“Əvəz Zeynallıya qarşı müxtəlif ittihamlar var, amma mənim adımı çəkib şou düzəldir”
Vəkil Elçin Sadıqov Xural TV-nin rəhbəri, 7 aydır ki, həbsdə olan Əvəz Zeynallının martın 27-də məhkəmədə səsləndirdiyi ittihamlara cavab verib.
Əvəz Zeynallı ilkin məhkəmə iclasında bildirib ki, onunla eyni cinayət işi üzrə həbs olunmuş, sonradan ev dustaqlığına buraxılmış vəkil Elçin Sadıqovun qarşısına şərt qoyulub.
“Elçin Sadıqovdan əleyhimə ifadə vermək tələb olunub. O da bu şərtlə razılaşıb və azadlığa çıxıb”, – deyən Əvəz Zeynallının iddiasına görə, bunu Baş prokurorun müavini Elçin Məmmədov tələb edib.
Elçin Sadıqov isə “Facebook” səhifəsində Əvəz Zeynallının söylədiklərini təkzib edib.
Vəkilin sözlərinə görə, Əvəz Zeynallıdan Rasim Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edib:
“Ancaq Əvəz Zeynallı məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allah şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. Rasim Məmmədovun ailəsinə dedim ki, bu, yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, onunla ümumiyyətlə danışmayaq. Amma Əvəz Zeynallı dayanmadı, hər gün Rasim Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz Zeynallı adımı çəkməsə də, Rasim Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəz Zeynallıyla danışmağa”.
“Əvəz Zeynallı mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq, pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəz Zeynallının bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim”, – deyə Elçin Sadıqov əlavə edib.
Vəkil qeyd edib ki, Əvəz Zeynallının bu davranışı Rasim Məmmədovun ailəsinin haqlı narazılığına səbəb olub:
“Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə söylədi. Sənəd adı gələn kimi, ikimizi də həbs etdilər. Halbuki Cinayət Məcəlləsinin 312-ci maddəsinin (Rüşvətvermə, aktiv rüşvətxorluq) qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər”.
“Əvəz Zeynallıya qarşı isə müxtəlif ittihamlar və çoxlu epizodlar var. Bəlkə, maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz Zeynallı onları pərdələməyə çalışır”, – vəkil belə yazıb.
Bütün bunlarla bərabər vəkil Əvəz Zeynallının həbsini siyasi sayıb:
“Onun həbsi ifadə azadlığına görədir, sadəcə, bu fürsətdən istifadə etdilər”.
2022-ci ilin sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub.
O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.
Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.
Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1 (bir qrup şəxs tərəfindən dələduzluq), 311.3.2, 311.3.3, 311.3.4 (külli miqdarda, hədə-qorxu ilə, təkrar rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələrilə ittiham irəli sürülüb.
Rüşvət ittihamıyla həbs edilən Ə.Zeynallı 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Cinayət işində rüşvət ittihamı üzrə başqa bir epizod isə “Azəryolservis” ASC rəhbərliyindən rüşvət alınması iddiasıyla bağlıdır.
Lakin Əvəz Zeynallı bu ittihamları rədd edir, özünü təqsirli bilmir. O, istintaqda ifadə verməkdən imtina edib.