, total hal alıb, amma belə ola bilər. Əgər biz bu söhbətləri aparmasaq, dediyiniz total faciəylə üzləşəcəyik.


–         Ancaq Siz Mopassanla razılaşırsınız, mətbuatın, cəmiyyətin fahişələşməsindən danışırsınız…

–         Düzdür, elədir. Amma Sizinlə bu barədə danışırıqsa, hamı o vəziyyətə düşməyib. Yox, danışmasaq, dediklərimiz olar.


–         Danışdıqlarımız yerində qalmayacaqmı?

–         Nə qədər bədgüman olsaq da, mən inanıram ki, belə qalmayacaq. İnanmasaydım, başımı aşağı salıb öz işimlə məşğul olardım. Mən “Riyakarlıq” yazısıyla bağlı reaksiyalara baxdım, irad bildirən görmədim. Mütləq əksəriyyət dediklərimlə üzləşdiklərindən razılaşırdılar. Deməli, mən boş yerə yazmamışam.


–         Bütün hallarda ənənəvi sual yaranır, çıxış yolu…?

–         Çıxış yolunu bilsəydim, konkret göstərərdim ki, bu addımı atmaq lazımdır. Ancaq mənim bacardığım yazmaq, tənqid etmək, müsahibə verməkdir. Ən əsası odur ki, bu barədə yazan, düşünən və danışanların dairəsi genişlənsin. Çevrə genişləndikcə, bizim danışdıqlarımız əbəs yerə olmayacaq. Ən böyük məqamlardan biri odur ki, bu çevrə genişlənsin, çevrədə olanların övladları var, onlara düzgün tərbiyə, təhsil vermək lazımdır, bir sözlə, oxumağa vadar etmək lazımdır. Baxın, Mopassan kimi Fransa ədəbiyyatında böyük yer tutan yazıçının əsərləri dilimizdə yoxdur, rus və fransız dilini bilənlər oxuyublar, amma onların sayı “barmaqla” sayılacaq qədərdir. Bilirsiniz, qarşılaşdığımız problemlər yeni deyil, başqa xalqlar və cəmiyyətlər bu mərhələni ya keçiblər, yaxud da hələ keçirlər. Dünya ədəbiyyatını oxuduqca görəcəyik ki, bunlar fransızın, ingilisin, hətta babalarımızın başına gəlib, ancaq nəticə çıxartmamışıq.


–         Dediyiniz dairə son 10 ildə genişlənib, yoxsa daralıb?

–         Təəssüf ki, daralıb. Gələk, öz peşəmizə, deyirik ki, qəzet oxuyanların sayı azalıb. Birinci səbəb keyfiyyətlə bağlıdır, ikinci, gənclərimiz telefonda və sosial şəbəkələrdədir, normaldır, mən bunun əleyhinə deyiləm. Amma ifrata varmaq olmaz, inandırıram Sizi mən internetdə Mopassanı həzzlə oxuya bilmərəm, kitab olmalıdır. Bu, özü bir kübarlıqdır. Kitab oxumaq mədəniyyəti kübar cəmiyyətin ünsürüdür, biz isə bu ünsürü itiririk.


–         Və bizdə mətbəələri cərimələyirlər…

–         Söhbət də ondan gedir, ən böyük faciəmiz budur. Təxminən 10 il əvvəl Tiflisin Rustaveli küçəsində “Lit-kofe” deyilən mərkəzlər vardı, insanlar oturub bir qəhvə fincan, yaxud çay içə-içə kitab oxuyur və müzakirə edirdilər. Bizdə belə şey varmı? Yalnız Fəvvarələr Meydanında “Əli və Nino” kitab dükanı vardı, amma ənənəyə çevrilə bilmədi. Bəyənmədiyimiz sovet dövründə təkcə Bakıda 200-300 civarında kitab dükanı olub, indi “barmaqla” sayılacaq qədərdir. Yəni bizdə oxumaq mədəniyyəti də yoxdur. 9-cu sinifdə oxuyarkən Mirzə Fətəli Axundovun “Hacı Qara” əsəri ilə bağlı suallara cavab vermək üçün antik ədəbiyyatdan Plaftın “Xəzinə”sini, Molyerin “Xəsis”ini və Balzakın “Qobzel”ini oxumuşdum. Çünki müəllimdən qiymət almaq lazım idi, onları oxuyub müqayisə edəndən sonra müəllim dedi ki, bir az çalışıbsan, 4 vermək olar… Təsəvvür edin, 45 dəqiqənin 40 dəqiqəsini danışmışdım, ondan sonra özümü həmin müəllimə tanıtdım və qiymətlərim əla oldu. İndi bunlar varmı? Bizdə deyirlər ki, Axundov dinsiz olduğu üçün onun əsərini boykot edək. Halbuki, Mirzə Fətəlinin “Hacı Qara” əsərinin hesabına mən nələr oxudum.


–         Çıxışınızın yekunundan bədgüman olduğunuz görünür…

–         Yox, bədgüman deyiləm, amma faciə ilə üzləşəcəyimizin fərqindəyəm.

Ana səhifəVideoElçin Şıxlı: “İstəyərdim yanılım…” [ VİDEO ]