***
Meydan TV-nin məlumatına görə, iclasda MTN-nin sabiq əməkdaşı, general-mayor Məzahir Yaqubov şahid qismində ifadə verib. Zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə danışan şahid deyib ki, Mətləb Mustafayevlə üç dəfə görüşüb, İlqar Əliyevin göstərişi ilə ona poliqraf aparatı qoşublar. Həmin aparat insan doğru danışıb-danışmamasını müəyyən edir. O, həmin görüşlərdə də İlqar Əliyevin iştirak etdiyini, söhbət zamanı Mətləb Mustafayevi doğru danşdığını müəyyən etdiklərini söyləyib.
M.Mustafayev isə deyib ki, onlar üç yox, beş dəfə görüşüblər. O bildirib ki, iki saat davam edən görüşdə güya ondan tapılması iddia edilən silahla bağlı hər hansı sual verilməyib. O, aparat qoşulduqdan sonra iki dəfə özünü pis hiss etdiyini deyib. Bildirib ki, həbsdə olduğu müddətdə ailəsinə yazdığı heç bir məktub çatdırılmayıb. Lakin bir məktubunu Məzahir Yaqubov ailəsinə çatdırıb:
“Məzahir Yaqubov mənə dedi ki, “sevin, evindən bir kisə “paraşok” çıxmayıb”.
Prokuror E.Quliyevdən poliqraf aparatının istifadəsinə razılıq olub-olmamasını soruşub. E.Quliyev deyib ki, həmin aparat bütün dünyada tətbiq edilir və hər hansı təhlükəsi yoxdur.
M.Mustafayev isə deyib ki, həmim aparat ona icazəsiz qoşulub və ondan bununla bağlı razılıq alınmayıb.
İclasda MTN-nin keçmiş əməkdaşı Təranə adlı şahid də ifadə verib. O, Monitorinq Mərkəzinin əməkdaşı olduğunu, Eldar Mahmudovun razılığı, Natəvan Mirvətovanın dərkənarlığı ilə adamların telefon danışqlarını dinlədiklərini deyib. Bildirib ki, bununla bağlı məhkəmə qərarının olub-olmamasını bilmir.
İclasda dövlət ittihamçısı şahid Mahirə Süleymanovanın məhkəməyə gəlib ifadə verməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib və onun məcburi gətirilməsi barədə qərar qəbul edib. M. Süleymanovanın E. Quliyevin tanışı olduğu bildirilir.
Proses sentyabrın 25-də davam edəcək.
***
”37-ci ildə də generalların üzünə yalançı şahidi qoyub güllələdilər”
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Bununla bağlı hər hansı səbəb göstərilməyib. Hazırda iclas davam edir.
Sentyabrın 21-də keçirilən iclasda isə jurnalistlər fasilədən sonra olan iclasa buraxılmayıblar. İclasda iştirak edən zərərçəkmişlər Meydan TV-yə bildiriblər ki, həmin vaxt jurnalistlərin olmamasından istifadə edən Elçin Quliyev çıxış edib. O, cinayət işini 37-ci ilin repressiyası ilə müqayisə edib:
“Jurnalistlər yoxdur, mən bir şeyi deyim. 37-ci ildə Mikayıl Müşfiqin, tanınmış bir neçə şəxsin, generalların üzünə də yalançı şahidi qoyub güllələdilər”.
E.Quliyev iş üzrə zərərçəkmiş Yalçın Abdullayev və Sahib Əliyevin epizdu üzrə danışarkən isə deyib ki, onların işini Xətai rayon prokuroru Yusif İldırımzadə düzgün araşdırmayıb. O deyib ki,Y.İldırımzadə savadsızdır.
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı, o, tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.