“Əhaliyə təsiri ekosidlə müqayisə etmək olar”

Gürcüstandakı qızıl hasilatı şirkətinin fəaliyyəti etnik azırbaycanlıların həyatına necə təsir edir? 

Gürcüstanda əsasən etnik azərbaycanlıların yaşadığı Bolnisi rayonunda hələ Sovet dövründən qızıl, gümüş, mis çıxarılırdı. Bu proses Gürcüstan müstəqillik qazandıqdan sonra da davam edib. İşlər genişləndikcə mədən ərazilərinin sahəsi kəndlərə qədər çatıb. Bu da əhalinin narazılığına səbəb olub, hətta bir neçə kənddə məsələ ilə bağlı etirazlar keçirilib.

Qazıntı işlərini aparan isə regionda məşhur olan RMG (Rich Metals Group) şirkətidir. Şirkət Bolnisi rayonunun Kazreti qəsəbəsində yerləşir. 

Rəsmi məlumatlara görə…

Kazreti yaxınlığında “Sakdrisi” qızıl yatağı yerləşir. Buranı bəzi arxeoloqlar dünyanın ən qədim qızıl mədəni hesab edir

2006-cı ildən yataq “Mədəni irs haqqında” Qanunla mühafizə olunsa da, 2013-cü ildə Gürcüstan Mədəniyyət Nazirliyi onun prosedur pozuntuları ilə mədəni irs siyahısına daxil edildiyini iddia edərək bu statusu ləğv edib.

Muşevani kəndi yaxlnlığında karyer. Foto: Meydan TV

Qərar mədəni irs müdafiəçiləri və yerli əhalinin etirazına səbəb olub. 

Onlar hesab ediblər ki, qərar mədəndə qızıl hasil etmək istəyən “RMG Gold”un maraqlarına uyğun olaraq verilib.

Məsələ burasındadır ki, kənddə torpaqların suvarılması Maşaverə və Kazretula çaylarının qovşağından başlanan 31 kilometr uzunluğunda olan Kazret kanalı vasitəsilə həyata keçirilir. 

Almaniyanın müstəqil tədqiqat qrupları və Gürcüstan Ətraf Mühitin Tədqiqatları Agentliyinin rəsmi məlumatlarına görə, Maşavera çayının və Kazreti kanalının suları xarici investorların idarə etdiyi mədənlərin işi nəticəsində əraziyə daxil olan insan sağlamlığı üçün təhlükəli metallarla çirklənir.

Şirkət haqqında qısa məlumat…

“Rich Metals Group” (RMG) - “RMG Gold”, “RMG Copper”, “RMG Auramine” və “Caucasus Mining Group” şirkətləri 2012-ci ildən Gürcüstanda, Bolnisi, Dmanisi və Tetritskaro bölgələrində mədənçilik fəaliyyəti ilə məşğuldurlar. 

Şirkət Sovet dönəmindən qalan müəssisəni təkmilləşdirərək işə davam edib.
RMG mədənçilik fəaliyyətinə başlamaq üçün Kvemo Kartlidə lisenziya alıb. Şirkətin 4200-dən çox əməkdaşı var.

“Qərar verdik ki, bu məsələdə nəsə etməliyik

Bolnisidə azərbaycanlıların yaşadıqları kəndlərə yaxın ərazilərdə burğu işləri aparılmağa başlananda, sakinlərin narazılığını ictimailəşdirmək üçün elə regionun fəalları işə qoşulub. 

2022-ci ildə Bolnisi rayonu Muşevani kəndində RMG şirkətinin nümayəndələri ilə kənd sakinləri arasında gərginlik zamanı fəallar kəndə gələrək vəziyyətlə tanış olublar. 

Onlardan biri də “Salam” platformasının həmtəsisçisi Rabil İsmayıl olub. 

Muşevani kəndi. Foto: Meydan TV

Rabil İsmayılın sözlərinə görə, Muşevani kəndi kənarda qalmış və ümumiyyətlə nə bələdiyyə, nə də mərkəzi hakimiyyət tərəfindən diqqət yetirilməyən kəndlərdən biridir: 

“Bizim ümumiyyətlə, şəxsən mən Rabil İsmayıl olaraq, eləcə də “Salam” platforması olaraq ətraf mühit məsələlərində işləməyimiz 2022-ci ildə məhz bu kəndlə başladı. Yerli gənclər müraciət etdilər ki, bizim kənddə müəyyən problemlər var və sizinlə birlikdə onları aradan qaldırmaq istəyirik. Daha sonra tanış olduq. Bu gənclərlə birlikdə qərar verdik ki, nəsə etməliyik”.

