Əhali uduzdu (Təhlil)

Bu qərara Konstitusiya Məhkəməsinin deyil, başda Mərkəzi Bank olmaqla bank sisteminin qərarı kimi baxın

Source:


Bu qərara Konstitusiya Məhkəməsinin deyil, başda Mərkəzi Bank olmaqla bank sisteminin qərarı kimi baxın

Konstitusiya Məhkəməsi ən qeyri-adekvat qərarlarından birini qəbul etdi. Gözlənilən idi, amma hətta belə qanunsuz qərarı da daha savadlı yazmaq olardı. Bu qərar tamamilə bankların xeyrinə oldu. Əhali uduzdu. Bu baxımdan qərarın 6-cı bəndi tamamilə gülüncdür: “Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin”. Yəni KM deyir ki, “bağışlayın, bilirəm ki, qanuna zidd qərar qəbul edirəm və bu qərar əhalinin maraqlarına uyğun deyil, amma mən əhalini sevirəm, buna görə də ona xoş arzularımı bildirirəm”. Nə vaxtdan KM qərarlarında qanunların şərhi ilə bağlı olmayan arzularını bildirməyə, uduzan tərəfin könlünü almağa başlayıb? Bu, ilk dəfədir. Ona görə ki, qəbul etdiyi qərarın hüquqi absurdluğu və sosial ədalətsizliyinin fərqindədir. Ona görə də üzrxahlıq edir.

Nə isə, qanun, hüquq, məntiq qaldı kənarda. Gözlənilən idi. Çünki məhkəmə bir bankın təzyiqinə dözə bilər. Amma bütövlükdə bank sisteminin təzyiqinə dözə bilməz. Buna görə də ötən müddət ərzində dəfələrlə məşhur Rotşild bankçılar sülaləsinin banisinin sözlərini vurğulayırdım: “Ölkənin pullarının idarə edilməsini mənə verin və bundan sonra onun qanunlarının kim tərəfindən qəbul edilməsi heç vecimə deyil”.

KM göstərdi ki, onun üçün bankların marağı hətta dövlət büdcəsinin maraqlarından da üstündür. Belə ki, məsələn, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair” 7 dekabr 2011-ci il tarixli qərarında KM dividend vergisindən yayınmağın qanuni yolunu müəyyən etmişdi. Qanuni əsas ola-ola fiskal maraqları nəzərə almadı, amma qanunsuz olaraq bankların marağını rəhbər tutdu.

Buna görə də bu qərara KM-in deyil, başda Mərkəzi Bank olmaqla bank sisteminin qərarı kimi baxın. Bu qərarda hüquqi arqumentasiya-filan axtarmayın, çünki tapmayacaqsız, başda ayağa cəfəngiyatdır. Qərarın başqa əsaslandırması var: banklar həddən artıq ağır vəziyyətdədir və əhaliyə cüzi güzəşt belə onları məhv edə bilər. Təsadüfi deyil ki, son günlər banklara milyonlarla borcu olan “sahibkarları” həbs edirlər. Bu, o deməkdir ki, Mərkəzi Bankın banklar üzərində nəzarəti aşağı səviyyədədir, bankların maliyyə durumu acınacaqlıdır, əhalidən topladıqları əmanətləri yoldan keçənlərə kredit kimi veriblər. Buna görə də indi hər kəs daha ciddi düşünsün: belə banklara etibar etmək, onlarda əmanət yerləşdirmək olarmı?

Qərarda mənim KM-ə ünvanladığım məktublardan geniş istifadə olunub. Hətta terminologiyadan və xarici təcrübədən. Təbii ki, yalnız KM-in yekun qərarına uyğun hissədə. Ümumən isə KM mənim yazdığım arqumentləri şərh etməyib. Bu da başa düşüləndir: həmin arqumentlər rəhbər tutulsaydı, qərar fərqli olacaqdı.

