“Ehsan Zahidovun dedikləri doğru deyil”

Cəmil Həsənli növbəti dəfə açıqlama verdi

Source:



Cəmil Həsənli növbəti dəfə açıqlama verdi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin guya maşınla adam vurması barədə  hafta.az saytına açıqlama verib. DİN sözçüsü deyib ki, polisə 10 gün əvvəl baş vermiş hadisə ilə bağlı əməliyyat məlumatı daxil olub: “Məlumatda bildirilib ki, bu il sentyabrın 19-da saat 14:30 radələrində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Polis araşdırması zamanı məlum olub ki, bu qəza hüquq-mühafizə orqanlarından sürücü və piyada tərəfindən gizlədilib. Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü hər ikisi etiraf edib ki, belə bir qəza olub, onlar bunu hüquq-mühafizə orqanlarından gizli saxlayıblar, həkimə yalan danışıblar”.

Cəmil Həsənli isə bildirib ki, Ehsan Zahidovun dedikləri həqiqətə uyğun deyil: “Hadisə baş verən zaman post-patrul xidmətinin əməkdaşları həmin ərazidə olublar, baş vermiş hadisəni gözləri ilə görüblər və Adilə xanım xəsarət almadığından məsələyə ciddi münasibət bəsləməyiblər. Günel xanım Adilə Səlimovanı xəstəxanaya ərazidə olan polis işçisi ilə bərabər aparıb. Yəni Adilə xanımla yanaşı polis əməkdaşı da Günelin maşınında olub və xəstəxanaya bir yerdə gediblər. Ona görə də burada hadisəni gizlətməkdən söhbət belə gedə bilməz. Əgər prosesdə polis işçisi bilavasitə iştirak edibsə, hansı yalan danışmaqdan söhbət gedə bilər? Ola bilsin, xəbər Ehsan Zahidova təzə çatır, amma hadisə baş verən kimi polis onu araşdırıb. Araşdırma 26-cı polis bölməsində aparılıb və təxminən bir həftə əvvəl iş Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Bundan sonra da orada müvafiq araşdırma başlayıb. Cənab Ehsan Zahidov nazirlik adından bəyan edir ki, “qəza törədən sürücü piyadını həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar”. Təəssüf ki, DİN sözçüsünün bu məlumatı da doğru deyil. Günel Adilə Səlimovanı polis işçisi ilə birlikdə Respublika xəstəxanasının qəbul otağına aparanda qəbul edən həkimə və baş tibb işçisinə bildirib ki, bu qadın özünü mənim maşınıma vurub. Tibb içiləri isə deyiblər ki, belə hadisələr olur, şükür Allaha ki, heç bir xəsarət yoxdur. Adilə Səlimovanın isə orada nə deyib, deməməsi onun öz işidir”. E.Zahidov DİN adından açıqlamasında onu da qeyd edib ki, həmişə obyektivlikdən danışan insanların indi bu hadisəni nədən gizlətməsini başa düşmür.

Professor Cəmil Həsənli E.Zahidovu və onun təmsil etdiyi nazirliyi özü və ailəsi haqqında yalan məlumat yaymaqda suçlayıb. O, deyib ki, nəinki polis işçisi hadisəni görüb, Günel xanımla birlikdə, eyni maşında Adilə xanımı Respublika xəstəxanasına gətirib, hətta A.Səlimova rentgen ediləndə onun başı üzərində, yəni rentgen stolunun bilavasitə yanında dayanıb. Bunu rentgen edilən zaman çəkilmiş foto çox aydın şəkildə əks etdirir. Sadəcə rentgen çəkilişi və həkim yoxlamasından sonra Adilə Səlimovada xəsarət izləri müəyyən edilmədiyindən o, evə buraxılıb, polis işçisi görüb ki, bu gün “xəsarət” almış kimi təqdim edilən Adilə xanımda heç bir xəsarət əlaməti yoxdur. “İndi sual olunur kim yalan danışır?”- deyə Həsənli sual edib.

Ana səhifəXəbərlər“Ehsan Zahidovun dedikləri doğru deyil”