Əfsanəvi “Torino” və Superqa faciəsi

Qəzadan iki gün sonra, 600 mindən çox turinlinin iştirak etdiyi dəfn günü, İtaliya Futbol Federasiyası çempionatda iştirak edən komandaların razılığı ilə son 4 turun nəticələrindən asılı olmayaraq “Torino”nu çempion elan etdi.

Foto: Meydan Tv


Superqa faciəsi təkcə "Torino"ya deyil, bütün İtaliya futboluna ciddi zərbə oldu

İspaniya irsi uğrunda müharibənin gedişi zamanı 1706-cı ilin mayında Fransa və İspaniya qoşunları İtalyanın Turin şəhərini mühasirəyə alırlar. Dörd ay ərzində əhali müstəsna qəhrəmanlıqla düşmənə müqavimət göstərir. Şəhərin üzərinə hər gün 8 min top atəşi açılsa da, təslim olmurlar.

Bu zaman mühasirədəkilərin köməyinə gəlməyə çalışan Pyemont ordusunun rəhbərləri, Savoyya hersoqu və gələcək Sardiniya kralı Viktor Amadey və onun əmioğlusu, dövrünün böyük sərkərdəsi Yevgeni Savoyyalı şəhərin yaxınlığında yerləşən Superqa təpəsindən düşmən mövqelərini müşahidə edir, zəif yerlərini öyrənməyə çalışırlar.

Onlar Dora Ripariya və Stura çayları arasında düşmən qüvvələrinin daha zəif olduğu qənaətinə gəlirlər və məhz buradan hücum etməyi qərara alırlar. Bu zaman Viktor Amadey müqəddəs Məryəmdən qələbə üçün kömək diləyir və qalib gələcəkləri halda indi durduqları Superqa təpəsində onun şərəfinə məbəd tikməyi vəd edir. Onun diləyi yerinə yetir, sentyabrın 7-də baş verən döyüşdə işğalçılar məğlub edilir, Turin mühasirədən azad olur.

Ancaq müharibənin hələ davam etməsi üzündən vəd edilən məbədin tikintisinə yalnız 1717-ci ildə başlanılır və 14 il sonra başa çatır. Superqa bazilikası adını alacaq məbəd turinlilərin böyük qürurla xatırladıqları mühasirənin və qazandıqları qələbənin simvoluna çevrilir. İki əsr sonra isə Superqa bütün Turini matəmə qərq edəcək. Möhtəşəm qələbələrinə görə "Qrand Torino" (Böyük Torino) adını alan futbol komandasının uçduğu təyyarə ona toqquşaraq məhv olacaq.

***

"Torino" komandasının əsası 1906-cı ildə qoyuldu. Komanda ilk çempionluğunu 1928-ci ildə qazandı, 1936-cı ildə isə ölkə kubokuna sahibləndi. 1939-cu ildə sənayeçi Ferruccio Novo komandanın yeni prezidenti oldu. Bu, "Qrand Torino"nun əsasının qoyulduğu hadisə sayılır. Hərçənd, Novonun rəhbərliyi altında keçən ilk iki çempionat uğurlu olmadı. Torino 1939/1940 çempionatında altıncı, 1940/1941 mövsümündə isə yeddinci oldu.

Növbəti mövsüm öncəsi Novo komandaya yeni oyunçular cəlb etdi. Bir il öncə alınan Franko Ossolaya indi "Yuventus"dan Bodoyra, Feliçe Borel və Qulyelmo Qabetto, "Ambroziana"dan (indiki "İnter) Pyetro Ferraris və "Fiorentina"dan Romeo Menti qoşuldular. Bunlardan Menti 1938-ci ildə, Borel isə 1934-cü ildə İtaliya milli komandasının tərkibində dünya çempionu olmuşdular.

