Əl çəkin Lamiyədən!

Lamiyə Quliyeva 10 ildən artıqdır ki, qurbandır…

Source:

Amma indi trend olub deyə, hamı onun üzərindən xal qazanmağa çalışır. Hadisələrdən xəbəri olanda,  olmayanda özünü ağıllı və vicdanlı göstərərək, bu mövzudan yazır, danışır. Hamı özünü Lamiyənin halına yanırmış kimi göstərir. Düzü, Lamiyənin hekayəsini az-çox bilməyim, onu təcridxanada bir neçə dəfə görməyim, təcridxanada onun haqqında gedən bir çox söhbətləri, eləcə də sonuncu uşaq əhvalatı, uşağın atasının kimliyi ilə bağlı başqalarından daha çox məlumatlı olmağım bu mövzuda səssiz qalmağıma mane oldu.

Lamiyənin hekayəsinin ilk iki qismi çoxlarına məlumdur. Ancaq biz təcridxanaya gələndən sonra onun hekayəsinin artıq üçüncü qismini öyrəndik. Həbsdə olan dostlarımızdan biri sayəsində onun üçün vəkil tapıldı. Bəlkədə o vəkilin sayəsində, ya bəlkə də Lamiyənin başına gələnlərin təşkilatçısı AslanAslanov artıq vəzifədən azad edildiyi üçün təsir imkanları zəiflədiyindən, Lamiyə sonuncu cinayət işindənAli Məhkəmədə bəraət aldı. (Xatırladım ki, Kənd Təsərrufatı Nazirliyinə Heydər Əsədov nazir gələndən sonra Aslan Aslanovu müavin vəzifəsindən azad elədi).

Lamiyə bu rejimin qurbanıdır. Ədalətsiz məhkəmə sisteminin, lotu məmurların, susqun cəmiyyətin qurbanı.

Burda gəlin. Bir şeyə aydınlıq gətirək ki, sonuncu hadisədə Lamiyəyə qarşı heç bir zorakılıq olmayıb. Mənhəbsdə olarkən bunu bilirdim. Lamiyə özü də son açıqlamasında ona qarşı zorkakılıq olmadığını və hər şeyin öz razılığı ilə olduğunu bildirir. Bu, təbii ki, Lamiyəni bu günə salanların günahlarını azaltmır.

Amma sonuncu uşaq hadisəsinə, mən hamının baxdığı kimi, pis bir şey kimi baxmıram. Lamiyəni həbsdə olarkən, cox qısa da olsa, bir neçə dəfə görmüşəm. Onun öz davranışları və ona qarşı olan davranışları müşahidə eləmişəm. Təbii ki, 15 yaşından məhbəsdə keçən həyat onda öz dərin izlərini buraxıb. Bu izləri silmək çətin olacaq. Amma Lamiyənin uşağı onun üçün bəlkə də son şansdır. Onu təkrar həyata bağlayacaq və onun bu dəhşətli taleyində bir umid işığı olacaq son şans. Lamiyə öz açıqlamasında da təxminən bunu deyir: “Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depresiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi.”

Lamiyə indi bəlkə də öz uşağı ilə xoşbəxt günlərini keçirir.

Lamiyə üzərindən xal qazanmaq istəyənlərə sözüm budur ki, imkan verin Lamiyə öz həyatını yaşasın. Siz onsuz da, bu səs-küyünüzlə ona heç bir kömək ede bilməyəcəksiniz, bəlkə də daha çox ziyan vuracaqsınız.

Əl çəkin Lamiyədən! O öz payına düşənləri artıqlaması ilə yaşayıb. Yeni obyektlər tapın özünüzə!

P.S. Bu məsələdə səmimi olanlar da çoxdur. Hamının günahını almayım. Əgər kimsə Lamiyəyə və onun uşağına həqiqətən kömək eləmək istəyirsə bunu onun vəkili vasitəsilə edə bilər. Vəkilin kim olduğunu isə axtarıb tapmaq çətin deyil.

Ana səhifəMənim FikrimcəƏl çəkin Lamiyədən!