Jurnalist Gürcüstana buraxılmayıb
Oktyabrın 9-da Almaniyada mühacir həyatı yaşayan jurnalist Əfqan Muxtarlı Gürcüstana buraxılmayıb. Bu barədə Meydan TV-yə danışan jurnalist bildirib ki, ona mane olanlar Gürcüstan Hava Yolları şirkətinin və Gürcüstan konsulluğunun əməkdaşları olub.
Həmin şəxslər "Şenefeld" Hava Limanında Əfqan Muxtarlının önünü kəsib və bildiriblər ki, sənədlərində yanlışlıq var. Buna görə Gürcüstana uça bilməz.
Əfqan Muxtarlı deyir ki, 2017-ci ildə Tbilisidə oğurlanması ilə bağlı Gürcüstan prokurorluğunda ifadə verməli idi. Bununla bağlı əlində Gürcüstan Baş Prokurorluğunun dəvəti də olub:
"Mən təxminən 15 gün əvvəl Gürcüstana getmək üçün Gürcüstan Hava Yollarından bilet almışam. Eyni zamanda, Gürcüstan qanunvericiliyinə əməl edərək Gürcüstan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş əcnəbi vətəndaşların bu ölkəyə səfərilə əlaqədar blankı da doldurmuşam. O vaxt qaydalar belə idi ki, Almaniya, Estoniya, Fransa və Latviya vətəndaşları və bu ölkələrdə oturumu olan şəxslər Gürcüstana turist səfəri edə bilərlər. Bunun üçün blank doldurdum və şərtlərdə tələb edilən koronavirus testini verdim. Üstəlik, məndə prokurorluğun ifadə vermək üçün dəvət məktubu da var. Bir neçə gün sonra mənə cavab gəldi ki, bəli, siz qeydiyyata alındınız, Gürcüstana gələ bilərsiz. Əgər səhhətinizlə bağlı hər hansı problem çıxarsa, təcili tibbi yardıma müraciət etməyimlə bağlı məsləhətlər də verdilər. Bir neçə şərtlər də var idi. Məsələn, hansı evdə qalacağamsa, onu göstərməliyəm və s kimi. Ancaq hava limanında şirkətin və səfirliyin nümayəndəsi qarşımı kəsdi və sənədlərimin qaydasında olmadığını dedilər".
Jurnalist bildirir ki, bunu ona söyləyən şəxslər heç onun sənədlərinə də baxmayıblar:
"Təxminən 30 dəqiqə mübahisədən sonra dedi ki, səfirliyə zəng edirəm, onlarla danışacam. Onlar nə qərar versələr, o olacaq. Danışandan sonra dedi ki, gedə bilərəm. Mən də biletimi aldım, yükümü verdim, ancaq təyyarəyə minəndə məlum oldu ki, biletim ləğv edilib. Sonra gətirib yükümü də verdilər. Məni heç bir qanuni əsası olmadan Gürcüstana buraxmadılar".
Əfqan Muxtarlı deyir ki, onların bu etdiyi heç bir hüquqa söykənmir. Gətirdikləri bəhanə isə ümumiyyətlə, gülməlidir:
"Mən hava limanından çıxandan sonra məlum oldu ki, Gürcüstan hökuməti koronavirusla bağlı ayın 7-də hansısa qərar qəbul edib. Bu gün həmin qərar elan olunub və guya qüvvəyə minib. Haılbuki istənilən qanunun və qərarın geriyə qüvvəsi yoxdur. Çünki mən bilet aldığım müddətdə bütün prosedur qaydalarını keçmişəm. Üstəlik, bilet almışam, ona kifayət qədər pul da ödəmişəm. Bir istiqamətə 360 avro. Hələ prokurorluqdan dəvətim var, qeydiyyatım var, koronavirus testi vermişəm və s. Bir sözlə, mənim Gürcüstana buraxılmamağımla bağlı verilən qərar heç bir hüquqa söykənmir. Mənə nə Gürcüstan hökuməti, nə də Gürcüstan Hava Yollarının işçiləri yazılı sifariş əsasında sənəd təqdim etdilər".
Jurnalist bunun siyasi qərar olduğunu deyir. Əlavə edir ki, nə Gürcüstan hökuməti, nə də Azərbaycan hakimiyyəti onun Qafqaza getməsini istəyir:
"Mən isə baş vermiş cinayətin araşdırılmasını təkidlə tələb edirəm və bu işdə sonacan gedəcəm. Onu da bilirəm ki, Gürcüstanda yaxın müddət ərzində parlament seçkiləri keçiriləcək. Gürcüstan hökuməti hesab edir ki, mənim orada olmağım hakim partiyanın zərərinədir. Çünki hesab edirlər ki, mən televiziyalarda, mətbuatda çıxış edəcəyəm. Siyasətçilər var ki, uzun illərdir tanışam, onlarla görüşəcəm. Hesab ediblər ki, mən seçkiqabağı kampaniyada hər hansı bir partiyanın xeyrinə, mənafeyinə açıqlamalar verə bilərəm. Bunları gözə ala bilməyiblər. Eyni zamanda, düşünürəm ki, bu addımda Azərbaycan tərəfin də əməyi var. Azərbaycan tərəfi də mənim Gürcüstana gəlməyimi istəmir. Bilirsiniz ki, mən Azərbaycandan faktiki olaraq qovulmuşam. Həbsxanadan birbaşa Almaniyaya göndərilmişəm. Mənim Azərbaycana gəlişim qadağan olunub. Görünür iki hökumət birlikdə qərar qəbul edib ki, mənim ümumiyyətlə, Qafqaza ayağım dəyməsin".
Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edirdi. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülmüşdü.
Həmin ittihamlarla, o, 6 il azadlıqdan məhrum edilmişdi.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.
2020-ci il martın 17-də jurnalist gözlənilmədən həbsdən azad edilmiş və dərhal Almaniyaya göndərilmişdi. Ona Azərbaycanda doğmaları ilə vidalaşmağa belə imkan verməmişdilər. Həmin vaxt açıqlamalarında Əfqan Muxtarlı bildirmişdi ki, hakimiyyət sadəcə onun qətimkan tədbirini dəyişib – həbsxananı ölkədən sürgünlə əvəzləyib.