Ədəbiyyat xırdalıqları

İyrənclikdir, ağrılardır, həyatın altıdır…

Source:

Aqşin Yenisey və Qismət Rüstəmov öz üslub və şeir ahənginə görə fərqlənirlər müasir poeziyada. Çünki, hər ikisi post-yadlaşma dövrünün şairidir.

Ramiz Rövşən isə yadlaşma dövrünün şairidir. O, artıq köhnəlməyə doğru gedir.

Heç kəs ədəbiyyatı tutub qalmır ki.

***

Beckettə göndəri…

Məşhur bir sözü var Beckettin : “We are all born mad. Some remain so”

Yəni, “Biz əsəbi doğuluruq. Bəziləri olduğu kimi qalır”

(Qodonu gözləyərkən – Estragonun dilindən)

Məsələ odur ki, biz əsəbi (mad) yox, üzgün doğuluruq. Hətta, həyata Samuelsayağı, absurdist baxış nəzəriyyəsində də əsəbilik yox dekadentlik, ümidsizlik, pessimizm var. Bəlkə də Beckett belə doğulub, amma bu o qədər önəmli deyil. Onun bu məqamda yanlış olduğunu deməzdim.

Amma intertekstual stolun arxasından çıxış edib, ekzistensializmin mənə verdiyi qətiyyətlə demək istəyirəm ki :

“Biz hamımız “üzgün” doğuluruq. Bəziləri olduğu kimi qalır”

***

Yazıçılar sperma kimidir. Yumurtalığa çatana kimi çox azı ayaq üstə qala bilir. Və ədəbiyyat doğulur. Ədəbiyyatın xəstə, yoxsa sağlam doğulması isə təsadüf məsələsidir.

***

Bukowskinin quşu.

Söhbət Charles Bukowskinin 1992-ci ildə çapdan çıxmış “The last night of the earth poems” kitabında yer alan “Bluebird”-“Mavi Quş” şeirindən gedir. Şeirin təhlilinə aid bir çox fərziyyələr mövcuddur. Lakin şeirdə bəzi məqamlar var ki, sadəcə yazıçı ruhundan xəbər verir. Yəni, şişirdiləsi elə bir məqam yoxdur və mən Bukowskiyə Füzuliyə yanaşdığım kimi sadə, minimalist yanaşacağam.

1.Yəqin arzun odur, çıxıb gedəsən? Bütün işlərimi viran edəsən?

2.Avropa dəm vurur kitablarımdan, uçub ol namımı yeksan edəsən?

3.İcazə vermişəm, gündə bir vədə- gecələr mavi quş səyahət edə.

Bu şeir barədə bir neçə tənqidi, araşdırma məqaləsi oxumuşam. Yazılarda fikirlər müxtəlifdir. Lakin məncə Bukowski bu misralarda  öz istedadından söhbət açır. Dediyim kimi, kifayət qədər minimalist və sinik yanaşaq məsələyə. Uzun-uzun danışmağa nə hacət.

***

Füzulinin araşdırma mövzusu olan şeirlərindən biri məni düşündürüb hər zaman. Bu qəzəlin sonu “Vətənimdir, vətənimdir, vətənimdir, vətənimdir” cümləsi ilə bitir. Hər tənqidçi, füzulişünas məsələyə bir aspektdən baxır. Bəzilərinə görə “vətənimdir” sözünün hər biri ayrıca bir mənanı ifadə edir. Lakin, bu sadəcə və sadəcə qəzəlin son misrasının qüvvətli deyilməsi üçün yazıla bilməzmi ? Vacibdirmi Füzuli, Nəsimi hər cümləsində dərin mənalı fikir söyləsin ? Həm də hər şeirdə sətiraltı mənalar şəklində olur bu nə təsadüfdürsə.

***

Ədəbiyyat – füsunkar dağlardan, sərin yaylaqlardan, göz qamaşdıran şəlalərdən süzülüb gələn gözəlliklərin söz sənəti deyil.

Ədəbiyyat – iyrənclikdir, ağrılardır, həyatın altıdır, çətinlikdir.

Romana aid bir neçə cümlə.

Roman insan cismidir. Yazıçının yazılma prosesi, cisim yaratma prosesinə bənzəyir. Məsələn, romanın ən əvvəl və vacib skeleti hazır olur. Daha sonra vacib orqanlar olan ürək, beyin, ağ ciyər, böyrək və s. Hətta yazıçı utanmasa, cinsi orqanı belə olmalıdır. Daha sonra əzələ sistemi, sonra da dəri. Lakin ən vacib iş bu romana paltar seçməkdir. Yazını dünyaya tanıdan, onu bəşəriyyətin anlamasına, görməsinə səbəb elementlərdən biri də romanın paltarıdır. Düzgün və uyğun paltar seçimi hər şeyi həll edə bilər.

Azərbaycan ədəbiyyatında önəmli yer tutan bir çox  romanları bu meyarlar üzərindən sümüksüz, yerində oturub qalan, nimdaş paltarlar geymiş bir qocaya bənzətmək olar.

***

Azərbaycan çərçivədir, dünya daha böyük çərçivədir. İşimizi bəşəri meyarlara görə qursaq, ulduzlara çatmağa çalışsaq, buna görə yaratsaq, daha effektiv olmazmı ?

***

Mətn resepti heç bir yerdə yazılmamış yeməkdir. Amma bu yeməyin içində kənd pendirinin ümumiyyətlə yeri yoxdur. Öncəkilərə baxıb özün hazırlamalısan. Var bütün dünyada qəbul olunanlar, var məhəlli xarakterli olanlar. Bəşəri qəliblərə görə hazırlamaq daha çətin və daha effektiv olur adətən…

Ana səhifəMənim FikrimcəƏdəbiyyat xırdalıqları