Yeni oyunçular "Torino"nun oyununa və nəticələrinə müsbət təsir göstərdilər. Turinlilər uzun müddət "Roma" ilə çempionluq uğrunda mübarizə apardı. Çempionatın bitməsinə 3 tur qalarkən onlar 1 xal öndə idi. Ancaq üçüncü yeri tutan "Venesiya" ilə səfər oyununda 1:3 hesabı ilə məğlub olaraq liderliyi itirdilər. Qalan iki turda da qələbə qazanan "Roma" tarixində ilk çempionluğa qovuşdu. Son turda "Fiorentina"ya da uduzan "Torino" 3 xal geri qalaraq gümüş medal qazandı.

1942/1943 mövsümü öncəsi Novo "Venesiya"nın hücüm cütlüyünü – Valentino Mazzolanı və Etsio Loiki aldı. Buna görə o zaman üçün görünməyən məbləğ – 1,2 milyon lira ödənildi, üstəlik iki oyunçu verildi. Bu məbləğlə "Venesiya" bütün borclarını ödəyə bildi.

Yeni mövsümdə çempionluq uğrunda əsas mübarizə "Torino" və "Livorno" arasında gedirdi. Bu dəfə ssenari sanki əksinə yazılmışdı. Sona 7 tur qalarkən "Livorno" 4 xal üstünlüklə irəlidə idi. Bu, o zaman qələbəyə görə 2 xal verilirdiyini nəzərə alsaq, çox böyük üstünlük idi.

Ancaq turinlilər qalan 7 oyunun hamısında qələbə qazandılar, "Livorno isə" iki məğlubiyyət (biri "Torino" ilə əyani qarşılaşmada) və bir məğlubiyyət nəticəsində 5 xal itirdilər. Son turda yalnız 86-cı dəqiqədə Mazzolanın vurduğu qol sayəsində səfərdə "Bari" üzərində qələbə qazanan "Torino" 16 illik fasilədən sonra ikinci çempionluğu qazandı.

Bu çempionatda türinlilər bir rekordun əsasını qoydular. Onlar 1943-cü il yanvarın 31-də "Yuventus"a 2:0 hesabı ilə qalib gəldikləri derbi ilə 88 oyun davam edən məğlubiyyətsiz ev oyunları seriyasına başladılar. Bu seriya yalnız "Qrand Torino"nun ölümündən sonra, 1949-cu il noyabrın 6-da elə həmin "Yuventus"la oyunda bitdi – 1:3.

Çempionatın bitməsindən bir ay sonra isə "Torino" ölkə kubokunun finalında "Venesiya" ilə qarşılaşdı. Qabettanın dublu, Mazzola və Ferrarisin qolları sayəsində "Torino" qalib gəldi – 4:0. Bu, İtaliyada bir komandanın eyni mövsümdə həm skudettonu, həm kuboku qazanmasının ilk nümunəsi idi və "Qrand Torino" erasının başlanğıcı idi.

Grande_Torino_1948_49.jpg
“Torino” klubu

1943-cü ilin sentyabrında müttəfiq (ABŞ, Böyük Britaniya və Kanada) qoşunlarının İtaliyaya müdaxiləsi ilə hərbi əməliyyatlar ölkə ərazisinə keçdi. Bunun nəticəsində İtaliya çempionatının keçirilməsi iki il təxirə salındı və yalnız 1945-ci ilin okyabrında növbəti çempionat start götürdü.

Dövrün çətinliklərini nəzərə alaraq çempionat iki mərhələdə keçirildi. Komandalar şimal (14 klub) və mərkəz-cənub (11 klub) qruplarına bölünmüşdülər. Hər qrupda ilk 4 yeri tutan komandalar final mərhələsinə çıxdılar. "Torino" həm ilkin, həm də son mərhələni birinci yerdə başa vuraraq öz titulunu qorudu. İkinci mərhələdə ciddi rəqabət təşkil edən "Yuventus" yalnız 1 xal geridə qaldı. Qulyelmo Qabetto 22 qolla çempionatın ən yaxşı bombardiri oldu.

