Əkrəm Həsənov: Texniki problem, yoxsa tamahkarlıq?

“Dövlət Sosial Müdafiə Fondu keyfiyyətsiz xidmətə etiraz etməli idi”

Source:



“Dövlət Sosial Müdafiə Fondu keyfiyyətsiz xidmətə etiraz etməli idi”

Son günlər Azərbaycan Beynəlxalq Bankının (ABB) bir çox bankomatlarında vəsait çatışmazlığı yaşanırdı.

Bankın mətbuat xidmətinin məlumatına görə, noyabrın ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub.

“Artıq bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib. Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər”.

“Niyə problem məhz manatın günbəgün davam edən devalvasiyası dövrünə təsadüf etdi?”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənovn deyir ki, bankın bu açıqlaması inandırıcı deyil. Çünki bu bankın bankomatlarında nağdlaşdırma həcmi həmişə yüksək olub:

“Bəlkə kimsə pensiya və əmək haqların ödənilməsini gecikdirərək bir neçə gün ərzində valyuta əməliyyatlarından külli miqdarda qazanc əldə etdi? Məsələn, təsəvvür edək ki, pensiyaların ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan banka pul daxil olub, amma bank pulu pensiyaçıların kartına otuzdurmağa tələsmir və həmin pulu dollara çevirir, bir neçə gün davam edən devalvasiyadan (noyabrın 8 günü ərzində dolların təkcə rəsmi məzənnəsi 1,6381-dən 1,6686-ya çatıb, bazar məzənnəsinə heç toxunmuram) sonra isə yeni məzənnə ilə manata çevirib kartlara otuzdurur. Fərqi isə kimlərsə cibinə qoyur”.


“Dövlət Sosial Müdafiə Fondu niyə susur?”

Əkrəm Həsənov deyir ki, artıq banklardan hər şey gözləmək olar: “Maraqlısı odur ki, Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Bank pensiya və əmək haqqının ödənilməsi üçün seçmiş digər qurumlar hara baxır? Bəlkə onlar da əlbirdir? Axı ən azı bankın keyfiyyətsiz xidmət göstərməsinə etiraz etməli idilər. Niyə susurlar?”.

Ekspert hesab edir ki, hüquq-mühafizə orqanları bu məsələləri ciddi araşdırmalıdır:

“Deyəsən, Cahangir Hacıyevin iş metodları bu bankın canından hələ tam çıxmayıb. Yeri gəlmişkən, məlumat var ki, bankın bəzi bankomatlarında hələ də pul yoxdur”.

Ana səhifəAnalitikaƏkrəm Həsənov: Texniki problem, yoxsa tamahkarlıq?