Elçin Manafov: “SEPAH rəhbəri deyirdi ki, bizimlə əməkdaşlıq edin”

Elçin Manafov

“İrandan müəyyən göstərişlər verilirdi”

Azərbaycan İslam Partiyasının üzvü, partiya sədri Elçin Manafovun sürücüsü işləmiş Səbuhi Səlimov 2021-ci ilin oktyabrından dövlətə xəyanət ittihamıyla həbsdədir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baxılır.

Səbuhi Səlimov İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda – İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbər şəxslərinin Azərbaycan əleyhinə göstərişlərini icra etməkdə, onlara məlumatlar göndərməkdə ittiham olunur. İttihama əsasən, o, maddi maraq qarşılığında casusluq edib.

Lakin Səbuhi Səlimov bu ittihamı qəbul etmir. O, ittiham aktında yazılanları “başdan-ayaqa nağıl” adlandırıb.

Səbuhi Səlimov ailə üzvlərilə birlikdə İrana səfər etdiyini, Bakıda İsrail bayrağını yandırıb, bunun görüntülərini çəkərək, İrana göndərdiyini təsdiqləyir. Lakin bunu onların göstərişilə etməsi haqda iddialarla razılaşmır.

Səbuhi Səlimov bildirib ki, illər öncə İslam Partiyasının sədr əvəzi, həmçinin qohumu olan Elçin Manafovun sürücüsü işləməyə başlayıb. Uşaqlıqdan inanclı olduğunu, eyni zamanda 2000-ci illərin əvvəllərindən ticarət məqsədilə İrana gedib-gəldiyini deyən Səbuhi Səlimovun sözlərinə görə, 2011-ci ildə ürək əməliyyatına görə ora gedib. Həmin vaxt ailə üzvləri də onunla olub. Amma ürək əməliyyatı olunmadan geri qayıdıblar. Deyir ki, qiymətə görə əməliyyat baş tutmayıb, maddi imkanı çatmayıb.

Cinayət işinin materiallarında yazılıb ki, Səbuhi Səlimov orada olduğu müddətdə SEPAH-ın rəhbər şəxslərindən olan Vəli Cabbari ilə görüşüb, ailənin orada qalmaq xərclərini də onlar çəkib. Lakin Səbuhi Səlimov bunu təkzib edir:

“Mən Vəli Cabbarini bircə dəfə onda görmüşəm, məni qarşılayanların arasında idi. Onun xüsusi xidmət orqanının əməkdaşı olduğunu da bilməmişəm. Mənə nə pul verib, nə də tapşırığı olub”.

Dindirmə zamanı məlum olub ki, Səbuhi Səlimovun ailəsi İranda olanda əvvəl daha şəraitsiz yerdə qalıb, sonradan orada görüşdüyü adamların vasitəsilə normal şəraiti olan qonaq evinə yerləşdiriliblər. Lakin Səbuhi Səlimov buna görə ondan nəsə tələb olunmadığını vurğulayıb:

“Mən dini mövzuda keçirilən aksiyalarda fəal olmuşam. İsrailə, Amerikaya, Ermənistana nifrətimi bildirmişəm. Lakin heç bir ölkənin xüsusi xidmət orqanıyla əməkdaşlıq etməmişəm”.

İsrail bayrağını yandırıb, videonu İrana göndərməsi haqda danışan Səbuhi Səlimov deyir ki, bu, kiminsə göstərişi ilə baş verməyib. Onun sözlərinə görə, əvvəl İsrailin Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirmək istəyib. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin ona icazə verilməyib. Ona görə də aksiyanı öz həyətində keçirib: “Ocaq qaladım, İsrailə lənət oxudum, bayrağı yandırdım. Görüntüləri İrana göndərməkdə xüsusi məqsədim olmayıb. Neyləmişəmsə, öz inancıma görə eləmişəm”.

Məhkəmədə məlum olub ki, görüntüləri Səbuhi Səlimov İrana qızının həyat yoldaşı Məmmədrza Məmmədrzayev vasitəsilə, flaşkartda göndərib. Səbuhi Səlimovla yanaşı, onun kürəkəni də tutulmuşdu, lakin o, sonradan buraxılıb.

Məmmədrza Məmmədrzayev məhkəmədə bildirib ki, ticarət məqsədilə İrana gedib-gəlib. Səfərlərin birində qayınatası ona aparmağa flaşkart verib. Lakin onun içində nə olduğunu bilməyib.

Məhkəmədə İslam Partiyasının keçmiş sədr əvəzi Elçin Manafov da şahid qismində dindirilib. O, ifadə verərkən məlum olub ki, Vəli Cabbarini tanıyır, onunla görüşüb: “SEPAH rəhbərlərindəndir. İrana gedəndə rastlaşmışıq. Deyirdi ki, bizimlə əməkdaşlıq edin”.

Onun sözlərinə görə, illər öncə Səbuhi Səlimov ürək əməliyyatına görə İrana gedəndə Ərdəbilin imamı Həsən Amilinin nömrəsini ona verib, xəstəxana xərclərinə yardım edəcəyini deyib. İranda Səbuhi Səlimov Həsən Amili vasitəsilə Vəli Cabbari ilə görüşüb: “Səbuhiyə dedim ki, İranda yaxın adamlar var, əməliyyata maddi köməklik edəcəklər. Partiyaya köməklik edirdilər, İrana tədbirə gedəndə xərclərimizi ödəyirdilər. Mən də dedim ki, belə səxavətlisiniz, buna da kömək eləyin, əməliyyat olunsun”.

Elçin Manafov onu da bildirib ki, İrandan müəyyən göstərişlər verilirdi: “Məsələn, Fransada “Quran”ı yandırmışdılar, bizə deyirdilər ki, aktiv olun, çıxın etirazınızı bildirin”.

Səbuhi Səlimov Elçin Manafovun dediklərinə etiraz edib. O vurğulayıb ki, İranda əməliyyat olunmasında SEPAH əməkdaşlarının heç bir rolu olmayıb: “Kömək eləmədilər, ona görə əməliyyat olunmadım. Ancaq danışırdılar. Dedim ki, imkanınız olanda xəbər eləyərsiz, gəlib əməliyyat olunaram. Qayıdıb gəldim. Üstündən bir il keçdi, onlardan səs-səmir çıxmadı. Özüm pul yığıb, gedib əməliyyat olundum”.

Məhkəmə prosesi davam edir.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ildən, sədr əvəzi İlham Əliyev isə də 2020-ci ildən həbsdədir. Mövsüm Səmədova 12, İlham Əliyevə isə 16 il həbs cəzası verilib.

Ana səhifəXəbərlərElçin Manafov: “SEPAH rəhbəri deyirdi ki, bizimlə əməkdaşlıq edin”