Növbəti iki mövsümdə baş verənlər isə nağılvari bir şeylər idi. "Torino" 1946/1947 mövsümünün sonuna 3 tur qalmış rəqibləri üçün əlçatmaz olaraq dalbadal üçüncü dəfə çempion oldu. İkinci yeri tutan "Yuventus" yekunda çempiondan 10 xal geri qaldı. "Torino" 38 turda rəqib komandasının qapısından 104 top keçirdi (Mazzola 29 qolla çempionatın ən yaxşı bombardiri oldu). Ancaq bu heyrətamiz nəticələr növbəti çempionatda daha da yaxşılaşdırıldı.

1947/1948 mövsümündə 28 turdan sonra "Torino" və "Milan" hərəyə 42 xal toplayaraq çempionluq uğrunda mübarizə aparırdılar. Son 12 turda "Torino" 11 qələbə və 1 heç-heçə ilə cəmi 65 xal topladı. "Milan" isə inanılmaz dərəcədə zəif oynayaraq yekunda 49 xal yığdı. Beləcə, şempion və vitse-çempion arasındakı fərq 16 xal oldu. Turinlilərin rəqib qapısında vurduqları qolların sayı isə bu dəfə 125 idi. Həm bu göstərici, həm də 31-ci turda "Alessandriya" üzərində 10:0 hesablı qələbə İtaliya çempionatlarının indiyə qədər yenilənməyən rekordlarıdır. Bombardirlərin yarışında Mazzola (25) və Qabetta (23) "Yuventus"lu Bonipertidən (27) sonra ikinci və üçüncü oldular.

Bu illərdə "Torino" evdə çıxış edərkən xüsusi "15 dəqiqəlik parça" deyilən tamaşa göstərirdi. Bu parçanın başlanmasının dəqiq vaxtı yox idi, amma əsasən ikinci hissədə baş verirdi. Hər şey komandanın sadiq azarkeşi, Turin dəmiryolu stansiyasının rəisi Orest Bolmidanın şeypur çalması və Mazzolanın qollarını çırmalaması ilə başlayırdı. Sürəti artıran "Torino" bu 15 dəqiqə ərzində bacardıqca çox qol vurmağa çalışırdı.

Bəzən rəqib zəif olarkən, turinlilər bilərəkdən imkanlarından aşağı səviyyədə oynayır və tamaşaçıların bu 15 dəqiqəlik parçanı səbirsizliklə gözləmələrinə çalışırdılar. Alessandriya ilə oyunda bu şeypur 75-ci dəqiqədə çalındı. Həmin zaman hesab 4:0 idi, son 15 dəqiqədə daha 6 qol vuruldu.

1940-cı illərin ikinci yarısında İtaliya milli komandası əsaəsn bordo rəngli formanı çıxarıb göy rənglisini geyinən "Torino" futbolçularından ibarət idi. 1947-ci ildə İsveçrə ilə yoxlama oyunu (5:2) zamanı meydanda 9, Macarıstanla yoxlama oyunu (3:2) zamanı isə 10 "Torino"lu vardı. Sonuncu halda yalnız qapıçı Lusidio Sentimenti Turinin başqa komandasını, "Yuventus"u təmsil edirdi.

1948/1949-cu illərin İtaliya çempionatı "Torino" üçün əvvlki iki ildə olduğu kimi rahat keçmədi. Komanda 14-cü turdan sonra birinci yerə qalxıb liderliyi əldən verməsə də "İnter" onu 4 xallıq geriləmə ilə izləyirdi. Bu komandaların aprelin son günü Milanda keçiriləcək qarşılaşmasından çox şey asılı idi.

