“Əfqan Muxtarlını necə tanıdığımı soruşdular”

İyunun 21-də müstəqil jurnalist Natiq Cavadlı Baş Prokurorluqda dindirilib.

O, prokurorluqdan çıxdıqdan sonra jurnalistlərə açıqlama verib. Jurnalist Əfqan Muxtarlı barəsində açılan cinayət işində şahid qismində ifadə verdiyini söyləyib.

“Dindirmə jurnalist Əfqan Muxtarlı və “Meydan” TV İnternet resursun fəaliyyəti üzrə cinayət işilə bağlı idi. İstintaq sirri olduğundan ərtaflı məlumat verə bilmirəm”.

Bundan əvvəl Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, jurnalistlər Xədicə İsmayıl və Sevinc Vaqifqızı Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

Jurnalist Ə.Muxtarlı mayın 29-u yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Ana səhifəVideo“Əfqan Muxtarlını necə tanıdığımı soruşdular”