Ekspert: Pambığı istehsalçıdan 30 sentə alıb 1 dollar 60 sentə satmaq insafsızlıqdır

Vahid Məhərrəmov: ”Sovet dövründə rəqəmləri şişirdib Moskvanı aldatmaq olurdu, indi bazar iqtisadiyyatı dövrüdür, malın varsa, bazara çıxart, yoxdursa, heç kimi aldatma”

Source:


Vahid Məhərrəmov: ”Sovet dövründə rəqəmləri şişirdib Moskvanı aldatmaq olurdu, indi bazar iqtisadiyyatı dövrüdür, malın varsa, bazara çıxart, yoxdursa, heç kimi aldatma”

“2016-cı ildə pambıq istehsalı 30 min tondan 100 min tona qaldırılacaq. 2017-ci ildə bu rəqəm 250-300 min ton olmalıdır”.

Prezident İlham Əliyev 2016-cı il avqustun 10-da İsmayıllı rayonuna səfəri zamanı deyib ki, 2015-ci illə müqayisədə pambıq istehsalı üç dəfə artırılacaq.

İlham Əliyev qeyd edib ki, fermerlərə kömək göstərmək üçün pambıq tədarükü ilə məşğul olan qurum da yaradılır: “Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov dövlət başçısının pambıqçılıqla bağlı fikirlərini Meydan TV-yə şərh edərkən deyib ki, öncə əkin sahələrinin strukturunu müəyyənləşdirmək lazımdır. O, qeyd edib ki, hökumət pambıqçılıq sahəsinin genişləndirilməsi barədə aprel-may aylarında qərar verib. Ekspert deyir ki, pambıq istehsalı üçün əkin sahələrinin sentyabr-oktyabr aylarında hazırlandığını, aprelin əvvəlində isə toxum səpini başladığını nəzərə alsaq, bu, gecikmiş açıqlamadı.

Vahid Məhərrəmov

V.Məhərrəmov əlavə edib ki, fermer və kəndlilərdə pambıq istehsalına maddi maraq oyatmaq lazımdır: “Türkiyə və İranda 1 kiloqram pambığı istehsalçı tədarükçüyə 90 sentə təklif edir. Azərbaycanda isə məmurlar kəndliləri aldadıb pambığın 1 kiloqramını 50 qəpiyə sövdələşdilər, bu isə üç dəfə ucuz qiymətdir. Təsəvvür edin, məhsuldarlıq aşağı, suvarma, kübrə, texniki vasitələrlə bağlı problemlər isə çoxdur. Pambıq istehsalçılarından 1 kiloqram pambığı 30 sentə alıb 1 dollar 60 sentə satmaq insafsızlıqdır. Belə olan halda gələcəkdə heç bir fermer, kəndli bu sahəyə maraqlı olmayacaq.

Çıxış yolu istehsala maraq yaratmaqdır, bu istiqamətdə dövlətin üzərinə düşən ən vacib məsələlərdən biri istehsalçıların suya olan təminatını ödəməkdir. Amma bu gün suyla bağlı problem də var. Belə olan halda 100 min ton plandan danışmaq doğru deyil. Həm proqram yoxdur, həm də qəbul olunan qanunda tədarüklə bağlı ciddi çatışmazlıqlar var”.

V.Məhərrəmov qeyd edib ki, Azərbaycanda tədarük inhisarçıların əlindədir.

“Təəssüf ki, hazırkı qanun inhisarçılara xidmət edir. Hökumət üçün ciddi problem odur ki, sovet dövründə rəqəmləri şişirdib Moskvanı aldatmaq olurdu, indi bazar iqtisadiyyatı dövrüdür, malın varsa, bazara çıxart, yoxdursa, heç kimi aldatma”,- deyə V.Məhərrəmov vurğulayıb.

Ana səhifəXəbərlərEkspert: Pambığı istehsalçıdan 30 sentə alıb 1 dollar 60 sentə satmaq insafsızlıqdır