Əlayif Həsənov: Özümü məhkəmənin qarşısında yandıra da bilərəm

Vəkil iddianın mahiyyətində dəyişiklik etmək niyyətindədir

Source:
Əlayif Həsənov
Əlayif Həsənov

Vəkil iddianın mahiyyətində dəyişiklik etmək niyyətindədir

İyunun 9-da 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə vəkil Əlayif Həsənovun Vəkillər Kollegiyasına qarşı iddiası əsasında məhkəmə prosesi davam edib.

Hakim Elçin Məmmədovun sədrlik etdiyi iclasda Vəkillər Kollegiyasının nümayəndəsi çıxış edib. O, bildirib ki, Əlayif Həsənovun kollegiyadan çıxarılması barədə qərarı məhkəməyə təqdim edə bilməzlər. Çünki həmin vaxt bir neçə vəkilin məsələsinə baxılıb. Ə. Həsənovun məsələ ilə bağlı ayrıca qərar olmayıb. O, Ə. Həsənovun kollegiyadan çıxarılması ilə bağlı iclas protokolundan çıxarışları isə məhkəməyə təqdim edib.

Ötən proses zamanı Ə. Həsənovun nümayəndəsi Xalid Bağırov çıxış edərək Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Ə. Həsənovun kollegiyadan çıxarılması ilə bağlı qərarını, iclasın protokolunu və digər sənədlərin məhkəməyə təqdim edilməsini istəyib.

Prosesdə çıxış edən Ə. Həsənov isə bildirib ki, Vəkillər Kollegiyası və mantiya üçün ölmür: “Məni haqqım uğrunda mübarizədən heç nə çəkindirə bilməz. Mənim həbs edilməyim və kollegiyadan çıxarılmağımla bağlı kifayət qədər qanun pozuntuları olub. Bu qanun pozuntuları başqa orqanlarda yox, hüquqşünasların təmsil olunduğu orqanlarda baş verib. Mənimlə bağlı kollegiya qərar verəndə Azər Tağıyev məzuniyyətdə idi. Nə oldu ki, məzuniyyətdən gəlib iclasda iştirak etdi? Bundan əvvəl də ailə üzvlərimə və özümə qarşı təzyiqlər olub. Mən kifayət qədər dözümlü adamam. Amma bu haqsızlığa diqqət çəkmək üçün özümü məhkəmənin qarşısında yandıra da bilərəm”.

İclasda çıxış edən X. Bağırov isə bildirib ki, bu gün onlara kollegiyanın iclas protokolundan çıxarış təqdim edilib və orada yeni məlumatlar var. O, protokolla tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Bildirib ki, yeni məlumatlar əldə etdikləri üçün iddianın mahiyyətində dəyişiklik etmək istəyirlər.

Proses iyunun 23-də davam edəcək.

Əlayif Həsənovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı qərar qurumun Rəyasət Heyətinin ötən il 3 iyul tarixli iclasında qəbul edilib. Belə ki, Ə. Həsənovun hüquqlarını qoruduğu hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı Nuriyyə Hüseynova ötən il vəkilə qarşı iddia qaldırıb. N. Hüseynova 1 saylı Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla eyni kamerada saxlanılıb. Əlayif Həsənov Leyla Yunusa istinadən açıqlama yayıb ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Bununla bağlı Nuriyyə Hüseynova xüsusi ittiham qaydasında iddia qaldıraraq, vəkilin təhqir və böhtana görə cəzalandırılmasını istəyib. Yasamal Rayon Məhkəməsi 2014-cü il noyabrın 6-da vəkilin barəsində hökm çıxarıb. Hökmə əsasən, Əlayif Həsənov Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilib. Bu hökmdən verilmiş apellyasiya şikayəti də təmin edilməyib və hökm qüvvədə qalıb. Bundan sonra kollegiya onun məhkumluq məsələsini əsas götürərək Ə. Həsənovu üzvlükdən xaric edib.

Əlayif Həsənov bildirir ki, vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar onun məhkum olunması ilə bağlı verilibsə, bunun özü də qanunsuzdur. Belə ki, böyük ictimai cinayətlər törətməyən vəkili kollegiyadan çıxarmaq qanunda nəzərdə tutulmayıb. Əlayif Həsənov Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı qurumun qərarını qanunsuz saydığından məhkəməyə müraciət edib. O, qərarın ləğvini istəyir.

Ana səhifəXəbərlərƏlayif Həsənov: Özümü məhkəmənin qarşısında yandıra da bilərəm