Belarusun Vətəndaşlıq və miqrasiya orqanları iranlı Mehrdad Camşidiyanın deportasiyası üzrə qərar qəbul edib. Onu vətənində ikiqat qətl törətməkdə günahlandırırlar. Bundan başqa, islam respublikasının qanunlarına zidd olaraq həmin İran vətəndaşı Belarusda xristianlığı qəbul edib. Buna görə onu ölüm hökmü gözləyir.
Mehrdad İran hakimiyyətinin qətllə bağlı ittihamları saxtalaşdırdığını iddia edir. O, siyasi motivlərə görə təqib olunduğunu düşünür.
İran hakimiyyəti Camşidiyanın ekstradisiya olunması xahişi ilə Belarusa son bir neçə ildə dəfələrlə müraciət edib, lakin Baş Prokurorluq rədd cavabı verib.
Hazırda İran vətəndaşı hər halda getməli olacaq: onu Belarusda qalmaq rejimini pozduğuna görə deportasiya etməyi qərara alıblar.
“Mən heç nəyi gizlətmirəm, mən qətl törətməmişəm”
Mehrdad Camşidyan Belarusa 1993-cü ildə gəlib və başlanğıcda burda ləngiməyi düşünməyib, lakin gələcək arvadı Yelena ilə rastlaşıb və qalıb. Artıq 1994-cü ildə böyük qızı Katrina doğulub.
“Valideynlərim uzun illərdir ki, ailə qurub. Onlar mənim üçün xoşbəxt və möhkəm ailə örnəyidir”, – Mehrdadın 19 yaşlı kiçik qızı Diana deyir.
Mehrdad Belarus vətəndaşlığı ala bilməyib. Hüquq müdafiəçisi Nasta Loykonun dediyinə görə, ailə müqavilə ilə mənzil kirələyə bilməyib, elə bu səbəbdən Camşidyan qeydiyyatda olmayıb. 2011-ci ildə Belarus hüquq-müdafiə orqanları onu ölkədə qeyri-qanuni yaşadığına görə İrana deportasiya edib.
Camşidiyan 2012-ci ildə Belarusa qayıdanda İran onun ekstradisiya olunması ilə bağlı sorğu göndərib. Vətənində onu doğma qardaşı İsmayıl və anası Azamı qətlə yetirməkdə günahlıandırıblar. İsmayıl İran müxalifətinin fəalı və Yaşıl İnqilab Partiyasının üzvü olub. Onu anası ilə birgə divara diri-diri hörülmüş halda aşkarlayıblar. İkiqat ölümə görə İranda ölüm hökmü kəsə bilərlər.
Diana atasına anasının və qardaşının qətl xəbərinin çatdırıldığı günü xatırlayır:
“Mən evə gələndə atamı gözüyaşlı gördüm. Anam dedi ki, nənəmi və əmimi öldürüblər. Atam çox həyəcan keçirirdi. Bir neçə gündən sonra İran Belarusa sənədlər göndərdi və atamı tutdular. Onda o dedi: “Narahat olmayın. Mən gedəcəm, çünki gizlətməli bir şeyim yoxdur, mən qətl törətməmişəm”.
Atam həyatının bir ilini həbsdə keçirdi. Belaruslar onun hansı əsasla təhvil verilməsi ilə bağlı sorğu göndərdilər. İran lazım olan sənədləri göndərmədi. Belarus daha atamı həbsdə saxlaya bilməzdi, odur ki, onu buraxdılar”.
Diananın dediyinə görə, Mehrdadın daha bir qardaşı və qətlə yetirilmiş İsmayılın qızı Belarusa yazaraq bildiriblər ki, Camşidyanın cinayətdə əli yoxdur. “Bu, siyasi qətl idi”, – o əmindir. Mehrdad Camşidiyanın günahkar olduğuna israr edən yeganə qohumu atası idi.
Ekstrdisiyadan imtina günahsızlığın təsdiqi deyil
Belarusun Baş Prokurorluğunun mətbuat katibi Dmitri Brılyov deyir ki, İran tərəfi sadəcə sənədləşdirməni düzgün aparmayıb.
“Belarusun Baş Prokurorluğu 2012-ci ildə Camşidiyan Mehrdad Mohammedin cinayət məsuliyyətinə cəlb olunması üçün İran İslam Respublikasına təhvil verilməsini imtina edib. Onun təhvil verilməsi ilə bağlı sənədləşdirmə işləri Belarus respublikasının CPM XV maddəsinin tələblərinə uyğun aparılmayıb. Şəxsin təhvil verilməsi ilə bağlı sorğuda gözlənilən zəmanəti almamışıq, prosessual və digər məlumatların hamısı da təqdim olunmayıb. Bununla belə, təhvillə bağlı həmin imtina Camşidiyanın ona qarşı sürülmüş cinayəti törətmədiyindən xəbər vermir. Günahın sübuta yetirilməsi bu xarici dövlətin hüquq-mühafizə orqanlarının müstəsna səlahiyyətinə daxildir”.
Sonralar Camşidiyanın İrana təhvil verilməsi ilə bağlı cinayət işi qaldırılmayıb.
İnterpol ölüm hökmü gözləyən şəxslərin siyahısını öz bazasından çıxarır
Mehrdad Camşidiyan bir müddət İnterpolun axtarışında olub, lakin 2018-ci ilin iyulunda İran vətəndaşı Belarusda saxlanılandan bir ay sonra beynəlxalq polis onu axtarışda olanların siyahısından çıxarıb.