“Green Alternative” təşkilatının nümayəndəsi, ekspert Nino Qucaraidzenin sözlərinə görə, qızıl hasilatı əraziləri dairəsinə düşən kəndlər üçün risk çox yüksəkdir və hökumət mütəmadi bölgədə monitorinqlər aparmalıdır: 

“Qızıl hasilatı və emalında hətta ən yaxşı və ən son texnologiyalardan istifadə edərkən belə, təbiətə və əhaliyə təsiri həmişə çox yüksək və xüsusilə mənfi olur. Gürcüstanda mədən işləri məsələsində isə nəzərə almalıyıq ki, bu müəssisə sovet dövründə fəaliyyətə başlayıb və həmişə xüsusi münasibətlərin obyekti olub. Orada sahibin istədiyi hər şeyi edə bilərdin. Sovet dövründən sonra şirkət həmişə hakimiyyətin ən yüksək eşelonlarında nüfuzu olan müxtəlif qrupların marağına səbəb olub və şirkət həmişə kənar müşahidələrə qapalı olub. Təbiətə təsiri də həmişə çox böyük olub. Hazırda qızılın hasil olunduğu kəndlərə çox böyük təsir var. Burada söhbət sağlamlığa təsirdən və xüsusilə kənd təsərrüfatı torpaqlarının çirklənməsindən gedir”.

Muşevani kəndi. Foto: Meydan TV

“Şirkət kənd əhalisinin tələblərini qəbul etdi”

“Avqustun əvvəllərində artıq yerli əhaliyə müraciət etdik, imzalar topladıq ki, əhali bundan narazıdır və istəmir ki, şirkət kənd ətrafında iş aparılsın. Çünki birinci karyer kənd əhalisinə hardasa 800-900 metr məsafədədir. Yəni ən yaxın qazıntı orada baş verəcəkdi. Bu o demək idi ki, ordakı partlayışlar, ordakı səs-küy yerli əhaliyi çox narahat edəcəkdi. 6 ay içində biz böyük mübarizədən keçdik və 6 ay ərzində mərkəzi media təşkilatları, beynəlxalq təşkilatlar bu məsələ haqqında danışmağa başladı”, – Rabil İsmayıl deyir.

Onun sözlərinə görə, 6 ay ərzində bu kəndin üzərində bütün dövlət qurumları, yerli güc strukturları çalışdılar ki, kəndin içində insanları bir-birinə qarşı qoysunlar. 

Sonda əhalinin böyük qismi dedi ki, biz bu şirkətlə bacarmayacağıq və razılığa getdilər:

“Amma razılığa gedəndə də tələblər irəli sürdülər. Şirkət də tələbləri qəbul etdi. Çünki şirkət bu kənddən hardasa 5 ton qızıl, 7 ton gümüş və 14 tona yaxın mis çıxaracaq, çox böyük qazanc əldə edəcək. Ona görə də kənd əhalisinin tələblərini qəbul etdi. Əhali tərəfindən tanınan, qəbul olunan yeni təşəbbüs qrupu da yaradıldı. Həmin insanlar hazırda sıx-sıx monitorinq keçirir. Şirkətlə müzakirələr edir. Çalışırlar ki, kəndin marağı həmişə ön planda olsun”.

6 ay ərzində mübarizə aparıldıqdan sonra şirkətlə kənd arasında memorandum imzalanıb.

Şirkət tərəfindən kəndə daha əvvəl bir milyon lari yardım ayrılmışdı. Memorandum imzalanandan sonra yardım 4 qat artır və yerli əhali tərəfindən yaradılan təşəbbüs qrupu proseslərə daha çox müdaxilə edə bilir.

“Meşədə ağacların kəsilməsi, qazıntıların dayandırılması, eləcə də 6 illik layihənin hansı ərazidə bitəcəyinə belə bizim yerli təşəbbüs qrupu monitorinq vasitəsilə müdaxilə edə bilər”, – Rabil deyir. 

