Elçin Abdullayev: Səməd Seyidovun səmimiliyinə şübhə edirəm

E.Abdullayev iddia edir ki, Azərbaycan hökuməti onun təmsil olunduğu təşkilatın 25 min avro məbləğini mənimsəyib

Foto: Elçin Abdullayevin şəxsi arxivindən


''Mühacirlərin Avropa ölkələrindəki fəallığı hakimiyyətdə narahatlıq yaradır''

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, mühacirətdə yaşayan azərbaycanlılar ölkələrinə sərbəst gələ bilərlər. “Gununsesi.org” saytına danışan deputatın fikrincə, Azərbaycan hüquqi dövlət olduğu üçün heç kəs qanunsuzluq etmədiyi halda məsuliyyətə cəlb oluna bilməz:

“O insanlar qərarlarında sərbəstdirlər. Öz ölkələrinə gələ bilərlər. Onları hər hansı bir təhlükə gözləmir. Bu sualı onlara ünvanlamaq lazımdır ki, niyə gəlmək istəmirlər”.

Deputat jurnalistin “siyasi mühacirlərin fəaliyyətin görə, qohumları burada təzyiqlərə məruz qalıbsa, özlərini də təhlükə gözləmirmi” sualına belə cavab verib:

“Əgər kimsə özünün günahsızlığına əmindirsə, hansısa qanunsuz əməldə iştirak etməyibsə, ölkəsinə sərbəst gələ bilər. Yenə də deyirəm ki, hər hansı bir təhlükə yoxdur. Son zamanlar atılan uğurlu addımları da görürsünüz. Meydan TV əməkdaşları ilə bağlı elə dünən eşitdiklərimiz buna nümunədir”.

2014-cü ildə ölkəni tərk edən Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev Meydan TV-yə deputatın sözlərinin səmimiliyinə şübhə etdiyini söyləyib:

“Cənab Seyidovun açıqlamasını oxuduqda, istər-istəməz indiki hakimiyyətin indiyə qədər hansı vədini yerinə yetirib sualı yada düşür. Bu gün birinci şəxsdən başlamış nazirlərə qədər hamısı vəd verməklə məşğuldur. Belə olanda prezident və nazirlərin, deputatların vədlərinə necə inanmaq olar? Onlar qərb ölkələri qarşısında görüntü yaratmaq üçün belə bəyanatlar verirlər”.

Elçin Abdullayevin fikrincə, mühacirlərin Avropa ölkələrindəki fəallığı hakimiyyətdə narahatlıq yaradır. Ona görə də məqsədləri Avropa ölkələrində fəallığı məhv etməkdir:

“Seyidovun da açıqlaması ona hesablanıb. Ümumiyyətlə, Səməd Seyidov insanların başının altına yastıq qoyur, bu adam dondan-dona girməyi bacarır, “peşəkar” kadr sayıla bilər. Adam deyir ki, qayıtsınlar, onlara təhlükə yoxdur, amma Avropa ölkələrində aksiyalara qatılan adamların yaxınlarını, qadınları belə polis idarələrinə aparıb təhqir edirlər. İndi necə ola bilər, bu adamlar qayıtsa, həbs olunmayacaq, inandırıcı deyil. Bir daha deyirəm, məqsəd qərb ölkələrindəki azərbaycanlıların etiraz dalğalarını yatızdırmaqdır. Məsələ bundadır ki, illərdir hakimiyyətin idarəçiliyində yalnız neqativ proseslər inkişaf edir, müsbətə doğru heç nə görünmür. Hətta mövcud hakimiyyətə vaxtilə qulluq etmiş, kiçik korrupsiya vasitəsilə varlanananların da sərvəti alınır. İndi insanlardan yalnız mədhiyyə tələb edilir. Əslində, yalan vədlər hakimiyyəti çıxılmaz duruma salır”.

Elçin Abdullayev ölkədən niyə getməsinin səbəblərini də açıqlayıb:

“Əvvəlcə vergi yoxlamaları başladı, ardınca Respublika Prokurorluğuna çağırır, sonra həbs edirdilər. Mən hakimiyyət üçün o qədər də əhəmiyyətli olmadığını düşünürdüm, amma sonra eşitdim ki, ilk onluqdayam, yəni həbs təhlükəsi yaranmışdı. O qədər tanınmış QHT-lər arasında mən və təşkilatıma qarşı bu münasibət düşündürücüdür. 2003-cü ilin oktyabr hadisələrində həbs olunduğumdan yenidən həbs həyatı yaşamaq istəmirdim. Ona görə qərara gəldim ki, hakimiyyətin aqressiv vaxtında bir qədər kənarlaşım. Düzdür, mən bəzi əvvəlcədən məsələləri hesabladığımdan 2011-ci ildə bütün QHT-lərə çağırış etdim. Əlimdə Vergilər Nazirliyinin əlavə dəyər vergisindən azad olunmaqla bağlı verdiyi sənəd vardı. Buna baxmayaraq, məlum cinayət işi mənə və təşkilatıma qarşı məhz əlavə dəyər vergisi ilə bağlı oldu. O vaxt QHT-lər haqda cinayət işi olduğu halda, fiziki şəxs olaraq mənə qarşı cinayət işi qaldırılmışdı”.

E.Abdullayev iddia edir ki, Azərbaycan hökuməti onun təmsil olunduğu təşkilatın 25 min avro məbləğini mənimsəyib. ““Qrant haqqında” qanuna görə layihənin icra olunması üçün qondarma bildiriş alınması məsələsi var, əslində, qanunda bu məsələ tam əksini tapmayıb, boşluq var. Təşkilat ABŞ-ın Marşal Fondundan qrant almıışdı, amma bildiriş gec verildi, nəticədə təşkilatın bank hesabında olan 25 min avro yoxa çıxdı, adını qoydular “Zaminbank” bağlandığı üçün orda mənimsənilib. Çox güman ki, dövlət orqanları istəməsə, həmin vəsaiti mənimsəyə bilməzlər”.

E.Abdullayev bildirib ki, QHT-lərin qeydiyyata alınmaması ilə bağlı Azərbaycan hökumətinə qarşı Avropa Məhkəməsinə 110 şikayət göndərib, onların 47-i kommunikasiya mərhələsindədir:

“Bu iddiaların şikayətçilərin xeyrinə öz həllini tapacağına inanıram”.

Ana səhifəXəbərlərElçin Abdullayev: Səməd Seyidovun səmimiliyinə şübhə edirəm