Ekspert: Putin hələ gözləmə mövqeyindədir

Rusiya Prezidenti münaqişənin dayandırılması üçün əlindən gələni edəcəyini deyir

Source: meydan tv


Rusiya Prezidenti münaqişənin dayandırılması üçün əlindən gələni edəcəyini deyir

“Rusiya Dağlıq Qarabağdakı münaqişənin dayandırılması üçün əlindən gələni edir və edəcək”.

Rusiya dövlət başçısı Vladimir Putin noyabrın 4-də dini birliklərin nümayəndələri ilə görüşdə belə söyləyib.

Vladimir Putinin sözlərinə görə, Rusiya özündən asılı olan hər şeyi edir ki, Cənubi Qafqazdakı qarşıdurma mümkün qədər tez dayandırılsın.

Rusiya Prezidenti əmin olduğunu bildirib ki, bir-birinə qarşı duran tərəflərin məqsədlərinə sülh danışıqları prosesi zamanı çatmaq olar: “Hər halda biz həm Ermənistan, həm də Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, bölgədə yaşayan bütün insanları qane edəcək bir nəticə əldə edə biləcəyik”.

Siyasi icmalçı Azər Qasımlı Vladimir Putinin fikirlərində yeni heç nə olmadığını düşünür.

Azər Qasımlı Meydan TV-yə deyib ki, Rusiya dövlət başçısının bugünkü bəyanatı əvvəlkilərdən fərqlənmir:

“Sadəcə, Putin bir daha qeyd edir ki, Rusiya hər iki ölkəylə eyni məsafədədir, Minsk Qrupunun həmsədri olaraq neytral mövqedədir və problemin sülh yoluyla həllini istəyir. Bunun üçün isə müharibə dayanmalı, danışıqlar başlanmalıdır. Yəni Putin heç bir detala getməyib. Məncə, Putin hələ gözləmə mövqeyindədir”.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

1 aydan çoxdur davam edən hərbi əməliyyatlar nəticəsində 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı; 3 qəsəbə – Hadrut, Mincivan, Ağbənd və 200-dən çox kənd azad olunub.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib.

Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi – red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəXəbərlərEkspert: Putin hələ gözləmə mövqeyindədir