Ekslərin Qlobal Bakı Forumu

Azərbaycan hakimiyyətinin bu Forumu keçirməkdə məqsədi ekslərdən özünə qalxan hazırlamaqdır

Source: Meydan TV


Azərbaycan hakimiyyətinin bu Forumu keçirməkdə məqsədi ekslərdən özünə qalxan hazırlamaqdır

Martın 14-də VII Qlobal Bakı Forumu keçirilib. 55 ölkədən 500-dən çox nümayəndə “Dünyanın yeni xarici siyasəti” mövzusu ətrafında iki gün müzakirə aparıb. Vəzifədə olan dövlət başçılarının müxtəlif qurumlarda apardığı müzakirələrin çox vaxt nəticəsiz olduğu günümüzdə ekslərin səsini, sözünü eşidən olacaqmı?

İlk dəfə 2013-cü il martın 7-8-də keçirilən bu tədbir I Cənubi Qafqaz Forumu adlanıb. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə düzənlənib. İkinci tədbirdə ad dəyişib: II Qlobal Açıq Cəmiyyətlər Forumu adlandırılıb. Azərbaycan hakimiyyəti, görünür, Cənubi Qafqazla məhdudlaşmaq istəməyib. Üçüncü, 2015-ci ilin 28-29 aprel tarixlərində keçirilən tədbirin adı daha iddialı olub: Qlobal Bakı Forumu. O ildən bəri ad dəyişməyib. İlk Forumda 40 ölkədən nümayəndələr dəvət olunsa da, sonrakı illərdə ölkə və iştirakçı sayı artırılıb. Görünür, bu addımı Forumu dünyamiqyaslı etmək, heç olmasa adının gurultulu alınması üçün atıblar. Ancaq bu forumlar əsasən ekslərin yığıncağı kimi tarixə düşüb. Bunu açılış mərasimində İlham Əliyevin çıxışından da görmək olur: “Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var”.

Yəni burada əsasən keçmiş dövlət başçıları, prezidentlər, keçmiş nazirlər, keçmiş siyasətçilər iştirak edir. Yeri gəlmişkən, adı qlobal olsa da, Bakı Forumları haqqında adlı-sanlı agentliklərin, xəbər kanallarının buraxılışlarında informasiya tapmaq olmur. Bu da Forumun özünün yox, yalnız adının qlobal olmağının göstəricisi sayıla bilər. Anlaşılan budur ki, Azərbaycan hakimiyyətinin bu Forumu keçirməkdə məqsədi özünün lobbilərini yaratmaq, ekslərdən özünə qalxan hazırlamaqdır. Təəssüf ki, bunun da uğurlu nəticəsi yoxdur. Baxmayaraq ki, 2013-cü ildən üzü bəri keçirilən bu Forum Azərbaycanın dövlət büdcəsindən yetərincə böyük məbləğ yeyir. Qonaqların gətirilməsi, yerləşdirilməsi, yedizdirilməsi, moderatorların, çıxışçıların qonorarı, qonaqpərvərliklə – pay-parçayla yola salınması az məbləğ eləmir. Elə təkcə dünən prezident İlham Əliyevin adından 500 nəfər qonağa ziyafət verilib, üstəlik, orada yerli iştirakçılar da olub…

Gəlin illər üzrə ölkə və iştirakçı saylarına baxaq:

I forum – 7-8 mart 2013-cü il. 40-dan çox ölkədən 200-ə yaxın nümayəndə.

II forum – 28-30 aprel 2014-cü il. 57 ölkədən 200-ə yaxın nümayəndə.

III forum – 28-29 aprel 2015-ci il. 60-dan çox ölkədən 200-dən çox nümayəndə.

IV forum – 10-11 mart 2016-cı İl. 53 ölkədən 300-dən çox nümayəndə.

V forum – 16-17 mart 2017-ci il. 56 ölkədən 260 nəfər nümayəndə.

VI forum – 15-16 mart 2018-ci il. 50-dən çox ölkədən 450-dən çox nümayəndə.

VII forum – 14-16 mart 2019-cu il. 55 ölkədən 500-dən çox nümayəndə.

Bu Forumların açılış mərasimində həmişə prezident İlham Əliyev çıxış edib, Azərbaycanın Qarabağ problemindən, eyni zamanda ölkənin uğurlarından rəqəmlərlə sitat gətirməklə danışıb. 6 il az müddət olmasa da, bu Forumdan Azərbaycanın beynəlxalq miqyasda qazancı ilə bağlı hansısa fakta rast gəlməmişik. Maraqlıdır ki, özümüzdə də bir irəliləyiş yoxdur…



Forumlardan sitatlar

Forumlarda prezident İlham Əliyev təxminən eyni məzmunlu çıxışlar edib, eyni rəqəmlər səsləndirib. İnkişafdan danışılsa da, demək olar, vəziyyətin sabit olduğu nəticəsinə gəlmək mümkündür. Bir-birini təkzib edən rəqəmlər də az deyil. Məsələn, 2015-ci ildə keçirilən III forumdakı çıxışında prezident “demək olar ki, işsizliyi tam aradan qaldıra bilmişik” deyib öyünsə də, 2016-cı il Forumunda “Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir” desə də, 2018-ci ildə keçirilən VI forumdasa “son 15 il ərzində yoxsulluğun və işsizliyin azaldılması üçün çox işlər görülüb” deyir.