“İran onu beynəlxalq axtarışa qaydaları pozaraq verib, daha doğrusu, sənədlərin təqdimi zamanı pozuntulara yol verilib, – Camşidiyana İnterpolun bazasından çıxmaqda yardımçı olmuş vəkil Ales Mixaleviç "Euroradio"-ya danışıb.
"Euroradio"-nun ixtiyarında İnterpolun Camşidiyanı niyə öz məlumat bazasından çıxarmasını ətraflı izah edən sənəd var. Əsas səbəb kimi Mehrdadın öz ölkəsində ölüm hökmü təhlükəsi ilə üzləşə biləcəyi göstərilir. Bu isə Ümumi İnsan Haqları Bəyannmaəsində qeyd olunan işgəncəyə qadağa və yaşamaq hüqüqlarının pozuıması deməkdir. İnterpolun nizamnaməsinin 2-ci maddəsində isə qeyd olunub ki, təşkilat “Ümumi İnsan Haqları Bəyannaməsi ruhunda” hərəkət etməlidir. Yəni İnterpolun Camşidiyanı axtarışda olan şəxslər siyahısında saxlaması öz nizamnaməsini pozması olardı.
Digər tərəfdən, izahatda Mehrdada qarşı irəli sürülmüş qətl ittihamlarının saxtalaşdırılması göstərilmir. Sənəddə sadəcə deyilir ki, cinayət işində “siyasi çalar ola bilər, lakin əldə olan məlumat siyasi elementlərin ümumi cinayət üzərində üstünlük təşkil etdiyini təsdiqləmək üçün yetərli deyil”.
Təkrar saxlanılma
Mehrdad hələ 2000-ci illərdə islamdan imtina edib və xristianlıq qəbul edib. 2011-ci ildə Belarusdan birinci deportasiya zamanı İranda bundan xəbərsiz olublar. İranda dini dəyişmək həmçinin ölüm cəzası bahasına başa gələ bilər. Mehrdad 2016-cı ildə Belarusda qaçqın statusu almağa çalışıb, lakin ona imtina ediblər. Camşidiyanı vətənində işgəncə və ölüm gözlədiyini 2017-ci ildə BMT-nin İnsan haqları üzrə Komitəsi təsdqiləyib.
Diananın dediyinə görə, 2016-cı ildə Mehrdadın İran pasportunun vaxtı bitib, bu səbəbdən də o, Belarusda qeydiyyatı uzada bilməyib. O, yeni pasport almaq üçün İran səfirliyinə getməkdən qorxub. 2018-ci ildə Belarus milisi onu ölkə ərazisində qeyri-qanuni yaşadığına görə saxlayıb.
Camşidiyan doqquz ay müvəqqəti saxlanma təcridxanasında qalıb. Orda aclığa başlayıb, lakin ailəsi vəkillə ondan bunu etməməsini xahiş edib.
“Martın 7-də (2019-cu il) biz Vətəndaşlıq və Miqrasiya Departamentinə gəldik və bizə dedilər ki, İran atamın həmin ölkənin vətəndaşı olduğunu təsdiqləyən sənəd göndərib. Deportasiya haqqında qərar alınıb. Mən yalvarırdım, oturub ağlayırdım, çox dilxor olmuşdum. Doqquz aydan sonra İranın sənədləri göndərdiyini öyrənmək məni şoka salmışdı.
Yaxşı, qoy bu deportasiya olsun, biz əlimizdən gələni edəcəyik, yuxarı instansiyalara şikayət edəcəyik. Amma mən atamın heç olmasa bir müddət bizimlə olması üçün xahiş etdim”.
Yeganə çıxış yolu başqa ölkədən sığınacaq istəməkdir
Ales Mixaleviçin dediyinə görə, Belarusun Mehrdadı təkcə İrana deyil, başqa ölkəyə də deportasiya etməyə haqqı var. Lakin burda maneə var: iranlının başqa ölkənin sərhədini keçə bilməsi üçün yararlı pasportu yoxdur.
“Pasportun olmaması böyük maneədir. Onun üçün yeganə çıxış yolu qonşu ölkəyə gedib orda siyasi sığınacaq istəməkdir. Lakin o, nəzarət altındadır, bu da məhdudiyyətdir. Lakin nəzəri cəhətdən onu İrana başqa bir ölkə vasitəsi ilə göndərməlidirlər, çünki Minsklə Tehran arasında birbaşa reys yoxdur”.
Nasta Loyko "Euroradio"-ya Belarusun Rusiyadan tranzit üçün icazə istədiyini deyib.
“Belə olan halda onu Rusiya reysində müşayiət etməlidirlər, lakin burda sual meydana çıxır: orda onu necə qarşılayacaqlar, – Mixaleviç sözünə davam edir. – Nəzəri cəhətdən onu orda gözətçi ilə qarşılmağa haqları yoxdur. Lakin gerçəkdə başqa cür ola bilər. Belarusla Rusiya çox vaxt ekstradisiyanı de-fakto həyata keçirmək üçün deportasiyaya əl atır.
Ölkənin həmişə müxtəlif yolları var. Mən Belarusun onu siyasi sığınacaq istəməsi üçün sadəcə Ukrayna, Polşa və Litva sərhədinə aparmasında heç bir maneə görmürəm. Belarus onu rahat şəkildə buraxa, sərhədi keçməsi üçün bir dəfə, ya da çox sayda istifadə oluna biləcək sənəd verə bilər”.
Belarus Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Departamenti deportasiya haqqında qərarın verildiyini təsdiqləyib, lakin əlavə şərh verməkdən boyun qaçırıb. Qərardan şikayət verilə bilər. "Amnesty International" hüquq-müdafiə təşkilatı Camşidiyanı müdafiə edib və Belarusu onu İrana təhvil verməməyə çağırıb.