DİN polislərin Allahı söyməsi ilə bağlı deyilənlərə münasibət bildirdi
“Sosial şəbəkələrin bəzi istifadəçiləri iddia edirlər ki, guya Azərbaycan polisi dinimizi təhqir edib. Qeyd olunan iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddən başqa bir şey deyil”.
Bunu yaydığı açıqlamada DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər:
“Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib”.
“Polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şayiələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir”, – deyən Ehsan Zahidovun fikrincə, bu dəfə müqəddəs dini də öz çirkin niyyətlərinə alət etməyi hədəf götürüblər:
“Amma bilməlidirlər ki, Azərbaycan polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşır. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər”.
“Polis əməkdaşları hər zaman olduğu kimi bundan sonra da öz müqəddəs peşələrinə sadiqdirlər və heç nədən çəkinmədən xidməti vəzifələrini icra edirlər”, – Ehsan Zahidov fikrini tamamlayıb.
Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə saxlandığı Qobustan həbsxanasında aclıq aksiyasına başlayıb.
Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Meydan TV-yə bildirib ki, Taleh Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb:
“Taleh Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində inanclı vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. Taleh Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır”.
Bu aksiyaya digər inanclı fəal Abbas Hüseynov da qoşulub.
Taleh Bağırzadə və Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseynovun hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda həbs olunan digərlərinə 14 il 6 aydan 19 ilə qədır həbs cəzası verilib. Onların bir qismin sonradan əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbs olunanlar dövlət çevrilişinə cəhd, terrorçuluq və s. maddələrlə ittiham olunsalar da, heç biri bu ittihamları qəbul etmir. Taleh Bağırzadə və digərləri polislər də daxil öldürülənlərin hamısının əməliyyatçıların özləri tərəfindən qətlə yetirildiyini, onlarda silah olmadığını bildirir. Onlar həmçinin saxlanılarkən və aparılarkən, eləcə də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyi bundan əvvəl də işgəncə iddialarını təkzib edib.