Efirdən gələn təhqirlər (VİDEO)

Efir vaxtının önəmli bir hissəsini şou və əyləncəli verilişlərə həsr edən televiziyalarımızın efirlərində açıq-aşkar təhqirə yol verməsinin səbəbi maraq doğurur

Son günlər sosial şəbəkələrdə ölkə telekanallarında yayınlanan qalmaqalı verilişlər müzakirə olunur. Xüsusən canlı yayınlarda efirə getmiş söyüşlər, dəvət olunan qonaqların bir-birilərini təhqir etməsi tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Efir vaxtının önəmli bir hissəsini şou və əyləncəli verilişlərə həsr edən televiziyalarımızın efirlərində açıq-aşkar təhqirə yol verməsinin səbəbi maraq doğurur. Görəsən, telekanallar bunu diqqət çəkmək üçünmü, yoxsa günü-gündən artan internet mediası  ilə rəqabətdə uduzmamaq üçünmü edir? Meydan TV telekanalların bugunki vəziyyətini mütəxəssis, sadə tamaşaçılar və ictimayyət nümayəndələri ilə müzakirə edib.

Telejurnalist Qulu Məhərrəmli hesab edir ki,  Azərbaycan telekanallarının əksəriyyəti  televiziyanın funksiyasının nədən ibarət olduğunu bilmir:

“İnsanlar televiziyaya ona görə baxır ki, ordan mədəniyyət əxz eləsinlər. Dünya görüşlərini artıran informasiya eşitsinlər. Ölkədə, dünyada baş verən yeniliklərdən xəbər tutsunlar. Amma bizdə ən bəsit, arzuolunmayan, ən aşağı zövqə xidmət eləyən söyüş, mənasız qalmaqallara əl atılır. Onsuz da bu cür davranışlar küçədə, başqa ictimai yerlərdə olur və biz bunlara ikrah hissi ilə baxırıq. Əgər bu cür hallar gəlib televiziyaya çıxırsa, deməli bu televiziyanın sonudur. Buna yol verib, reytinq qazanmaq üçün istifadə etmək isə əxlaqsızlıqdır”.

Qulu Məhərrəmli bildirir ki, Tv-lərin özlərini internet mediası ilə üz-üzə qoyması yolverilən deyil. Çünkü televiziya xüsusi qaydaları olan kütləvi informasiya vasitəsidir. Telekanallarda ciddi peşəkarlıq problemi olduğunu deyən telejurnalist bu sahədə islahatların vacibliyini düşünür. O, islahatlar üçün, ilk növbədə,  azad reklam bazarının yaradılmasını təklif edir:

“Televiziyanı peşəkarlar idarə etməlidir. Televiziya menecmenti yaxşılaşmalıdır. Televiziyaları həm bazar iqdisadiyyatını, həm menecmenti yaxşı bilən insanlar idarə etməlidir. Azərbaycan televiziya məkanında prodüser inistitutu formalaşmalıdır. Prodüserlərə əlaltı kimi baxmaq olmaz”.

İnternet istifadəçisi Rəhim Xoyski hesab edir ki, telekanallar efir verilişlərini reytinq ölçən şirkətin statistikasına uyğun hazırlayırlar:

“Azərbaycanda televiziyalara baxanların niyə məhz bu cür verilislərə baxmağı intelektual səviyyənin aşağı olmağı ilə əlaqələndirə bilərik. Ona görə də sırf kanalların rəhbərliyini günahlandıra bilmirəm. Çünki kanalı saxlamaq üçün maliyyə lazımdır. Maliyyəni əldə etmək üçün də reklam lazımdır. Reklamda sırf bu cür verilişlərə verildiyinə görə onlar məcbur olub bu verilişləri göstərirlər. Deməli, səbəb elə xalqın özündədir. Xalqın da bu gündə olmağına səbəb Təhsil Nazirliyi və başqa səlahiyyətli orqanlardır”.

 ReAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı deyir ki, efirdə yayınlanan təhqir və söyüşlərin ilk baxışda siyasətlə əlaqəsi yoxdur. Amma dolayısıyla bu tip verilişlər məhz, hökumətin siyasətinin nəticəsdir. Azər Qasımlının söylədiyinə görə, son illər ölkədə alternativsiz media məkanı yaradılıb:

“Hakimiyyətin bilavasitə göstərişi ilə burdakı verilişlər və deyilən fikirlər səslənilir. Yəni sonuc etibarilə Azərbaycanda bu gün artıq rəqabətsiz bir mühit yaranıb. Bildiyiniz kimi rəqabət olmayan yerdə keyfiyyətdə olmur”.

Şəhər sakinləri arasındakı tamaşaçılar isə məsələni belə şərh edir:

“Şou proqramlar heç bir standartlara uyğun deyil. Şou proqramlardan xoşum gəlmir. Azərbaycanda şou proqram yoxdur.”

“Başqa ölkələrdə də var bu qalmaqallar, bu hər yerdə var. Amma Azərbaycanda bu ən pik nöqtədədir.”

“Niyə mən “NTV”-yə baxıram, ya Rusiyanın birinci kanalına? O kanallarda ağıllı verilişlər var. Gecə yarısına kimi biz onlara baxmaqdan əl çəkmirik. Burada ictimai, aktual mövzuları müzakirə edirlər.”

“Canlı yayında söyüş, təhqir etmək olmaz. Heç kimin təhqirlərdən xoşu gəlmir.”

“Ağızlarına gələn hər bir sözü danışırlar. Mən bilmirəm buna televiziya rəhbərləri necə icazə verir ki elə proqramlar yayınlanır.”

Milli Televizya və Radio Şurasının  sədri Nurşirəvan Məhərrəmli APA-ya bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri ilə bağlı dosye hazırlanacaq.  Və həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq.  Onun sözlərinə görə, məlum iki qalmaqallı verilişin yayınlandığı “Space” kanalının rəhbərliyi şuranın iradlarını qəbul edib.

Telekanalın əməkdaşı da mətbuata canlı yayında etik davranışları pozan aparacının işdən çıxarıldığını açıqlayıb.

Ana səhifəVideoEfirdən gələn təhqirlər (VİDEO)