***

1949-cu il fevralın 27-də Genuyadakı Luigi Ferraris stadionunda İtaliya və Portuqaliya komandaları arasında yoxlama oyunu keçirildi. İtalyanların 4:1 hesablı qələbəsi ilə bitən oyundan sonra komandaların kapitanları Mazzolo və Çiko Fereyra arasında söhbət oldu. Bu söhbət zamanı Fereyranın şərəfinə "Benfika"-"Torino" qarşılaşmasının keçirilməsi müzakirə olundu. Həmin oyunun mayın 3-də keçirilməsi nəzərdə tutulurdu.

İndi, aprelin sonlarında Feruccio Novo Lissabona uçmağa icazə vermək üçün bir şərt qoydu: "İnter"lə matçda uduzmamaq və dörd xallıq fərqi ən azı qorumaq. Turinlilər bu vəzifənin öhdəsindən gəldilər – oyun 0:0 hesabı ilə bitdi. Bu, "Qrand Torino"nun İtaliya çempionatında son oyunu oldu.

Mayın 1-də Lissabona yola düşən komanda iki gün sonra "Benfika"ya qarşı oyunda 3:4 hesabı ilə məğlub oldu. Ertəsi gün isə Lissabon-Barselona-Turin marşrutu ilə geri qayıtdı. Barselona hava limanında onlar "Real"la yoldaşlıq oyunu keçirmək üçün Madridə uçan "Milan" futbolçuları ilə görüşdülər və İtaliyaya yollandılar.

Turində isə hava şəraiti olduqca pis idi. Aeritalia hava limanından pilotlara verilən məlumatda buludlar çox aşağıda olduğu, leysan yağdığı xəbər verilir. Üfüqi olaraq yalnız 40 metrlik məsafəni görmək mümkün idi. Bundan əlavə, təyyarədə texniki nasazlıq baş verir. Uçuş hündürlüyünü göstərən cihaz 2000 metrdə ilişib qalır. Bu da pilotları həmin hündürlükdə olduqlarına inandırır, halbuki 600 metrə enmişdilər. Ancaq yeri vizual olaraq görmədiklərindən bunun fərqində deyildilər. Təpənin üzəində yerləşən Superqa bazilikasının hündürlüyü isə dəniz səviyyəsindən 669 metrə çatır.

Məbədin təhlükəsiz məsafədə olduğunu düşünən pilot onu qəfildən öz qarşısında görür. 180 km/saat sürətlə uçan təyyarə ilə Superqa arasında məsafə o qədər az idi, sonrakı araşdırmalar pilotun toqquşmadan yayınmaq üçün cəhd belə göstərmədiyini aşkar etdi. Sol qanadı ilə məbədə toxunan təyyarə fırlanaraq böyük sürətlə yerə çırpıldı. Təyyarədə 18 futbolçu, 6 texniki heyət üzvü, 3 jurnalist və 4 heyət üzvü olmaqla 31 nəfər vardı. Onların hamısı həlak oldu. Əfsanəvi "Torino" bir göz qırpımında yox oldu.

Böyük komandadan yalnız iki nəfər sağ qaldı. Müdafiəçi Sauro Toma zədəli olduğu üçün Lissabona getmədi. Komandanın ikinci qapıçısı Renato Qandolfininin yerinə isə üçüncü qapıçını apardılar. Prezident Ferucco Novo da qripə yoluxduğu üçün evdə qaldı.

Fiat_G.212_I-ELCE_tragedia_Superga.jpg
Futbolçuların olduğu təyyarə qəzası

Qəzadan iki gün sonra, 600 mindən çox turinlinin iştirak etdiyi dəfn günü, İtaliya Futbol Federasiyası çempionatda iştirak edən komandaların razılığı ilə son 4 turun nəticələrindən asılı olmayaraq "Torino"nu çempion elan etdi. Bununla belə, komandanın gənclərdən ibarət oyunçuları son oyunları oynadılar. Rəqiblər – "Fiorentina", "Genoa", "Sampdoriya" və "Palermo" da ehtiram əlaməti olaraq, gənc oyunçularla çıxış etdilər. Bütün oyunları udan turinlilər "İnteri"i 5 xal qabaqladılar. Bu "Qrand Torino" əfsanəsinin son akkordu oldu.