Forumdakı çıxışlarında ölkə prezidentinin illər üzrə dedikləri:

I – Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə – 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır(7-8 mart 2013).

II – Hazırda yoxsulluq səviyyəsi təxminən 5 faizdir. Halbuki 10 il öncə 49 faiz olub. Surətli iqtisadi inkişaf Azərbaycan ətrafında olduqca yaxşı beynəlxalq mühit yaradır, çünki ölkəmiz daha çox tanınmağa başlayır. İndi daha çox insan Azərbaycanı tanıyır(28-30 aprel 2014).

III – Biz demək olar ki, işsizliyi tam aradan qaldıra bilmişik və hazırda bu göstərici 5 faizdən azdır. Yoxsulluq kəskin şəkildə azalaraq, 2003-cü ildə 49 faiz olduğu halda, 2013-cü ildə 5 faizə enmişdir. Hesab edirəm ki, iqtisadi və siyasi islahatlar, eyni zamanda, çox fəal sosial siyasət və insanların sosial müdafiəsi, enerji sektorunun inkişafından əldə edilən gəlirlərin toplanması, dövlət vəsaitinin xərclənməsində şəffaflıq bizim inkişafımız üçün, həmçinin vacib rol oynamışdır(28-29 aprel 2015).

IV – Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox aşağı, 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır. Son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artmışdır, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Yoxsulluq cəmi 10 il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda bir amil kimi tamamilə aradan götürüləcəkdir.

İşsizliklə bağlı mübarizə də, ilk növbədə, humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yeri yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür. İndi 5 faizdən azdır(10-11 mart 2016).

V – Xarici borcumuzun səviyyəsi olduqca aşağıdır – ümumi daxili məhsulun 20 faizi qədərdir. Bu da bugünkü dünya üçün bir az qeyri-adidir. Yəni, biz həmişə qazandığımızdan az xərcləməyə çalışmışıq və bizim xarici valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə artıqdır.Regionların geniş inkişaf proqramı sayəsində biz son 14 il ərzində yoxsulluğun səviyyəsini 10 dəfə azaltmağa müvəffəq olmuşuq. Bu gün bu göstərici 6 faiz səviyyəsindədir. İşsizlik də təqribən 5 faiz səviyyəsindədir(16-17 mart 2017).

VI – Son 15 il ərzində iqtisadi artım üç dəfədən çox olub. Dəqiq desək, iqtisadiyyat 3,2 dəfə artıb. Son 15 il ərzində yoxsulluğun və işsizliyin azaldılması üçün çox işlər görülüb. Hazırda bu iki göstərici təxminən 5 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu, hökumətimizin ən böyük nailiyyətlərindən biridir, çünki 1990-cı illərin əvvəlində olan çətin dövr hamımızın xatirindədir. Ölkəmizdə ciddi iqtisadi və sosial problemlər yaşanırdı. Hazırda Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsinin az olmasına görə dünyada ən öncül ölkələr sırasındadır(15-16 mart 2018).

VII – Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Biz Azərbaycanın əsas infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa müvəffəq olduq. Xarici borcumuzun səviyyəsi çox aşağıdır, ümumi daxili məhsulun təxminən 19 faizinə bərabərdir və ehtiyatlarımız borcumuzdan 4-5 dəfə çoxdur(14-16 mart 2019).



19, yoxsa 60 faiz?

Yoxsulluq və işsizliklə bağlı problemin həll olunmadığı göz önündədir. Bəs həqiqətənmi xarici borcumuz ümumi daxili məhsulun 19 faizinə bərabərdir? Bunu iqtisadçıdan dəqiqləşdirdik.

İqtisadçı Natiq Cəfərli: “Xarici borcun hesablanma qaydalarında bizdə problemlər var. Xarici borc dedikdə, bizdə indiyə qədər alınmış və xərclənmiş borcu sayırlar. Yəni müqavilələr var ki, borc alınacaq, onlar xarici borc kimi qeydiyyata alınmayıb. Bir də dövlət şirkətlərinin borcları da bizdə nəzərə alınmır, dövlət borcu kimi hesablanmır. SOCAR-ın borcu 8 milyarddan çoxdur. Əslində, dünyanın hər yerində, hətta Rusiyada belə dövlət borcu deyəndə şirkətlərin də götürdükləri dövlət borcu sayılır. Çünki hamısında zamin dövlətdir, bu səbəbdən onlar da dövlət borcu kimi hesablanmalıdır. Məsələn, Azərenerji, SOCAR, AZAL və başqa şirkətlərin götürdüyü kreditlərin hamısında zamin dövlətdir. Onları hesablayanda, bizdə dövlət borcu təxminən 20 milyarda yaxındır, bu da ümumdaxili məhsulun 60 faizindən bir qədər çoxdur”.

Belə, yadda saxlayın və borcu dövlət zəmanəti ilə alın, arxayın olun, hesaba alınmayacaq…

Ana səhifəXəbərlərEkslərin Qlobal Bakı Forumu