Gürcüstan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra edib
“Azel TV” saytının Gürcüstanda həbsdə olan təsisçisi Əfqan Sadıqovun məhkəmənin qərarı ilə azadlığa buraxıldığı bildirilir.
Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.
“Gürcüstan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etdi. Bunu əminliklə deyirəm ki, yaxın gələcəkdə biz bu saxta cinayət işinin bəraətini də mütləq alacağıq”.
Sosial Ədalət Mərkəzindən (Social Justice Center) verilən məlumata görə, Tbilisi Şəhər Məhkəməsi Prokurorluğun vəsatətini qəbul edərək Əfqan Sadıqov barəsində istifadə etdiyi esktradisiya məhbusluğunu girovluqla əvəz edib. Gürcüstan Qanunvericiliyinə əsasən, ekstradisiya məqsədilə məhbusluğun maksimum müddəti 9 aydır. Əfqan Sadıqov üçün bu müddət 3 may 2025-ci ildə başa çatırdı. Bunun üçün Gürcüstan prokurorluğu məcbur qalaraq həbs qətimkan tədbirini əvəz etmək tələbilə məhkəməyə müraciət edib.
Sosial Ədalət Mərkəzi Əfqan Sadıqov barəsində ümumiyyətlə qətimkan tədbirinin seçilməməsini tələb edirdi, lakin məhkəmə bu vəsatəti qəbul etməyib. Əfqan Sadıqova qarşı 5 000 lari ( təqribi 3 min AZN) miqdarında girov qətimkan tədbirini seçib.
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovla bağlı verdiyi qərarı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən 27 fevral 2025-ci ildə verilən qərarla əsaslandırıb. Avropa Məhkəməsi həmin qərarla, təqibə məruz qalmış jurnalistin Azərbaycana ekstradisiyasını Gürcüstan Hakimiyyətinə qadağan etmişdi.
2025-ci il yanvarın 31-də Tbilisi şəhər Məhkəməsi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzatmışdı. Ondan öncə Gürcüstanın Sosial Ədalət Mərkəzi bildirmişdi ki, Avropa Məhkəməsinin qərarına görə, Gürcüstan məhkəməsi bu iş üzrə yekun qərar qəbul edənə qədər Sadıqov Azərbaycana ekstradisiya olunmamalıdır.
Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. Ötən ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmadığını söyləyib. Avqustda Azərbaycanın sorğusu ilə Əfqan Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul etmişdi. Lakin qərar icra edilməmişdi.
“Azel TV” saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq o, ittihamı qəbul etmir, işi qurama sayırdı. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb.
Azadlığa çıxdıqdan sonra da o, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası almışdı. Əfqan Sadıqov həmin vaxt da ittihamı qəbul etmirdi.