Superqa faciəsindən sonra "Torino" öz əzəmətini bərpa edən bilmədi və İtaliya çempionatında çox vaxt orta yerləri tutdu. Ötən 70 il ərzində komanda hətta 5 dəfə B seriyasına düşdü. Son və Superqadan sonra yeganə çempionluğa 1975/1976 mövsümündə nail olundu. Bundan əlavə, iki gümüş, dörd bürünc müdallar və üç dəfə İtaliya kuboku qazanıldı.

1991/1992 mövsümündə "Torino" UEFA kubokunun finalına çıxdı. Onun rəqibi "Ayaks" komandası idi. Turində 2:2 hesablı nəticədən sonra Amsterdamda qolsuz heç-heçə qeydə alındı. Beləliklə, rəqib meydançada vurulan qol hesabına kuboku "Ayaks" qazandı.

***

Superqa faciəsi təkcə "Torino"ya deyil, bütün İtaliya futboluna ciddi zərbə oldu. Bir çox italyan əmindir ki, əgər bu qəza olmasaydı, bir il sonrakı dünya çempionatında məhz İtaliya qalib gələcək və ilk üçqat dünya çempionu kimi Jül Rime kubokuna həmişəlik sahiblənəcəkdi.

Ancaq Superqanın doğurduğu şok o qədər güclü idi ki, İtaliya millisi 1950-ci il dünya çempionatının keçirildiyi Braziliyaya təyyarə ilə deyil, gəmi ilə yollandı. Üç komandanı iştirak etdiyi qrupda ikinci yeri tutaraq növbəti mərhələyə çıxa bilmədi. İtalyanlar yalnız 1968-ci ildə Avropa çempionu və iki il sonrakı dünya çempionatınta vitse-çempion olmaqla futbol Olimpinə qayıtdılar.

Superqa faciəsində həlak olanların siyahısı:


Oyunçular:


Valerio Bacigalupo;


Dino Ballarin;


Aldo Ballarin;


Emil (Milo) Boncorni;


Eusebio Kastilyano;


Rubens Fadini;


Qulyelmo Qabetto;


Roger (Ruggero) Revelli Qrava;


Cuzeppe Qrezar;


Etsio Loik;


Virgilio Romualdo Maroso;


Danilo Martelli;


Valentino Mazzola;


Romeo Menti;


Pyero (Pyerino) Operto;


Franko Ossola ;


Mario Rigamonti;


Yulius (Giulio) Şubert.


Rəhbərlik və məşqçilər:


Egidio (Arnaldo) Agnisetta;


Ippolito Civalleri;


Andrea Bonaiuti;


Eqri Erbşteyn;


Lesli Livsli;


Ottavio Cortina.



Jurnalistlər:


Renato Kasalbor;


Renato Tosatti;


Luigi Kavallero.



Təyyarənin heyəti:


Pyerluigi Meroni;


Çesare Byanciardi;


Çeleste D'Inca;


Antonio Pangrazzi.


P.S.

Macar futbolçusu Ladislav Kubala 1949-cu ilin yanvarında kommunist rejimindən qaçaraq Vyanada məskunlaşmışdı. "Torino" onunla müqavilə imzalasa da, Macarıstan federasiyasının tətbiq etdiyi və FİFA-nın təsdiqlədiyi diskvalifikasiya üzündən rəsmi oyunlara çıxa bilmədi. Lissabona uçmazdan öncə "Torino" rəsmiləri onunla əlaqə saxlayaraq səfərə dəvət etdilər. Kubala öncə razılıq verdi. Ancaq həmin ərəfədə dnyaya yenicə uşaq gətirən arvadı ondan yanında qalmasını xahiş etdi və beləliklə həyatını qurtardı.

Ana səhifəXəbərlərƏfsanəvi “Torino” və Superqa faciəsi