Ələsgər Məmmədli: “İki ildir ki, doğum günümü həbsdə keçirməyim, media azadlığı üçün barışmaz çabalarımın “bədəlidir”

Ələsgər Məmmədli. Foto: Meydan TV

Təcridxananın koridorlarında təsadüfən qarşılaşdığım zaman boynuma sarılan Sevincin, Nərgizin, Elnarənin məğrur, əyilməz duruşu mənə qüvvət verir

Artıq 2-ci ildir ki, heç bir suç işləmədiyim və haqqımda heç bir məhkəmə hökmü olmadan doğum günümü həbsdə 4 kv.m-lik hücrədə keçirirəm. Bu, ömrümün 30 ilindən çox sərf etdiyim media azadlığına, jurnalistika peşəkarlığına, təhlükəsizliyinə olan basqılara verdiyim reaksiyaların, hüquq müdafiəsi üçün barışmaz çabalarımın “bədəlidir”.

Ölkədə yüzlərlə jurnalistə media hüququnu, media etikasını, jurnalist peşəkarlığını təlqin və tədris etmək suç yox, qürur duyulacaq haldır. Lakin jurnalistika peşəkarlığına sadiq qalıb, barışmaz şəkildə prinsipiallıq göstərən gənclik övladlarımızın “cəzalandırılaraq” həbsdə çürüdülməsi, 11-12 illik həbslə təhdid edilməsi bir media hüququ mütəxəssisi kimi məni həddindən çox məyus edir. Ölkəmin gələcəyinə olan inamımı dərindən sarsır.

Ağır sağlıq problemlərimə,dayanılmaz ağrılarıma rəğmən, təcridxananın koridorlarında təsadüfən qarşılaşdığım zaman boynuma sarılan və üzüntüsünü göstərən Sevincin, Nərgizin, Elnarənin məğrur, əyilməz duruşu mənə qüvvət verir, mənəvi güc verir. Bütün qorxutmalara, mərhumiyyətlərə baxmayaraq, jurnalistikanın prinsiplərinə sədaqətlə bağlı olduqlarına görə, cəmiyyətin gələcəyinə verdikləri töfhəyə görə bir bədəl ödədiklərini bilir, dik duruşlarını sürdürürlər.

“AbzasMedia”, “Toplum TV”, Meydan TV” və digər xəbər məhbuslarının suçsuzluğuna özüm kimi əminəm. Onlarla jurnalist, vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi cəmiyyətdən, ailəsindən, işindən qoparılaraq həbsdə saxlanılır. Lakin bu çözüm deyil, ola da bilməz. Ölkənin media siyasətinə cavabdeh olanlar yaxşı-yaxşı düşünməli, yeni dönəmin yeni çağırışlarına qulaq verməlidirlər. Azərbaycan xalqının birlik və bərabərliyi sayəsində 30 illik problem çözülüb. Qarabağ və ətrafında işğal olan bütün ərazilərdəki işğalçılar qovulub, suverenlik tam bərpa olunub. Bu halda bir toplumsal barışa, humanizmə ciddi ehtiyac var ikən sırf fərqli düşündüyünə, media peşəkarlığına, jurnalistika prinsiplərinə sədaqətlə xidmət etdiyinə, vətəndaş cəmiyyətinə töhfə verdiyinə, hüquq müdafiəsi ilə məşğul olduğuna görə insanları şərləmək, damğalamaq, həbsə atmaq, cəmiyyətdən təcrid etmək yalnışdır. Yeni çağırışlara qulaq asmaq, yeni ağ səhifə açmaq zəruridir. Buna vaxt itirmədən start verilməlidir.

 Sonda 2 ildir doğum günümü həbsdə keçirdiyimə görə üzülən, pərişan olan və məni təbrik edən hər kəsə dərin təşəkkürümü çatdırıram. Çox sağ olun!

Ələsgər Məmmədli,

Kürdəxanı təcridxanası

24.05.2025.

Ana səhifəSiyasətƏləsgər Məmmədli: “İki ildir ki, doğum günümü həbsdə keçirməyim, media azadlığı üçün barışmaz çabalarımın “bədəlidir”