Mayın 15-də Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirilib. Etirazçılar keçmiş “Sevil” Massivinin payçılarıdır. Onlar deyir ki, dövlət qurumları 7 ildir süründürməçiliklə məşğuldurlar. Kimisi torpağına, kimisi də tikdiyi evinə girə bilmir:
“Prezidentimiz eşidirsə, nümayəndəsi var, gəlsin məni götürsün, yaşadığım yerə baxıb vəziyyətimlə tanış olub, mənə cavab versin. Özümüz şəhid ailəsiyik. Mən uşağımın ya torpağını, ya pulunu tələb edirəm”.
“60 yaşındayam, kirayədə qalıram. 30 yaşında oğlum var. Mən o torpaqları alanda oğlumun 23 yaşı vardı. Dedim ki, evləndirərəm, öz istəyimə çataram. İndi mən bir otaqda 23 yaşında oğlumla yatıb durmağa utanıram, xəcalət çəkirəm. Mənim arzum ürəyimdə qaldı”.
“Sevil” massivi müştərilərinin xəyallarını gerçəkləşdirə bilmədi. 2011-ci ildən faizsiz torpaq satan tikinti şirkətinin təsisçisi Aynur Zeynalov və direktoru Elçin İsmayılov 2014-cü ildə həbs olundu. İstintaq orqanı onları qanunsuz sahibkarlıqda, vergi ödəməkdən yayınmaqda və rüşvət almaqda ittiham edib. Məhkəmə prosesi isə illərdir getsə də, payçılara nə torpaq verilir, nə də dəymiş ziyan ödənilir.
“Məhkəmə 5 ildir uzanır. Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin verdiyi qərarla heç birimiz razılaşmırıq. Orada insanların qəbzlər vasitəsilə aldığı torpaqların məbləği hesablanıb. Amma öz hesabımıza tikdiyimiz evlər hesablanmayıb. Bu, nə dərəcədə doğrudur? Yəni mən əgər 7 min verib qəbz almışam, Əfqan Hacıyev onu hesablayıb mənə ödəmək istəyir. Amma mənim 23 min manatım ortada batır”.
Etirazçılar pul yox, torpaqlarını, evlərini istəyirlər. Həmçinin onlar deyir ki, bəzi payçılara dəymiş ziyan ödənilib.
“Onlardan 5 nəfərin ziyanı ödənilibsə, bizim günahımız nədir? Biz Azərbaycan vətəndaşı deyilik? Möhtərəm prezidentimiz dəfələrlə deyib ki, milləti incitməyin”.
“Sevil” massivinin payçılarına indi apelyasiya məhkəməsinin verəcəyi qərarı gözləmək qalır.