Əfqan Sadıqov quru aclığa başlayıb

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

Hazırda üçüncü ölkədə olan ailəsi Gürcüstan səfirliyinin qarşısında aksiya keçirmək niyyətindədir

Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib.

136 gündür aclıq edən Əfqan Sadıqov fevralın 2-dən su və dərman qəbulundan imtina edib.

Xanımı ondan quru aclıqdan imtina etməsini xahiş edib.

“Ancaq Əfqan dedi ki, quru aclığı axıradək davam etdirəcək. Onun sağlamlıq durumu çox ağırdır. 42 kiloqram çəki itirib”, –  Sadıqova  deyib.

“Əfqan siyasi sifarişlə həbs edilib. Gürcüstan hakimiyyəti Bakının sifarişini icra edir. Yanvarın 31-də onu sübh tezdən aparıblar məhkəməyə, məhkəmə saat 15:00-da başlayıb. Bu, Gürcüstan hakimiyyətinin ona qarşı münasibətini bir daha nümayiş etdirib. 130 gündən çox aclıq edən adama əziyyət vermək olarmı? Əfqan təcridxanadan kitab istəyib, verməyiblər ki, Azərbaycan dilində kitab yoxdur. Vəkili Azərbaycan dilində kitab aparıb, o kitabı da vermirlər”, – xanımı deyib.

Hazırda Sadıqova üç uşaqla birlikdə üçüncü ölkədədir və orada Gürcüstan səfirliyinin qarşısında aksiya keçirmək niyyətindədir.

“Azel. TV” saytının rəhbəri Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib.

2024-cü ilin iyulunda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Əfqan Sadıqov həbs edilib.

Bakıda onu hədə yolu ilə tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər.

O, həbsinə və ona sığınacaq verilməməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir.

Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və onu həbsxana xəstəxanasına köçürüblər.

Yanvarın 31-də Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini daha üç ay uzadıb.

Ana səhifəSiyasətƏfqan Sadıqov quru aclığa başlayıb