Ordudakı cinayətlərin “beynəlxalq standartara uyğun şəkildə” araşdırılması məsələlərini müzakirə ediblər
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov yanvarın 17-də müdafiə naziri Zakir Həsənov tərəfindən qəbul edilib. Bir saatdan çox davam edən söhbətdə orduda hüquq və azadlıqların təmin edilməsi məsələləri müzakirə olunub.
Behbudovun görüşdən sonra “Turan İA” agentliyinə verdiyi məlumata görə, müdafiə nazirinin yanında ölkənin hərbi prokuroru ilə xüsusi görüş keçirilib. Güc qurumlarının rəhbərləri ordudakı cinayətlərin “beynəlxalq standartara uyğun şəkildə” araşdırılması məsələlərini müzakirə ediblər.
Behbudovun sözlərinə görə, bəzən hətta cüzi hüquqpozmalara görə hərbiçilər cinayət məsuliyyətinə cəlb edilir, baxmayaraq ki, inzibati həbslərlə də kifayətlənmək olar.
Həsənov həmçinin hüquq müdafiəçisinə bildirib ki, əsgərlərin yeməkləri və sosial şəraiti yaxşılaşdırıb, bu, xəstəlik səviyyəsini azaltmağa imkan verib.
Nazir həmçinin bildirib ki, müntəzəm olaraq cəbhə xəttinə baş çəkir və vəziyyətə şəxsən nəzarət edir.