Jurnalistin apelyasiya şikayəti təmin edilməyib
İyulun 14-də Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının üzərində baxış keçirilməsi, telefonunun yaddaşına baxılması, elektron poçtuna, “Facebook”, ”Whatsapp” hesabına daxil olunması ilə bağlı şikayətinə baxılıb.
Prosesdə Əfqan Muxtarlı özü də iştirak edib. Şikayəti təmin olunmayıb.
Bu barədə məlumatı vəkil Elçin Sadıqov verib. Bildirib ki, Əfqan Muxtarlının səhhəti ağırlaşıb, xüsusilə mədəsindəki ağrılar kəskinləşib:
“İyulun 13-də Ombudsman Aparatının nümayəndələri Əfqan Muxtarlı ilə görüşüb. Amma onun yeməyinin isidilməsi ilə bağlı problemin həllində hər hansı kömək göstərməyiblər”.
Elçin Sadıqov deyib ki, artıq jurnalistin yerli məhkəmələrdəki bütün işləri yekunlaşıb:
“Əfqan Muxtarlının şikayəti tam hazırdır. Bu günlərdə Avropa İnsan Haqları məhkəməsinə göndəriləcək. Avropa İnsan Haqları Məhkəməsi Əfqan Muxtarlının işinə prioritet qaydada baxılması haqda qərar qəbul edib”.
Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.