Əfqan Muxtarlıya əlavə vergi hesablanıb

Vəkil jurnalistlə görüşüb

Source:


Vəkil jurnalistlə görüşüb

Sentyabrın 25-də Vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

Bu barədə vəkil “Facebook” səhifəsində məlumat paylaşıb.

E.Sadıqov bildirib ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı Əfqan Muxtarlıya 20.09.2017-ci il tarixli 1700917026109419 saylı Səyyar Vergi Yoxlaması AKTI-nı təqdim edib:

“Məlum oldu ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı tarixdən indiyədək olan dövr üzrə fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edib. Həmin qərar əsasında səyyar vergi yoxlaması keçirilib və Ə.Muxtarlıya bu barədə heç bir məlumat verilməyib. Tələbnamələr naməlum jurnalistə aid olmayan ünvanlara göndərilib. Bank-hesab məlumatları məhkəmə qərarı olmadan çıxarılıb”.

Vəkilin sözlərinə görə, Əfqan Muxtarlıya 110,95 (bir yüz on manat 95 qəpik) əlavə vergi hesablanıb:

“Əfqan Muxtarlı AKT-ın qanunsuz olduğunu, lakin həmin pulu ödəyəcəyini bildirdi”.

Ə. Muxtarlı mayın 29-da saxlanılıb. Onunla bağlı yayılan rəsmi məlumatda Ə. Muxtarlının Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.

Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

İttihamları qəbul etməyən Əfqan Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir. Onun cinayət işi Meydan TV ilə bağlı cinayət işinə birləşdirilib.

Ana səhifəXəbərlərƏfqan Muxtarlıya əlavə vergi hesablanıb