Ədliyyə Nazirliyi REAL Partiyasını reyestrə daxil etmədi

Foto: Meydan tv

İlqar Məmmədov: “Bu həftə qərarımız haqda məlumat yayacağıq”

Ədliyyə Nazirliyi REAL Partiyasının üzvlərinin reyestrə daxil edilməsi ilə bağlı müraciətinə cavab verib.

Nazirliyin cavabında partiyanın 463 nəfərinin keçərli olduğu bildirilib.

Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov “Facebook” səhifəsində paylaşım edib.

İlqar Məmmədov yazır ki, onlara verilən cavabda Ədliyyə Nazirliyinin əlaqə saxladığı 986 nəfərin REAL Partiyasının üzv olmadığı qeyd olunub:

“Nazirlik 1058 nəfərin telefon nömrəsi kimi ofisin nömrəsini göstərdiyimizdən bunu məqbul saymayıb. 2527 nəfər barədə məlumatlar, yəni adı, soyadı, doğum tarixi Əhalinin Dövlət Reyestrində tapılmayıb. 68 nəfərin adı təkrar yazılıb, 16 nəfər isə ölüb. Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” olub”.

İlqar Məmmədov
Foto: Meydan TV

Partiya sədri qanuna əsaslanaraq vurğulayıb ki, növbəti 30 gündə ya 4500 nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər üzv toplamalı, yaxud partiyanı buraxmalıdırlar:
“Bu həftə qərarımız haqda məlumat yayacağıq”.

2009-cu ildə hərəkat kimi təsis olunan REAL 2018-ci ildən etibarən partiya kimi fəaliyyət göstərir. Partiya 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

Ana səhifəSiyasətƏdliyyə Nazirliyi REAL Partiyasını reyestrə daxil etmədi