Qubad İbadoğlu: “Bəllidir ki, qərar siyasidir”
Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasını dövlət qeydiyyatına almaqdan imtina edib.
Bu barədə fevralın 28-də partiyanın sədri, iqtisadçı Qubad İbadoğlu məlumat yayıb.
Bildirib ki, səbəb kimi təqdim etdikləri sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzasının olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətlərinin nəzərdə tutulmaması göstərilib:
“Nazirliyin iddiası əsassızdır. Lazım olan məlumatlar qeydiyyat üçün verilmiş sənədlərdə var idi. İmtina ilə nazirlik bizə qanuni fəaliyyət üçün şərait yaratmaq istəmədiyini nümayiş etdirir”.

İbadoğlu bildirib ki, Ədliyyə Nazirliyinin cavab məktubundakı “texniki iradları” sadəcə siyasi qərarı əsaslandırmaq üçündür. Onlar ADR Partiyasının nizamnaməsini hazırlayarkən son zamanlar Ədliyyə Nazirliyində qeydiyyata alınmış siyasi partiyaların nizamnamələrini və “Siyasi Partiyalar Haqqında” Azərbaycan Respubikası Qanununun 6-cı, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.4.1-ci maddələrinin tələblərini nəzərə alıblar:
“Bəllidir ki, qərar siyasidir. ADR Partiyasının müstəqil fəaliyyəti, bəyanatlarını, mövqe sənədlərini təşkilat üzvlərinin iradəsi əsasında müəyyənləşdirməsi, cəmiyyətdə artan nüfuzu, apardığı ardıcıl konseptual və siyasi mübarizəsi hakimiyyəti, əsas da Prezident İlham Əliyevi qane etmir“.
Qubad İbadoğlunun açıqlaması ilə bağlı Ədliyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Ancaq Azərbaycan rəsmiləri daim açıqlamalarında ölkədə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün şəraitin və imkanların olduğunu bildirirlər.
ADR-in təsis qurultayı 2021-ci ilin oktyabrında keçirilib. 2021-ci il noyabrın 11-də onun qeydiyyat sənədləri Ədliyyə Nazirliyinə təqdim edilib.

ADR 2014-cü ildə hərəkat kimi yaradılmışdı. Yardıcları Müsavat Partiyasından ayrılanlar idi.
Partiyanın sədri iqtisadçı Qubad İbadoğludur.