Bütövlükdə KM onun iclasında çıxış edən son 3 şəxsin (deməli, onların iclasın sonunda çıxış etməsi təsadüf deyildi) mövqeyini rəhbər tutub: yəni Konstitusiyanın ödəniş vasitəsinə dair və Mülki Məcəllənin pul öhdəliyinə dair tələbləri banklara aid deyil. Həmin mövqeyin cəfəngiyat olduğunu KM-ə ünvanladığım ikinci məktubda açıqlamışam. Təkrarlamaq istəmirəm. Gələcəkdə bu qərarın ətraflı hüquqi təhlilini hazırlayacağam. İndi isə qısaca yalnız bəzi məqamlara toxunmaq istəyirəm.

1. Qərarda “Valyuta tənzimi haqqında” Qanunun Konstitusiyadan irəli gəlməsi deyilir. Halbuki, həmin Qanun Konstitusiyadan əvvəl qəbul olunub və ona ziddir. Buna baxmayaraq, fikrini əsaslandırmaq üçün KM bu Qanuna geniş istinad edir. Konstitusiya və Mülki Məcəllə isə qalıb kənarda.

2. Qərarda deyilir ki, hər kəsin mülkiyyətində xarici valyuta ola bilər. Ona görə də kredit də verilə bilər. Bu absurd məntiqi davam etdirərək demək olar ki, onda malları da xarici valyutaya dəyişdirmək olar (alqı-satqı əvəzinə). Əslində, xarici valyutanın kiminsə mülkiyyətində ola bilməsi müzakirə predmeti deyil. Axı heç kəs valyuta mübadilə əməliyyatlarının qanuniliyini şübhə altına almır.

3. “Əmanətlərin sığortalanması haqqında” və “Banklar haqqında” Qanunlara istinadən deyilir ki, orada əmanətin və kreditin xarici valyutada ola bilməsi nəzərdə tutulub. Əlbəttə, tutulub. Amma Mülki Məcəlləyə görə bu halda tərəflərdən biri xarici şəxs olmalıdır. KM adi məntiq qaydalarını da bilmir?

4. Qərarın ən məntiqsiz hissəsi MM-in 439.1-ci maddəsinin pul öhdəliyinə dair tələbi guya ki, Konstitusiyanın 19-cu maddəsinin inkişafıdır. Halbuki, Konstitusiyada söhbət ödəniş vasitəsindən, MM-də isə pul öhdəliyindən gedir. Bu barədə mən KM-ə ətraflı yazmışdım.

5. KM-ə unvanladığım məktubda Rusiya ilə müqayisə aparmışdım. Buna görə də KM də Rusiya Mülki Məcəlləsinin müvafiq müddəasına istinad edib. Amma qismən. Çünki tam istinad etsəydi, qərarının səhv olduğu aşkar olacaqdı.

6. Qərarda heç nəyə əsaslanmadan deyilir ki, MM-in 439.7-ci maddəsində söhbət yalnız manatdan gedir. Halbuki orada ümumən “pul vahidi”ndən söhbət gedir.

Yekunda vətəndaşlarımıza yalnız bir tövsiyə verə bilərəm. Görürsünüz ki, banklara münasibətdə qanunlar işləmir. Heç dövlət büdcəsinin maraqları bankların maraqları kimi qorunmur. Bu biabırçı qərardan sonra isə banklar qanunlara heç məhəl qoymayacaq. Buna görə də banklardan uzaq olun: əmanət qoymayın, kredit götürməyin və s. Bilin ki, siz həmişə haqsız, banklar həmişə haqlıdır…


P.S.

Hüquqşünas həmkarlarıma isə optimist olmağı tövsiyə edirəm. Ən azı ona görə ki, bu məsələ qanunun, hüquqşünasların cəmiyyətdə əhəmiyyətini artırdı. Həm dövlət qurumlarında, həm də özəl sektorda bundan sonra hüquqşünasların rəyi daha ciddi qəbul olunacaq. Hüquqi dövlət qurulması yolunda bu vacib addımdır. Düzdür, bu yol çox uzundur…

Ana səhifəXəbərlərƏhali uduzdu (Təhlil)