Əfrus Hacıyeva Meydan TV-ni məhkəməyə verib

Saxtakarlığa yol verdiyi MSK səviyyəsində təsdiqlənən məntəqə komissiyası qəzeti onun nüfuzuna xələl gətirməkdə ittiham edir

Source:

Bələdiyyə seçkiləri zamanı qanun pozuntusu aşkarlanan Yasamal rayon 12 saylı seçki məntəqəsinin sədri Əfrus Hacıyeva “Azadlıq” qəzetini və Meydan TV-ni məhkəməyə verib. Bu barədə rəsmi məktub Meydan TV-nin elektron poçtuna göndərilib. Məhkəmə iddiası 12 saylı məntəqənin üzvləri adından hazırlanıb. Komissiya üzvləri redaksiyaları onların şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirməkdə ittiham edir, buna görə 5 min manat mənəvi təzminat və təkzib tələb edirlər.

İddiaçılara görə, “Azadlıq” qəzetində və Meydan TV-də 12 saylı məntəqədə saxtakarlığın baş verdiyinə dair getmiş materiallar onların şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzlarına xələl gətirib.

23 dekabrda keçirilən bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı Cavid Abdullayev Yasamal rayonu 12 saylı seçki məntəqəsində seçicinin qutuya topa bülleten atdığını çəkib və məntəqə sədrinə baş verən halı dedikdə o, jurnalistin işinə müdaxilə edib və onu məntəqədən çıxarıb.

MSK 12 saylı məntəqədə baş vermiş qanun pozuntusunu əsas gətirərək onun nəticələrini ləğv edib və məntəqə komissiyasını buraxıb.

 “Azadlıq” və “Meydan TV”-nin məhkəməyə verilməsi İlham Əliyevin fevralın 3-də  “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi barədə sərəncamı imzaladıqdan 3 gün sonraya təsadüf edir. Sərəncama əsasən mətbu orqan il ərzində 2 dəfə məhkəməyə verilsə, onun fəaliyyətinə xitam verilə bilər.

Ana səhifəXəbərlərƏfrus Hacıyeva Meydan TV-ni məhkəməyə verib