“Bolnisi, Marneuli, Tbilisi bazarının meyvə-tərəvəzinin hər birində kimyəvi maddələr var”

Amma məsələ Muşevani kəndi ilə bitmir. İctimai fəal Rabil İsmayılın bildirdiyinə görə, RMG-nin 2045-ci ilə qədər olan lisenziyasında Bolnisinin çox böyük ərazisi var. Bura Poladauri (Çatax), Samtsevrisi (Şəmşöy), Zemo Bolnisi (İncəoğlu), Kvemo Bonisi (Kəpənəkçi) kəndləri də bu siyahıya daxildir (mötərizələrdə Gürcüstanda yaşayan etnik azərbaycanlıların yaşadıqları kəndlərə qoyduqları adlaq qeyd olunur – redaktor qeydi)

“Şəmşöy, İncəoğlu kəndlərinin qarşısında olan dağlarda artıq qazıntı yerləri görünür. Qazdıqları zibil tullantılarını ora atırlar. Eləcə də Çataxda 2021-ci ildə aşkar olundu ki, çayın rəngi dəyişib, sarı, yaşıl rəng olub. Bu o deməkdir ki, RMG bütün buranın ekosisteminə öz tullantı xətlərini çəkib. Niyə Çatax kəndinə buraxırlar tullantıları? Çünki Çatax kəndi ucqardır, burdan sonra artıq kəndlər yoxdur, meşədir. Ordan buraxırlar və yavaş-yavaş başqa kəndlərə gedir. Nəzərə alsaq ki, Şəmşöy, İncəoğlu, Çataxın özü də kənd təsərrüfatı ilə, maldarlıqla məşğuldur, bu da o deməkdir ki, Bolnisi, Marneuli, Tbilisi bazarının meyvə-tərəvəzinin hər birində kimyəvi maddələr var”.

Ekspert Nino Qucaraidzenin sözlərinə görə, hələ 2005-2011-ci illərdə Almaniyanın Gissen Universiteti Kənd Təsərrüfatı İnstitutu ilə birgə tədqiqat aparıb:

“Nəticələr isə çox təşviş doğurdu, sonra dedilər ki, təsir o həddə çatır ki, bölgəni bağlamaq, insanları oradan köçürmək barədə düşünmək lazımdır. Çünki qızıl hasilatı zamanı üst qatlara düşən ağır metallar çox asanlıqla insanın qida zəncirinə daxil olur və ağır metalların insan sağlamlığına təsiri artıq nəzəriyyə deyil. Bunun nə demək olduğunu elm artıq bilir.

Keçmiş illərdə qadınlara təsirlərlə bağlı, döş xərçəngi ilə bağlı araşdırmalar aparılırdı və nəticələr heç də ürəkaçan deyildi. O zaman dedilər ki, bunun əhaliyə təsirini ekosidlə müqayisə etmək olar. Amma bu nəticələr dərhal da gizlədildi. Tədqiqat xüsusi bir klinika tərəfindən aparıldı və sonra klinika öz nəticələrini geri götürdü. Amma rəy artıq mətbuatda dərc olunmuşdu. Yəni rəsmi sənəd kimi qəbul oluna bilərdi”.

RMG memorandumun şərtlərinə əməl etmir…

Gürcüstanın ən böyük kəndlərindən biri, əhalisi 5 minə yaxın olan Kəpənəkçi kəndinin sağ tərəfində dağlarda da artıq gümüş və qızıl aşkar olunub. 

“Araşdırmalar illərdi davam edir. Demək ki, yaxın illərdə bura da da qazıntılar başlayacaq”, – Rabil İsmayıl deyir. 

Kənan Məmmədov. Foto: Meydan TV

Dəllər kəndindəki etirazlarda fəal iştirak edən, etirazlardan sonra yaradılan təşəbbüs qrupunun üzvü, kənd sakini Kənan Məmmədov indiki şəraitdə RMG-nin gizli şəkildə işlərini genişləndirməyə və memorondumun şərtlərini pozmağa çalışdığını düşünür. 

Bundan əlavə, RMG Muşevani (Dəllər) kəndi ətrafında burğu işlərini davam etdirsə də, təbiətin yenidən bərpa işlərinə laqeyd yanaşır. Kənd sakinləri bununla bağlı bir neçə dəfə şirkət nümayəndələrinə müraciətlər etsələr də, tədbir görülmür:

“İki il bundan əvvəl RMG şirkəti ilə kənd sakinləri arasında memorandum imzalandı. Memorandumun ilk maddəsi bundan ibarət idi ki, RMG Muşevanidə 11 hektar ərazidən kənara çıxmayacaq – nə axtarış, nə də hasilat işləri üçün. Burğu işləri heç vaxt, heç bir yerdə Muşevani kəndi istiqamətində aparılmamalı və karyer heç bir vaxt genişlənməməlidir. Bu kəndlə RMG şirkəti arasında imzalanan memorondumun ilk maddəsidir. Hazırda bunun pozulduğunu düşünürük. Muşevani kəndi istiqamətində bir neçə yerdə bunu aşkar etmişik. Bunun nəticəsi çox pis ola bilər. Karyer genişlənsə, kəndə, burada yaşayan insanlara çox zərərlər dəyəcək. Biz buna inanmaq istəyirik ki, RMG 11 hektarın xaricinə çıxmayacaq, amma bu görünən odur ki, onlar dayanmayacaqlar”.

