Dekabrın 22-də Müsavat Partiyasının qərargahında siyasi məhbuslarla bağlı toplantı keçirilib. Tədbirdə siyasi fəallar, ictimaiyyət nümayəndələri iştirak edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, hakimiyyətin gələcək istiqaməti dekabrın sonu imzalanacaq əfv fərmanı ilə bağlıdır:
“Hakimiyyət dərhal siyasi məhbusları azadlığa buraxmalı, ciddi siyasi və iqtisadi islahatlara başlamalı, ya da daha ciddi repressiyalara əl ataraq illər uzunu apardığı siyasəti davam etdirməlidir. Siyasi məhbusların mövcudluğuna görə Azərbaycana bütün dünyada münasibət pisləşir. Eyni zamanda Azərbaycanın özü stabil olmayan ölkə kimi dünya birliyi tərəfindən qəbul olunur. Bu isə Azərbaycana turist axınının, investesiya qoyuluşunun qarşısını alır, Azərbaycanın beynəlxalq aləmdə hansısa ümumi məsələlərə müzakirəsində mövqeyini, o cümlədən Qarabağ probleminin həlli istiqamətində gedən proseslərdə mövqeyini zəiflədir”.
Milli Strateji Düşüncə Mərkəzini rəhbəri İsa Qəmbər çıxışında bildirib ki, taleyi ilə barışmış cəmiyyətlərdə siyasi məhbus problemi yoxdur. Azərbaycanda siyasi məhbusların olması xalqın azadlıq istəyinin göstəricisidir:
“Bəzi müxalifət nümayəndələri ortaya bir tezis buraxdılar ki, müxalifət meydandan çəkilməlidir. Hakimiyyətlə xalqı meydanda üzbəüz qoymaq lazımdır. Xalq hakimiyyətlə tək qalanda meydanda öz sözünü deyəcək. Ortaya belə bir yanlış tezis qoydular. Şimali Koreya nümunəsində görünür ki, nə müxalifət, nə azad mətbuat, nə də vətəndaş cəmiyyəti var. Bir xalq var, bir də hakimiyyət. Amma xalq hərəkət etmir. Çünki xalqı hərəkətə gətirəcək qüvvə onun vətəndaş cəmiyyəti, müxalifəti, azad mətbuatı, ziyalıları, düşünən insanlarıdır”.