Ekspert: Hesablama qaydalarında problemlər var, şəffaflıq yoxdur

“Metropoliten rəhbərliyi dəfələrlə gedişhaqqının artırılmasına eyham vurub”

Foto: Metropoliten


“Metropoliten rəhbərliyi dəfələrlə gedişhaqqının artırılmasına eyham vurub”

“Metropoliten rəhbərliyi dəfələrlə metroda gedişhaqqının artırılacağı ilə bağlı eyhamlı çıxışlar edib. Metronun ziyanla işləməsi, bir sərnişin üçün maya dəyərinin necə hesablanması ilə əlaqədar indiyədək metropolitendən normal açıqlama görməmişik”.

İqtisadçı Natiq Cəfərli “Bakı Metropoliten” QSC-nin 2020-ci il üçün yayımladığı maliyyə hesabatını şərh edərkən belə deyib.

Onun fikrincə, “Bakı Metropoliteni” məsrəflərini sərnişinlərin hesabına qarşılayacaq ki, bu da genişhaqqının qaldırılması deməkdir: “Hesab edirəm ki, sərnişin üçün hesablama qaydalarında hansısa problemlər var, şəffaflıq yoxdur. Metropoliten dövlət müəssisəsi olduğu üçün maya dəyərinin necə hesablanması haqqında ictimaiyyətə məlumat verməyə borcludur. Son hesabatın açıqlanması isə gələcəkdə qiymət artımına mesaj kimi qəbul oluna bilər”.

“Bakı Metropoliten” QSC-nin hesabatında bildirilir ki, səhmdar cəmiyyət 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub.

Bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur.

Metropolitenin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb.

2020-ci ildə “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 40 milyon manat subsidiya ayrılıb.

Bu, 2018-ci ilə baxanda 18 faiz (8,8 milyon manat), 2019-cu illə müqayisədə isə 19 faiz (9,4 milyon manat) azdır.

Bakı metropoliteni bu il mayın 31-dən sərnişindaşıma fəaliyyətini bərpa edib.

Ana səhifəXəbərlərEkspert: Hesablama qaydalarında problemlər var, şəffaflıq yoxdur