Nino Qucaraidze deyir ki, xüsusilə yeni qızıl hasilatı əraziləri dairəsinə düşən kəndlər üçün risk çox yüksəkdir. 

Ekspert vurğulayır ki, məsələ təkcə torpağın, suyun, havanın çirklənməsində deyil:

“Geta kəndində tullantı anbarı tikmək istəyərkən münaqişə baş verib. Onlar insanları anbar tikintisinin onlar üçün təhlükəsiz olduğuna inandırmağa çalışıblar. Ancaq anbardan çox da uzaqda yaşamayan insanlara bunun nə demək olduğunu söyləməyə ehtiyac yoxdur. Onlar bunu yaxşı bilirlər və münaqişə o həddə çatdı ki, sonda RMG orada tullantı anbarı tikməkdən imtina etdi. Köhnə anbarları yenidən istifadəyə verdilər, amma bu o demək deyil ki, onlar bu fikirdən birdəfəlik vaz keçiblər”.

“Mübarizə başladı”

2023-cü ildə Bolnisinin bir başqa kəndi olan Geta (Aşağı Gülaver) sakinləri ilə RMG şirkətinin nümayəndələri arasında gərginlik yaşandı. 

Bu gərginliyə səbəb kənd sakinlərinin istifadə etdikləri ərazilərdə şirkətin tullantıları yumaq üçün göl inşa etmək istəməsi olub. 

Qeta kəndi. Foto: Meydan TV

Günlərlə davam edən etirazlar nəticəsində, RMG bu layihəsindən rəsmi olaraq imtina edib. Geta (Aşağı Gülaver) kənd sakini, Nasir Namazov RMG-nin kənd yaxınlığında su anbarı tikmək istəyinə qarşı çıxanlardan olub. Kənddəki etirazlarda fəal iştirak edib:

“Camaatın təşvişə düşməsinə səbəb meşədə aparılan qazıntılar idi. O ərazi heyvanların otlaq sahəsi idi. Yazda əhalinin binəyə getdiyi, oylağa çıxdığı yerlər idi. O qazıntıları görəndən sonra gedib, orada işləyən texnikaları dayandırdıq. Bir-iki dəfə arada belə söhbət oldu. Daha sonra “Salam” ilə əlaqəyə keçdik. Burada əsas mübarizə başladı. Etiraz bir neçə həftə davam elədi. Bələdiyyəyə getdik, orada etiraz etdik. Qazıntının baş verdiyi yerə getdik, orada səs-küy oldu. Təqribən kənd əhalisnin hamısı iştirak edirdi.

Son nəticədə işi dayandırdıq. RMG-ə qalib gəldik. Hələ ki səssizlikdi, amma RMG-ə də etibar etmirik, hər an nəsə edə bilərlər. RMG-nin tikmək istədiyi su anbarı nəticəsində təxminən 90 hektardan böyük ərazinin məhv olacaqdı. Əhali olaraq qarşı durduq. RMG də rəsmi şəkildə layihədən imtina elədi.

Mübarizə etdik ki, bura bizimdir, buranı verə bilmərik. Bizim alternativ kəndimiz yox, başqa evimiz yox, başqa gəlir sahəmiz yox. Amma onların buradan başqa alternativ yerləri var idi, hansı ki su anbarını düzəldə bilərdilər. Bir neçə alternativləri var idi”.

“Transperancy Gürcüstan”ın 2015-ci ildə araşdırmasına görə, RMG Gold-un 96,21%-nin sahibi Hollandiyada qeydiyyatdan keçmiş Rich Metals Group şirkətidir, qalan səhmlər isə RMG Copper ASC-yə məxsusdur. 

RMG Gold-un baş direktoru Rusiya vətəndaşı Sergey Eqanovdur və müşahidə şurası üç üzvdən ibarətdir: Sergey Eganov, Alvidas Brusokas və Vaxtanq Faresişvilidir. 

Hazırda şirkətin rəsmi saytında icraçı direktor kimi Conni Şubitidze göstərilir. Buna oxşar Ermənistanda fəaliyyət göstərən GPM(GeoProMining) şirkəti də Rusiyalı iş adamlarına məxsusdur. Elə buna görə də, 2023-cü ilin fevralın 23-də ABŞ Xəzinədarlıq Departamenti GeoProMining-i sanksiyalar siyahısına salıb.

“Mediaşəbəkə”nin dəstəyi ilə 

Ana səhifəBölgə“Əhaliyə təsiri ekosidlə müqayisə etmək olar”