Hüseyn Bakıxanovun ölümü ilə bağlı Berlində aksiya keçirilib
Avqustun 16-da Gürcüstanın Berlindəki səfirliyi önündə Tbilisidə azərbaycanlı müxalif bloger Hüseyn Bakıxanovun ölümü ilə bağlı etiraz aksiyası keçirilib.
Məlumatı hazırda Berlində yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı paylaşıb.
Jurnalist bildirib ki, aksiya iştirakçıları Gürcüstan hakimiyyətindən qətlin ədalətli araşdırılmasını, hoteldəki görüntülərin ictimaiyyətə təqdim edilməsini, qətl işi ilə bağlı müstəqil araşdırma qrupunun fəaliyyətinə imkan verilməsini tələb ediblər: “Avropa Birliyinə üzv olmaq istəyini bəyan edən İrakli İvanaşvili hakimiyyətinin səfiri aksiyanın qətnaməsini qəbul etməkdən imtina etdi. Belə bir halla Avropada ilk dəfə idi üzləşirdik. Avtoritar rejimlərin özlərinə bənzər səfirləri olur”, – deyə Əfqan Muxtarlı bildirib.
Tbilisidə yaşayan Hüseyn Bakıxanovdan iyulun 13-dən xəbər alınmayıb.
Sonradan onun Tbilisinin mərkəzindəki otellərin birinin damından düşdüyü məlum olub, ancaq hadisənin intihar, yoxsa qəsd olduğu barədə açıqlama verilməyib.
Gürcüstan Daxili İşlər Nazirliyin hadisə ilə bağlı hər hansı açıqlama verməyib.
Hüseyn Bakıxanov Bakıda mayın 7-də keçirilən aksiyada həbs edilib, ona 15 sutka inzibati həbs verilib.
Fəal daha öncəki açıqlamalarında polis bölməsində saxlanıldığı zaman işgəncəyə məruz qaldığını bildirmişdi.
Hüseyn Bakıxanov ölümündən bir müddət öncə özünün “Youtube” kanalında paylaşdığı videoda bildirirdi ki, Tbilisinin mərkəzində beş azərbaycanlının hücumuna məruz qalıb.
“Birdən məni təhqir etməyə başladılar. Onlara cavab verməyə çalışanda mənə hücum etdilər”, – deyirdi.
O, videonu təcili yardım maşınında qeydə almışdı. Polisə və təcili yardıma özünün zəng etməli olduğunu deyirdi. Bildirirdi ki, o, Azərbaycandan qaçıb və Gürcüstandan qaçqın statusu almasına bir neçə gün qalıb.
Hüseyn Bakıxanovun ölümü ilə bağlı açıqlama verən hüquq müdafiəçisi, hazırda Gürcüstanda yaşayan Aftandil Məmmədov Meydan TV-yə bildirib ki, o, Tbilisiyə azadlığa çıxandan sonra, iyunun əvvəli gəlib və Gürcüstan hökumətindən siyasi sığınacaq istəyib: “Özünü dolandırmaq üçün müxtəlif işlər görürdü. Bir ara tikintidə işləyirdi, eyni zamanda, ingilis və rus dillərindən tərcüməçilik edirdi. Mənimlə də hüquqi yardım istəmək üçün əlaqə saxlamışdı“.
Aftandil Məmmədov deyir ki, adətən, 2-3 gündən bir Hüseyn Bakıxanov ona zəng edirmiş. Uzun müddət zəng etməyəndə şübhələnib, axtarmağa başlayıb: “Məndə olan nömrələrinə zəng etdim, bağlı idi. Düşündüm ki, yəqin, enerjisi bitib, yaxud işdədir, bağlayıb. Bir neçə gün də səs çıxmayandan sonra “Facebook”da bununla bağlı status yazdım. Sonra Tbilisidə olan beynəlxalq təşkilatlara müraciət etdim. Dedim, ayın 13-dən bu yana ondan xəbər ala bilmirəm, axtarmaqda mənə kömək edin. Ağlıma gəlmirdi ki, belə hadisə baş verəcək. Mənə zəng edib dedilər ki, Hüseyn Bakıxanov ölü tapılıb”.